Əməkdar artist Elçin Allahverdiyev: "Toylarda bizim rəqsləri eybəcər hala salırlar" - Müsahibə

Elçin Allahverdiyev

Elçin Allahverdiyev

24 oktyabr 2025
# 10:38

Kulis.az Əməkdar artist, xoreoqraf Elçin Allahverdiyevin APA-ya müsahibəsini təqdim edir.

- Elçin müəllim, sizi çətinliklə tapa bildim.

- (Gülür) əsas odur, tapmısan.

- Sosial şəbəkədə toydakı rəqsinizi gördüm, çox maraqlı gəldi mənə.

- Az-az toylarda rəqs edirəm, onu da sağ olsunlar, çəkib paylaşırlar.

- Niyə rəqqas olmağa qərar verdiniz?

- Rəqqas olmağımın təməli ailəmdən gəlir. Anam danışırdı ki, mən hələ körpə olanda ritm eşidəndə dərhal reaksiya verirmişəm, əllərimlə ritm tuturmuşam. Elə buna görə də, 6 yaşım olanda ailəm məni rəqs dərnəyinə yazdırıb.

- Rəqs məktəbi harada idi?

- Mən Səbail rayonunda doğulub, böyümüşəm. Rəqs dərslərini də elə oradakı mədəniyyət evindəki özfəaliyyət dərnəyində keçirdilər. Müstəqillikdən sonra həmin mədəniyyət evinin adı Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Evi kimi dəyişdirildi.

- Sovet vaxtı kimin adına idi?

- Yuri Qaqarin adına idi.

- Müəlliminiz kim olub?

- Xalq artisti Böyükağa Məmmədov.

- Ailədə sizdən başqa incəsənətlə məşğul olan olub?

- Böyük qardaşım nağara ifaçısıdır, babam da qoşanağara çalırdı. Qardaşım hazırda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında nağara ifaçısı kimi fəaliyyət göstərir.

İlk dəfə ora gedəndə, açığı, qorxdum

- Adı nədir?

- Ağaməmməd Allahverdiyev, biz onunla eyni rəqs ansamblında çalışmışıq. Onu 12 yaşında ansambla seçmişdilər, sonra isə qardaşım məni 8 yaşımda öz ansamblına apardı. İlk dəfə ora gedəndə, açığı, qorxdum. Qardaşıma dedim ki, mən burada bacarmaram, burda hamı çox yaxşı oynayır. O isə dedi ki, yox, qalacaqsan. Elə o vaxtdan 18 yaşımadək qaldım. Daha sonra məni peşəkar işçi kimi ansamblın daimi heyətinə qəbul etdilər. Rəqs ansamblında peşəkar fəaliyyətə başladığım il uşaq vaxtı oxuduğum Yuri Qaqarin adına Mədəniyyət Evindən mənə təklif gəldi. Dedilər ki, gəl burada müəllim kimi işlə. Mən orada ilk rəqs müəllimim Böyükağa müəllimlə çiyin-çiyinə 15 il dərs dedim. İlk tələbələrimdən 12 nəfər Bakı Xoreoqrafiya Akademiyasına daxil oldu.

Rəqs bizim mədəniyyətimizin, tariximizin bir parçasıdır

- Sizdə olan həvəslə indiki tələbələrin həvəsi arasında fərq var?

- O vaxtlar rəqsə can atan gənclər daha çox idi – o dövrdə bu sənətə böyük sevgi vardı. İndi də maraqlananlar var, amma biz gərək rəqsi elə sevdirək ki, o sevgi itməsin. İndi bəziləri rəqsə sadəcə hobbi kimi baxır, amma o vaxt belə deyildi, hamı çalışırdı ki, daha yaxşı rəqs etsin. Rəqs sadəcə toyda oynamaq deyil. Rəqs gözəllik, incəlik, zəriflik deməkdir. Hər bir xalqın özünəməxsus rəqsləri və rəqs elementləri var. Bu elementlər keçmişdə insanların gündəlik həyatından, davranışlarından, duyğularından yaranıb. Rəqs bizim mədəniyyətimizin, tariximizin bir parçasıdır.

- Qılınc, qalxan, nəlbəki və s. kimi elementlər rəqslərə necə daxil olub?

- Siz sadaladığınız əşyaların hamısı məişət rəqslərinə aiddir. Rəqs tək ola bilər, kütləvi ola bilər, folklor ola bilər, həmçinin məişət rəqsi də ola bilər. Bu rəqslərin xüsusiyyəti odur ki, əgər biz cəngavərlərdən bəhs edən bir rəqs qururuqsa, mütləq səhnəyə qılınc və qalxanla çıxmalıyıq. Bu vasitə ilə göstəririk ki, igidlər belə döyüşür və belə geyinir. Əgər biz milli bayramımız olan Novruzdan bəhs edən rəqs hazırlayırıqsa, orada xonça olmalıdır və həmin rəqsdə xonçanı qonağa necə təqdim ediriksə, onu səhnədə göstəririk. Nəlbəki rəqsində isə mütləq xanımların əlində nəlbəki və oymaq olmalıdır. Nağaralarla müşayiət olunan rəqslər kişi rəqsləridir: burada həm əllərindəki nağaradan istifadə olunur, həm də rəqs icra edilir. Çobanlar rəqsində isə səhnədə çoban geyimli rəqqas olmalıdır. Bütün bunlar məişət rəqsləridir və gündəlik həyatımızdan gələrək rəqslərimizə daxil olub.

Qobustan qayalıqlarındakı təsvirlər sevinc, minnətdarlıq və ya dua rəqsi ola bilər

- Bizim rəqsin kökü haradan gəlir?

- Rəqsimizin qaynağı Qobustan qayalarına gedib çıxır. O qayaların üzərindəki rəsmlərdən görürük ki, orada yallı elementləri mövcuddur. Bu rəqslər onların sevinc, minnətdarlıq və ya dua rəqsi ola bilər. Çünki həmin dövrə baxanda onların odun ətrafında əl-ələ verərək bərabər şəkildə rəqs etdiklərini görürük. Daha sonra saraylarda rəqslər yaranıb. Ən yaxın tarixdə isə rəqsimizin banisi Əlibaba Abdullayev olub. 19-cu əsrdən etibarən o, el toylarında gözəl rəqs edirmiş və hətta yaxşı səsi də var imiş. İlk dəfə “Qarabağ şikəstəsi”ni barmaqları üstündə dəf ilə ifa edən də Əlibaba Abdullayev olub. El toylarında müşahidə etdiyi maraqlı rəqs hərəkətlərini məşq edib daha peşəkar formaya salıb. Əlibaba Abdullayev yaxın 3–5 dostu ilə bayramlarda və el şənliklərində kiçik rəqslər hazırlayıb ifa edirmiş. 1936-cı ildə Üzeyir Hacıbəyliyə deyirlər ki, bir nəfər var, dostları ilə bir yerdə yaxşı rəqs edirlər, deyib, onlar da, rəqslərə marağı olan digər adamlar da gəlsinlər. Sonra onların arasından ən yaxşıları seçək, Əlibabanı isə onların üzərində müəllim təyin edək. Gələnlərin içindən 12 nəfər seçilir və daha sonra qrupa “Mahnı-Rəqs Ansamblı” adı verilir, çünki həm xor, həm də rəqs var. Əlibaba Abdullayevin səhnələşdirilmiş ilk rəqsləri isə 1938-ci ildə yaranıb.

- Bu qədər çətinliklə yaranan rəqsimizə bu gün sahib çıxa bilirik?

- Çalışırıq ki, rəqslərimizi qoruyub saxlayaq. İndi toylarda bəzən çıxıb, bizim rəqsləri eybəcər hala salırlar. Biz isə rəqslərimizi elə göstərə bilmərik, hətta el toyunda oynasaq belə, onların mənasını və gözəlliyini itirməməliyik.

Təəssüf ki, indi bəzi rəqs müəllimlərinin rəqsdən xəbəri yoxdur

- Yəqin ki, bəzi xanımların toylarda kişi kimi rəqs etməklərini də görmüsünüz?

- Bəli, mən bunu qınayıram. Hətta dərslərdə belə, müəllim rəqsi quranda elə etməlidir ki, xanımın ayağı çox yuxarı qalxmasın. Mənim üçün ayıb olar ki, hansısa xanım tələbəm gedib oğlan kimi oynasın. Təəssüf ki, indi bəzi rəqs müəllimlərinin rəqsdən xəbəri yoxdur. Maddiyat arxasınca qaçırlar, maddiyat hamıya lazımdır, amma gəlib məsləhətləşmək və öyrənmək lazımdır.

- Rəqqas maddiyatı fikirləşməməlidir?

- Mən öz adım üçün çalışdım. İstədim ki, beş müəllimdən biri olum. Maddiyat məsələsinə gəldikdə isə əlbəttə, hər kəsin ehtiyacı var, amma sənətə sevgi varsa, onda maddiyat artıq önəmli rol oynamır.

- Ad sizə nə verdi?

- Ad mənə yaxşı tələbələr verdi. Hazırda fəaliyyət göstərdiyim “Səma” rəqs ansamblında da mənim tələbəm mənimlə bərabər dərs deyir. Mən bu sənətlə yaşayıram və xalq üçün işləyirəm.

Mən dəfələrlə bu barədə təklif vermişəm, amma təəssüf ki, yerinə yetirən olmayıb

- Rəqs sahəsində nələri düzəltmək lazımdır ki, gənclərin marağı bu sənətə daha da çoxalsın?

- Televiziya kanallarında bizə imkan yaradılmalıdır, verilişlər təşkil olunmalıdır. Mən dəfələrlə bu barədə təklif vermişəm, amma təəssüf ki, yerinə yetirən olmayıb. Dərnəklərdə peşəkar müəllimlər çalışmalıdır, valideynlər isə övladlarını peşəkarların yanına göndərməlidir. İndiki uşaqlar gedib bir-iki hərəkət öyrənirlər, sonra toyda ataları ilə oynayırlar – bu rəqs deyil və sənətini belə göstərə bilməzsən. Rəqs böyük anlayışdır, orada müxtəlif sənət növləri birləşir. Xalçanın üstündəki şəkli biz rəqsdə nümayiş etdiririk, rəssam əli ilə çəkirsə, mən ayağımla yerdə göstərirəm. Bütün incəsənət rəqsin içində birləşib, amma bəziləri elə bilir ki, rəqs sadəcə toyda oynamaqdır. Toyda oynamaq üçün müəllim lazım deyil. Biz toyxana müəllimi deyilik, biz sənət müəllimiyik.

Bu gün gənc müəllimlər mədəniyyət evlərində işləmirlər, çünki maaşlar azdır

- Mədəniyyət evlərində sanki özfəaliyyət dərnəkləri artıq əvvəlki kimi işləmir. Sizcə bunun rəqsə marağın azalmasına təsiri var?

- İndiki vaxtda mədəniyyət evlərində rəqs müəllimi işləmək üçün diplom tələb olunur. O vaxt isə belə deyildi, mənim heç bir diplomum yox idi, özfəaliyyətdə başlamışam və davam etmişəm. Bu gün gənc müəllimlər mədəniyyət evlərində işləmirlər, çünki maaşlar azdır. Əlbəttə, bu da təsir edir. Ona görə də bəziləri kənarda kurslar açır, toyxana üçün rəqqaslar yetişdirirlər. Nəticədə bəzi dərnəklərdə peşəkar müəllimlər çatışmır.

Mütləq birinci cərgədə oynamalıyam deyə bir qayda yoxdur

- Rəqsdə qabaq cərgə ilə arxa cərgənin önəmi var?

- Bəli, belə bir anlayış var ki, birinci sıra ən yaxşılar üçün nəzərdə tutulur. İkinci və üçüncü sıralarda isə daha zəif ifaçılar yerləşdirilir ki, qabaq cərgəyə baxa-baxa öyrənsinlər. Amma peşəkar ansamblda artıq birinci və ikinci sıranın fərqi yoxdur, orada boy sırası rol oynayır. Mütləq birinci cərgədə oynamalıyam deyə bir qayda yoxdur.

- Müəllim kimi 5 müəllimdən biri olmağı bacardınız, bəs rəqqas kimi necə, 5 rəqqasdan biri ola bildiniz?

- Bəli, rəqqas olaraq həmişə öz üzərimdə işləmişəm. Özümə məqsəd qoymuşam ki, hər zaman qabaq cərgələrdə olum, arxa cərgələrə düşməyim.

# 373 dəfə oxunub

Oxşar xəbərlər

Tomrisin bu etirafı müzakirələrə səbəb olacaq - O, Hissə nə təklif etdi?

Tomrisin bu etirafı müzakirələrə səbəb olacaq - O, Hissə nə təklif etdi?

14:49 24 oktyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

14:10 24 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

13:35 24 oktyabr 2025
Azərbaycan uşaq ədəbiyyatı İranda

Azərbaycan uşaq ədəbiyyatı İranda

12:48 24 oktyabr 2025
Tanınmış yazıçının oğlu vəfat etdi

Tanınmış yazıçının oğlu vəfat etdi

12:16 24 oktyabr 2025
Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

12:00 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər