Danışan ulduzlar - Faiq Xudanlı

Danışan ulduzlar - Faiq Xudanlı
8 aprel 2025
# 12:00

Kulis.az Faiq Xudanlının "Danışan ulduzlar" yazısını təqdim edir.

Yuxudan oyanıb gecənin qaranlığında harada olduğumu xatırlamadan ətrafa baxıram. Gecənin sükutundan nəfəsimin səsini eşidirəm. Bir anlıq üşəndim.

Hardayam? Burada nə edirəm? Öz-özümə; toxta bir görək, indi hər şey məlum olar.

Elə bil üstümə ağırlıq çöküb, şüurum yerindədi, bədənim yoxdu, gözlərim var, heç nə görmürəm. Əllərim, ayaqlarım olmalıdı, hardadı deyə fikrə getdim. Yavaş-yavaş əllərimi hiss etməyə başladım, əllərimi üzümə yaxınlaşdırıram, üzümə sığal çəkirəm, ayaqlarımı yoxlayıram. Deyəsən, hər şey qaydasındadır. Qaranlığın içindən əl-qolumu paralel qarşıya uzadaraq ayağa dururam.

Kiməm? Bura haradır? Hayandayam? Bir anlıq yuxuda olduğumu, yuxu gördüyümü düşünürdüm ki, dizim nəyəsə bərk dəydi. Sizdə elə olub?.. Olubsa, xatırlayın... bax, məndə də elə oldu, elə bil ayağımdan ildırım vurdu, beynimdən çıxdı. Belə baxanda, yaxşı ki, belə oldu, hər halda, fikrim dəqiqləşdi, yuxuda olmadığımı tam dərk etdim. Hiss etdim ki, qarşımda qapı var, əlimi uzadaraq qapının tutacağını tapdım. Qapını açıb azadlığa çıxdım sanki.

Açıq havada dərindən nəfəs aldım, ruhum özümə qayıdırdı. Səliqəli həyət evində idim, yanımdakı stulu görüb, əyləşdim, sızıldayan dizimi ovuşduraq bura necə düşdüyümü yadıma salmağa cəhd edirəm. Aha... yazın təravətli mehini dərin nəfəslə içimə çəkirəm. Başımı qaldırıb yuxarı baxanda ilahi cazibə məni özünə çəkir. Göy üzü tünd göy rəngə elə bürünüb ki, ulduzlar daha parlaq görsənsin. Qaranlıq və parlaqlığın vəhdəti içimdə yüngüllük yaradır. Bu vəhdət duyğularının burulğanına təslim oluram. Dağların yalnız silueti nəzərə çarpır. Deməli dağlıq bir yerdəyəm. Dağların arasında təmiz, həzin biz yaz gecəsində ulduzlara baxdım, baxdıqca niyəsə ulduzların uzaqlıq məsafəsini öyrənmək, ölçmək arzusu ilə gözlərimi yumdum.

Deyilənə görə, gördüyümüz ulduzlar sönmüş ulduzlardı, işığı bizə indi çatır. Həqiqətdir ya yox, bilmirəm. Oxuduqlarımdan, öyrəndiklərimdən deyə bilərəm ki, ulduzlara olan məsafəni ölçmək üçün işıq sürətindən istifadə olunur. Mən isə ulduzların bizə real uzaqlıqdan və ya deyilən uzaqlıqdan daha yaxın olduğu fikrindəyəm. Amma elm başqa söz deyir; deyirlər bu elə uzaq məsafədir ki, bu məsafəni ölçmək üçün kilometr işə yaramır, işıq ili deyilən məsafə vahidindən istifadə olunur. Bu isə bir saniyədə 300 000 km deməkdir. Öz-özümə - ola bilməz, bu qədər yaxın olan ulduzlara çatmaq üçün bu qədər uzaq məsafə ola bilməz. Güya ən yaxın, hələ ad da qoyulub - Proksima Sentauri ulduzuna getmək üçün 37 trilyon kilometr yol qət etmək lazımdır. Bu, hətta mümkün olsa belə, min illərlə yol getmək deməkdir. Qəbul edə bilmirəm. İnanmıram, əsla inanmaram.

Bilirsiniz, bu ulduzları çox yaxşı tanıyıram, hələ uşaqlıqdan, ən çətin anlarımda mənimlə olublar, yol göstəriblər, gözlərimi yumuram və çatıram bu qədər sadə. Onlara ad da vermişəm Ayçiçəyi – həmişə gülümsəyir, Üçqardaş – ya üçü də görsənir, ya da heç biri, Qəzəb böcəyi – qəzəbli baxışları var, qorxuzur, Alaboz – yanıb sönür, sönəndə boza çevrilir, Dan ulduzu – hər kəsin tanıdığı, Gün ulduzu – Günəş çıxmadan batır, Əsməcə - əsir eləbil, Sayrışan - daim müxtəlif rənglərdə sayrışır, Utancaq – hərdən görsənir, amma görsənəndə parlaq olur və sair.

Onda çox balaca idim, anam möhkəm danlamışdı, öz yanlızlığımı yaşayır, heç kimlə danışmaq istəmirdim. Niyə danlandığımı anlamaq üçün səhərə kimi evin damında ulduzlarla dərdləşmişdim. Hardasa 3-cü sinifdə oxuyanda, bilmirəm niyə, amma hər halda, elə qəbul edirdim ki, məni sevmirlər, bəyənmirlər. Çalışırdım hamının xoşuna gəlim. Səliqəli olmaq, evin qayğısına qalmaq, dərslərimi yaxşı oxumaq üçün əlimdən gələn qədər çalışırdım. Bircə onu deyim biləsiniz, dərslərimi oxuyanda hamını bezdirirdim, açığı. Bircə anam işdən gələndən sonra səbrlə kitab oxuyardı mənim üçün. Çünki yadımda qalmırdı, gərək kimsə oxusun, mən də qulaq asım. Kitab oxuyanda bərk oxuyardım. Nəyinsə yaxşı olması üçün çalışanda, düzəltmək əvəzinə qırardım, uşaqlarla oynayanda onları əzərdim. Bir sözlə bərbad və yöndəmsiz idim. Deyəsən, fiziki gücümü idarə etməkdə çətinlik çəkirdim. Beləcə hər uğursuzluğumda təkliyə çəkilər, beləcə çox vaxt tək oynayardım.

Qardaşım məndən bir xeyli böyük idi. Onunla oynamaq arzusunda olsam da, o, məni yaxına buraxmaz, dostları ilə oynayardı. Səliqəsiz olsa da dərslərini rahatlıqla yaxşı oxuyar, şeirləri tez əzbərləyər, riyazi məsələləri asanlıqla həll edər və sair qeyri adi istedadı ilə seçilirdi. Hər yerdə hamı onu çox sevər, başını oxşayardı. Həmişə ona oxşamaq niyyətim məndə alınmırdı ki, alınmırdı. Zamanla qəbullandım. Bu qədər detallı yazmaqda məqsədim, ulduzlarla ilk necə tanış olduğum günü xatırlamaqdır.

Bir gün məktəbdə qardaşımın dostları ilə dalaşdığının və digər yaramazlıqların şahidi oldum. Evə gələn kimi sevincək atama olanları dedim. Qardaşım evə gələndə atam onu elə döydü ki, heç kim əlindən ala bilmədi. Atam qardaşımı danladıqca, vurduqca sanki bütün zərbələr mənə dəyirdi. Hönkürtü ilə ağlayıb atamın ayaqlarından tutub yalvardım, anam isə mənə elə pis baxırdı, bu baxışların içində qollarım boşaldı, atamı buraxıb sakitcə otağama girdim. Gecə yatana yaxın anam gəlib dedi:


– Etdiyini bəyəndin?

Cavab vermədən susdum.

– Əgər hər gördüyünü, bildiyini, eşitdiyini, danışsan... – uzun bir sükutdan sonra, – Kişi olmaq asan deyil. – dedi.

Gecə gizlənib heç kimin gözünə görsənmədim, sonra gecəyarı arxa həyətdən evin üstünə çıxdım. Şiferin üstündə oturanda havanın ilıq sərinliyini, şiferin ilıq istiliyi əvəz etdi. Sakitcə ağlayırdım. Sonra uzandım. İndi gördüyüm ulduzlarla onda tanış olmuşdum. Mənə elə yaxın idilər ki, əlimlə onları saymağa başladım, ancaq sayıb bitirə bilmədim. Onlarla danışdım, elə bil mənə cavab verirdilər. Dedim:

– Gələ bilərəm sizin yanınıza?

Dedilər:

– Yox, əsla, biz burda güclə dayanmışıq.

– Gəlsəm, nə olar ki, aşağı düşərsiniz?

– Yox, gələ bilməzsən, gəlsən, yox olarsan, özünü görə bilməzsən, itirərsən özünü.

– Mən elə yox olmaq, itmək istəyirəm.

– Niyə? – deyə soruşdular.

– Çünki mən heç nə bacarmıram, məni heç kim sevmir. Günahkar da özüməm. Varlığım nəyi dəyişir ki?! Qoy elə itim.

– Bizi dəyişir. Sənin kimi uşaqlar olmasa biz dəyişirik, heç görsənmək istəmərik.

– Necə yəni?

– Yaxşı, gözlərini yum, bax, onda bura gələ bilərsən. Şərtimiz var amma, biz demədən etmə, heç vaxt belə eləmə.

– Yaxşı. – gözlərimi yumuram, ancaq heçnə görmürəm.

– Görürsən?

– Yox, görmürəm.

– Sakit ol, gözlərini açmadan bir də bax.

Gözlərimi açmadım, sakit nəfəs alır, havanın ilıq sərinliyi ruhuma dolurdu, hətta səsini belə eşidirdim. Kiçik işıqlar görməyə başladım.

– Kiçik işıqlar görürəm, – deyə səsləndim.

– Bax, o kiçik işıqlardan biri sənin yaşadığın yerdir.

– Ola bilməz, bəs evimiz, insanlar hanı?

– Onlar artıq görünmür, indi heç kimi tapa bilməzsən. Sakit ol... ürəyinin dilədiyi yerə gedə bilərsən.

İçimdə rahatlıq duyğusu, güvən vardı. İlk tanış olduğum ulduzlarıma sonsuz güvənir, etibar edirdim. Ulduzlar arasında beləcə xeyli gəzişdim. İşıqlardan birinə doğru getməyə başlayırdım ki, qəfil gözlərim möhkəm qamaşdı. Gözümü açdım, Günəşin şüaları hansı tərəfə çönsəm də gözümü oyurdu. Tez aşağı düşdüm, evə getdim. Atam evin qarşısında samovar çayı dəmləyirdi. Həmin gün nənəm, babam və biz hamımız birlikdə səhər yeməyi yedik. Sonra babam məni həyətdə işləməyə çağırdı. Elə xoşbəxt idim, elə bil ulduzlarım burada da mənə güvən verir. Həmin gün babam mənə ağacları budamağı, yer belləməyi öyrətdi. Bağı mənə tapşıraraq dedi: “buranı möhkəm qoru, nə olsa səndən soruşacam” – dedi. Sabahı gün məktəbdə müəllim kosmosa gedən ilk insan – Yuri Qaqarin haqqında danışdı. Yuri Qaqarini görmək, danışmaq, onunla tanış olmaq istəyirdim deyə müəllimdən soruşdum:

– Müəllim indi o sağdır, onu necə görə bilərik?

Müəllimin onun kosmosa uçduğunu və geri qayıtmadığını deyəndə, ulduzların etdiyi xəbərdarlıq yadıma düşdü. Yəqin ulduzların sözünə baxmayıb.

– Yəni ulduzlar olan yerə?

– Hə, ulduzlar olan yerə.

Olsun qayıtmaq istəməyib, ya da ulduzlar öz yanlarında saxlayıb. Evə çatana kimi yolda ağlayaraq Yuri Qaqarin barədə düşünürdüm.

O gündən məktəbdən gələn kimi həyəti səliqəyə salmağa başladım, şitilləri suvardım, toyuqlara dən verdim. Böyüklər evə çatana qərdər çalışırdım hər işi görüm, dəslərimi oxuyum. Hərdən evin üstünə çıxıb Yuri Qaqarini axtarar, ulduzlara baxıb, yerlərində olub olmadığını yoxlayardım. Məni tərk etməyəcək, anlayacaq dostlarım vardı artıq, nə olsun ki, ancaq gecələr görə bilərəm. Qəribəsi o idi ki, onlar məndən inciməzdi, mən də onlardan. Mən onların göylərdə olduğunu və həmişə görünə bilmədiklərini, onlarsa mənim yerdə olduğumu həmişə görünə bilmədiyimi anlayırdıq. Bilirdim ki, hardasa oralarda ulduzlarım var, duyurdum onları, yalnızlığımda məni tapardılar, mütləq tapardılar. Ağır anlarımda harda olsam onlarla dərtləşərdim. İndi bəzən gecələr yata bilməyəndə onların məni səslədiyini düşünürəm, deyə bilmərəm nə qədər mənə ehtiyacları var. İçimdə, lap dərin qatlarda hardansa oralardan gəldiyimi zənn edirəm.

Görəsən, sizdə də elədirmi? Siz də göylədrə nəsə axtarırsınızmı? Xüsusi ilə gecələr. İçinizə hərdən həzin rahatlıq və ya həzin niskil dolurmu? İçinizdə bir musiqi səslənnirmi, hətta bilmədiyiniz dildə mahnı sözləri ruhunuzu oxşayırmı?

Bu yaxınlarda bir dostum dedi ki:

– Andrea Boçellini tanıyırsan?

– Yox, – dedim. Bir-iki mahnısına qulaq asdırdı – səsi ifası içimdən keçdi.

Axı necə olub ki, onu tanımamışam? Bilirsiniz, gözləri görmür... Sonsuz qaranlıqdan aydınlığa doğru oxuyur, sadəcə oxuyur.
Bütün bunları səhər dan yeri söküləndə xatırladım. Gecə maşınla gəlirəm, qaranlıqdan baxan Andreanı dinlədikcə göy üzü aydınlanırdı.

Qəfil gözlərim qamaşdı, oturmuşam qapının ağzında ulduzlar artıq getmişdi. Günəşin şəfəqləri yamyaşıl otların üzərindəki su damcılarını nurlandırırdığı kimi içim nurlanırdı. İçimə dolan sevinc ulduzlarımın məni hələ də tərk etməməsindən idi. Anladım ki, onlar həmişə bizi axtarır, buna əminəm.

# 1117 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
# # #