Cehiz və qızıl davası edən analar

Cehiz və qızıl davası edən analar
26 iyul 2025
# 13:00

Kulis.az Rəna Nevzatın "Avtoritar ailə zehniyyətinin qəddarlığı – oğlunu öldürən analar..." adlı yeni yazısını təqdim edir.

Dünən ölkə gündəmi yenə dərin psixo-sosial kökləri olan bir ailə faciəsi ilə çalxalandı.

Rayonlardan birində toydan bir neçə gün əvvəl bəy evinə göndərilən cehizlər bəyin anası tərəfindən bəyənilməyib, bundan xəbər tutan qızın atası toydan imtina edərək qızı oğlana verməyəcəyini bəyan edib. Hər şeyin alt-üst olduğunu görən bəy buna dözməyərək canına qıyıb. Oğlanın ölüm xəbərini eşidən qız da ağır psixoloji sarsıntı keçirib intihara cəhd edib və xəstəxanaya yerləşdirilib...

İlk baxışda bir neçə cümlədən ibarət ağır xəbərdir. Bu, təkcə bir ailənin dramatik, faciəvi sonluğu deyil. Bu, cəmiyyətimizdə kök salmış, adət-ənənə ilə, "ana haqqı" ilə “yüklənmiş”, amma əslində məişətçi və zəhərli zehniyyətin ölümə qədər aparan qəddar formasıdır.

Bu, ailə içi zorakılığın səs-küysüz formasıdır – emosional təzyiq, mənəvi manipulyasiya, sevginin üstündə qurulan hökmranlıq çəklində özünü göstərdi.

Cəmiyyətimizdə ana olmaq müqəddəsliklə eyniləşdirilir. Bu müqəddəsliyi zamanla toxunulmazlığa, daha sonra isə hökmə çevirirlər.

"Oğul mənimdir", "Hansı gəlini istəyərəm, onu qəbul edərəm", “Bu evin ağası mənəm, gəlinə söz düşmür” düşüncəsi isə əslində ana sevgisi deyil, güc nümayişidir. Bu, övladın həyat yoldaşını seçmək haqqını, özü istədiyi şəkildə ailəsini qurmaq hüququnu əlindən almaqdır.
Bu faciə ümumiyyətlə, Azərbaycanda bir çox anaların övladlarının həyatına eqoistliklə və rəqabət prinsipi ilə yanaşmasını bir daha yada saldı.

Əgər bir ananın sevgisi, oğlunun seçimlərini təhqir etməyə, gələcək həyatına qarşı çıxmağa qədər gedirsə, bu, artıq sevgi deyil, narsistik qəddarlıqdır.

Hökmranlıq ehtiyacı ilə nə oğluna, nə də gəlinə göz verib işıq verməyən, onların həyatı, gələcəyi ilə bağlı seçimlərə mütəmadi qarışan, ailədaxili münaqişələr, faciələr yaradan, hətta oğulun qız övladına öz adının qoyulması üçün hər cür manipulyasiyadan istifadə edən belə “analar”ın sayı cəmiyyətimizdə təəssüf ki, bəs deyincədir...

Cehiz – bu hadisənin görünən tərəfidir. Amma əslində orada cehiz yox, bir insanın şəxsiyyəti, sosial vəziyyətinin imkan verdiyi qədər etdiyi seçimlər “bəyənilmədi”. Dolayısıyla, oğulun və gəlinin yaşayacağı yerdən tutmuş istifadə edəcəyi qab-qacağa, məişət əşyasına qədər “ana” seçməli imiş - XXI əsrdə! Gəlinin gətirdiyi əşyalar, özünün zövqü belə “ana”lara qətiyyən maraqlı deyil!

Analar bəzən unudurlar ki, bəyənmədikləri cehizlə, narazılıq etdikləri məqamlarla əslində öz oğullarının seçiminə hörmətsizliklə yanaşırlar, şüuraltı olaraq “sən səhv etmisən” deyirlər. Bu təkcə gəlinə deyil, oğula da yönəlmiş bir alçaldılmalıdır. Və bəzi oğullar bu alçaldılmanın və mənəvi təzyiqin yükünü daşıya bilmirlər, öz həyatları bahasına etiraz edirlər.

Ağrılı nəticə isə göz önündədir: bir ailə qurulmadan dağıldı. O “ana”nın hökmranlıq edib həyatını zəhərə çevirdiyi oğul da artıq həyatda yoxdur. Bəli, birbaşa olmasa da, o qadın dolayı olaraq öz oğlunun qatili oldu...

Valideyn sevgisi, əgər övladı boğursa, müqəddəslikdən çıxır. Heç nəyə bu qədər müqəddəslik donu geyindirib, kiminsə ömrünü zəhərləmək lazlm deyil. Bu dünyada ən müqəddəs məsələ bir insanın yaşamaq haqqıdır, qalan hər şeyi buna uyğunlaşdırıb insani şəkildə ortaq məxrəci tapmaq olar.

Cəmiyyət olaraq bu mövzularda susmamalıyıq, qınamalıyıq.

Valideynlər artıq emosional manipulyasiyalarla idarə edilən avtoritar ailə zehniyyətindən çıxmalıdırlar!

Dövr də, müasir gəncliyin düşüncə tərzi də artıq çoxdan dəyişib.

Efirlərdə ağzı köpüklənə - köpüklənə avtoritar ailə dəyərlərindən danışan “sosioloq filosoflar” da, “baytar psixoloqlar” da bu dəyərlərin lazımsız məişət hökmranlığı ilə deyil, sevgi, qarşılıqlı anlayış və sayğı üzərində inşa edildiyini vurğulamalıdırlar, bununla bağlı maairfləndirməlidirlər.

Valideynlər övladlarının həyatına da, seçimlərinə də, qurduqları ailəyə də hörmət etməyi öyrənməlidirlər.

Öyrənmək istəməyəndə isə onsuz da övladının həyatı bahasına ağır müsibətlə öyrənmək məcburiyyətində qalırlar...

# 3891 dəfə oxunub

Oxşar xəbərlər

Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

17:32 14 may 2026
Azərbaycanda şəhərsalma modeli:  Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

Azərbaycanda şəhərsalma modeli: Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

17:00 14 may 2026
Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

15:32 14 may 2026
Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

14:41 14 may 2026
İçərişəhər tarixində ilk

İçərişəhər tarixində ilk

14:20 14 may 2026
Əhmədiyyə Cəbrayılova həsr olunmuş kitabın təqdimatı keçirildi

Əhmədiyyə Cəbrayılova həsr olunmuş kitabın təqdimatı keçirildi

13:55 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər