Kulis.az görkəmli opera müğənnisi, Azərbaycan SSR əməkdar artisti Əli Zülalov haqqında maraqlı faktları təqdim edir.
Opera müğənnisi, aktyor Əli Əbdül oğlu Zülalov 13 sentyabr və ya 1893-cü ilin ortalarında Şuşanın "Dabbaxlar" ("xanəndələr") məhəlləsindədə doğulub.
Qarabağın məşhur xanəndələri - əmisi Əbdülbaqi Zülalov (Bülbülcan), Tükverdi Həsən, Musa Şuşinski və başqaları da bu məhəllədə anadan olub.
O, söhbətlərinin birində deyirmiş ki, hələ əmisi Bülbülcan 1876-ci ildə Şuşadan Tiflisə köçüb. Çar III Aleksandr və həyat yoldaşı ilə Tiflisin "Müctehid bağı"nda gəzərkən görüşüb. Şərqin məşhur xanəndəsi Əbdülbaqi Zülalov, yəni, Bülbülcan 1893-cü ildə Şuşaya istirahətə gəlibmiş. Ümumiyyətlə, Bülbülcan Tiflisdə yaşadığı dövrdə hər il yayda Şuşaya istirahətə gələrmiş. Əli Zülalov dünyaya gələndə əmisi Bülbülcan da Şuşada olub, qardaşı Əbdül kişini də Əlinin dünyaya gəlməsi münasibətilə təbrik edib. Deyilənə görə, balaca Əlinin beşiyinin başında ilk zəngulǝ vuran da, ona xeyir-dua verən də əmisi Bülbülcan olub. Əbdül kişinin oğluna atasının adını qoymaqda məqsədi atalarının adını əbədiləşdirmək olub.
***
1898-ci ildə Əli Zülalovun atası ermənilər tərəfindən başı kəsilərək qətlə yetirilib. Bu faciədən sonra ailədəki yeddi uşaqdan ikisi - Əli və Qəmbər sağ qalıb.
Əli Zülalovun anası Gülüş xanım 25 yaşında ikən dul qalıb, məcburiyyət qarşısında qalaraq bir müddət Aşqabadda yaşamalı olub.
Daha sonra Əli Şuşaya qayıdıb və çəkməçi köməkçisi işləyib.
Sonralar Əli Zülalov xatırlayırdı:
“5 yaşım olanda atamı qətlə yetiriblər. 4 il Aşqabadda əmimin (Bülbülcan) himayəsi altında yaşamışam. 9 yaşımda yenidən Şuşaya qayıdıb çəkməçi köməkçisi işləmişəm”.
***
1902-ci ilin avqustunda Şuşada - "İsfəndiyarovun bağı"nda el şənliyi keçirilirmiş. Görkəmli maarifçi Firidun bəy Köçərli də burada iştirak edirmiş.
O, xatirələrində yazır:
"Dəlik daş"ın üstündə 5-6 uşaq oturub oxuyurdular. Demək olar ki, onlar 9-10 yaşlarında olardı. Bu uşaqlar qəzəlləri, ala-yarımçıq şeirləri ordan-burdan oxuyurdular, amma yaxşı səsləri var idi. Kərimbəy Mehmandarova təvǝqqe etdim ki, gəl, bu uşaqları yoxlayaq görək, bunların qabında nə var. Uşaqlar bizi görüb ayağa durdular, ədəblə baş əydilər. Biz soruşduq:
- A bala, nəyi oxumağı bacarırsınız?
- Nəyi istəsəniz.
- Ə, necə yəni hər nə istəsən?
Uşaqlardan biri qabağa çıxıb çox cəsarətlə dedi:
- Əmi, şikəstə oxuyum?
Boyca balaca, hələ səsi tam formalaşmamış bir uşaq Azərbaycan musiqisinə məlum gözəl bir şikəstə oxudu:
Mən aşiq Qarabağa,
Müştaqam Qarabağa,
Kimin könlü istəyir,
Buyursun Qarabağa.
Mən qanrılaraq Kərimbəy Mehmandarova dedim:
- Ə, Kərimbəy, görürsən də, bu torpağın hər qarışında bir istedad yetişir.
- Adın nədir?
- Əli.
- Oxumağı kimdən öyrənmisən?
- Əmimdən.
- Ə, əmin kimdi?
- Əbdülbaqi.
- Ə, hansı Əbdülbaqi?
- Tanımırsan? Əbdülbaqi Zülalovu deyirəm dana!
Mən o saat anladım ki, söhbət Şərqin ən böyük xanəndələrindən olan Əbdülbaqi Zülalovdan, yəni, Bülbülcandan gedir.
Tərzini pozmadan Kərim bǝyǝ dedim:
- Kərimbǝy, görürsən də, "ot kökü üstə bitər."
Məşhur alim, ədəbiyyatşünas və görkəmli maarif xadimini valeh edən uşaq sonralar Üzeyir Hacıbəyov kimi dahidən dərs alan, Azərbaycan Opera sǝnətinin klassiklərindən birinə çevrilən Əli Zülalov idi.
***
Birinci dünya müharibəsinin başlanması ilə əlaqədar çarizmin milli ucqarlara nəzarəti nisbətən zəifləmişdi. Qarabağda, xüsusilə, Şuşada həyat şəraiti tədricən ağırlaşmaqda idi. Əli Zülalovun qohumlarının bir çoxu Bakıya köçmüşdülər. Qohumlarından hətta Orta Asiyaya köçənlər də var idi. Onsuz da uşaqlıqdan ata qayğısından məhrum olmuş Əli Zülalovun Şuşada güvəndiyi və imkanlı elə bir qohumu qalmamışdı. Bu səbəbdən, həmçinin musiqiyə olan həvəsi, Üzeyir bəyin qayğıkeşliyi haqqında yayılan sədalar gənc Əli Zülalovun Bakıya gəlməsinə zəmin yaratdı. Bu o zaman idi ki, Hacı Hüsü, Məşədi İsi, Səttar, Əbülhəsən xan İqbal, Keştazlı Həşim, Ala Palaz oğlu Molla Rza, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu və başqa sənətkarlar dünyaya səs salmışdılar. Onların yaradıcılığı, sənətdəki uğurları, bənzərsiz musiqi istedadları, ən başlıcası, şəxsi nümunələri şübhəsiz ki, Əli Zülalov kimi istedadlı gəncləri də ruhlandırırdı.
***
Görkəmli aktyor Hüseynqulu Sarabski ilk dəfə Şuşaya 1913-cü ildə qatsrol səfərinə gəlib. Digər bölgələrdə avqust ayının isti keçməsinə baxmayaraq, Şuşa sərin, cazibədar və qonaqlı-qaralı idi.
Bu haqda H.Sarabski xatirələrində yazırdı:
"1913-cü ildə birinci dəfə Qarabağa qastrola getdim. Şəhərin ziyalıları, tələbələri məni qarşılamağa çıxmışdılar. Tamaşaya bir neçə gün qalmış biletlər satılıb qurtarmışdı. Tamaşadan yarım saat qabaq salonda və ətrafında adam əlindən yer yox idi. Yer olmadığını deyəndə cavab verirdilər:
- Biz heç nə bilmirik. Teatr oynayırsınız, bu da sizin pulunuz.
Müdir gəldi ki, nə etməli, aləm biletli-biletsiz dolub teatra. Dedim ki, gedin zalın pəncərələrini açın, hamı eşitsin.
Tamaşanı başladıq. Pərdə açıldı. "Şəbu-hicran" xor ilə oxundu. Camaat sakit oldu. Mən səhnəyə çıxdım. Oxumaq istədim. Bu zaman camaatın gurultulu alqışları altında səhnəyə gül-çiçək dəstələri töküldü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim. Amma alqış davam edirdi... Nəhayət, pərdə salındı və camaat sakit oldu.
Qarabağda üç tamaşa verdikdən sonra Bakıya qayıtdıq".
Gənclik illərində baş vermiş bu tarixi hadisəni sonralar, yəni Opera və Balet teatrında işləyərkən Əli Zülalovun əlyazmalarından oxuyuruq ki, Sarabskinin "Leyli və Məcnun" tamaşasına bilet almağa pulu olmayan ifaçı teatrın pəncərəsinə dırmaşmaq istəyirmiş, amma boyu çatmırmış. Bu zaman tanımadığı, Bakıdan gəlmiş bir adam bütün uşaqları zala buraxdırır. Oturacaqda yer olmadığından döşəmə üzǝrində oturan uşaqlar sonradan bilirlər ki, bu xeyirxah adam görkəmli aktyor Hüseynqulu Sarabski imiş.
***
Qızı Solmaz xanım Zülalovanın dediklərinə görə, Əli Zülalov Bakıya gələndə Vəlixanovların evinə pənah gǝtirib. Deyilənə görə, əslən şuşalı olan Vəlixanovlar Bakı mühitində tanınmış adamlar idilər və geniş imtiyazları var idi. Əli Zülalov söhbətləri zamanı tez-tez deyərmiş ki, mən Şuşa mühitindən Bakı mühitinə düşəndə çox sıxıntı keçirirdim. Bəzən qohumlarımgildə hədsiz iştaham olmasına baxmayaraq, çörək yeməyə utanırdım. Bəzən xörəkdən doymadığım halda deyirdim ki, doymuşam. Çünki şəhərdə tez-tez eşidirdim ki, kənd uşaqları iştahalı olur. Kənd uşaqlarına bəzən də "acgöz" deyirdilər. Bax, bu "acgöz" sözündən yamanca qorxurdum. Düzü, qorxmurdum, sadəcə, söz götürǝn, asanlıqla minnəti qəbul edən deyildim.
Əli Zülalov Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovdan dərs alıb. Onun tərbiyəsində və xanəndə-aktyor kimi formalaşmasında Bülbülcan böyük rol oynayıb. 1917(1925)-1952-ci illərdə Əli Zülalov Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib. Lakin 2016-cı ilin “Azərbaycanın teatr ensiklopediyası” kitabında qeyd olunur ki, Zülalov 1917-ci ildə Şuşada səhnə fəaliyyətinə başlayıb, 1920-ci illərin əvvəlindən 1925-ci ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqili tamaşalarında çıxış edib.
***
1920-1921-ci illərdə Əli Zülalov Azərbaycanın müxtəlif rayonlarında qastrol konsertləri verib.
1935-ci ildə (1936-cı ildə) indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirib.
***
Əli Zülalovun taleyinin xoşbəxt anlarını təşkil edən hadisələrdən biri onun toy mərasimi olmuşdu. O, hələ Şuşada yaşayarkən "qızıldiş Azad" adlı birisi ilə dostluq edirmiş. 1928-ci ilin yayında Şuşada olarkən Azad kişi soruşur ki, ə, qağa, niyə evlənmirsən? Əli müəllim cavab verir ki, ǝ, evləndirdin ki, evlənmədim. Bu sözdən sonra Azadın 16 yaşlı bacısı qızını Əli Zülalova verirlər.
Bir qədər qısqanc olan Kübra xanımı Əli müəllim Bakıya gətirir və bu gənc ailənin birgə xoşbəxt günləri başlayır. Bu dövrdə Kubra xanım Bakıda Əli Bayramov adına klubda savadsızlığı ləğv etmək üçün qadınlardan ötrü təşkil edilmiş kursda təhsil alır. 35 il birgə ömür sürən Əli və Kübra Zülalovların çox mehriban ailəsi olub. Ailədə üç qız böyüyürdü. Dövrün, ictimai-siyasi mühitin ziddiyyətli olmasına baxmayaraq, Əli Zülalov ailəsinə, xalqına, Vətəninə sədaqətlə xidmət edir, heç bir siyasi kompaniyaya qoşulmur. Ömrünün sonunadək siyasi mənsubiyyət baxımından bitərəf qalır.
Siyasi mənsubiyyət dedikdə Kubra xanımın xatirələrindən bir epizodu xatırlatmaq yerinə düşərdi. Həmin günləri çox çətinliklə xatırlayan Solmaz xanım danışır ki, anamın dedivina görə, 27 ci ildə atamı həbs etmək istəyiblər. Anam rəhmətlik bu hadisəni, bəlkə, on dəfə danışıb. Deməli, bir gecə atam səhǝrǝ yaxın evə gəlib çıxıb. Anam çox naharat olub. Nəhayət, atam gələndə rəngi ağappaq imiş, məlum olub ki, onu NKVD-dǝ daprosa çağırıblarmış. Bu hadisədən sonra atamın ürəyində problem yarandı. Adamları həbs etdikdən sonra döyüb əzab verirdilər, sonra da nəyə lazımdırsa, qol çəkdirirdilər. Atam məğrur adam idi, ona görə də heç bir sənədə qol çəkməmişdi və heç bir orqanla əməkdaşlığa razı olmamışdı.
***
Əli Zülalov Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Ehsan Paşa partiyasını ifa edən ilk müğənni idi. O, həmçinin rus bəstəkarı Reynqold Qliyerin “Şahsənəm” operasında (Hacı Əhməd) və azərbaycanlı bəstəkarların aşağıdakı operalarında çıxış edib: Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Şahvələd), Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (Leylinin atası), Müslim Maqomayevin “Şah İsmayıl” (Əbu Həmzə) və “Nərgiz” (Molla Mütəllim).
“Nərgiz” operasında Mütəllim obrazının yaranması barədə:
Müslim Maqomayev onların (Zülalovların) evində olub və bir dəfə Zülalovun necə namaz qıldığını görür, və beləliklə Molla Mütəllim obrazını məhz onun üçün yazmağı qərara alır. Doğrusu, Əli Zülalov hətta dahi bəstəkardan bir qədər inciyir və heç bir vəchlə molla rolunu ifa etməyə razılaşmır. Lakin nəticədə o, əlbəttə ki, bu rolu oynayır, həm də nəinki Bakıda, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin ongünlüyü zamanı da (1938-ci il).
Molla Mütəllim obrazı SSRİ-nin o dövrdəki rəhbəri olan İosif Stalinin çox xoşuna gəlir. Tamaşa zamanı o deyir:
“Gör, o , mollanı necə də yaxşı təqlid edir”.
O bu rola görə “Şərəf Nişanı” ordeni ilə təltif olunur.
***
Əli Zülalovun qızı, pedaqoq Zemfira Zülalova 2008-ci ildə nəşr olunan “Azərbaycan milli operasının fədaisi” kitabında yazır
"Əli Zülalov azərbaycanlı opera müğənnisi, aktyor Əhməd Ağdamskidən sonra teatrda ən yaxşı qadın rollarının ifaçısı olub. Əli Zülalov həmçinin, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasında Gülçöhrə partiyasının ən yaxşı ifaçılarından biri idi".
23 fevral 1940-cı ildə Əli Zülalova Azərbaycan SSR Əməkdar artisti adı verilib.
***
Böyük Vətən müharibəsi illərində (1941-1945) Əli Zülalov azərbaycanlı tarzən Qurban Primovun müşayiəti ilə dəfələrlə cəbhədə əsgərlər qarşısında çıxış edib. Bu xidmətlərinə görə o, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub.
***
Əli Zülalov 10 yanvar (18 fevral) 1963-cü ildə vəfat edib.