Bakıda yaşamaq, yoxsa Bakıya dözmək?

Bakıda yaşamaq, yoxsa Bakıya dözmək?
14 iyul 2025
# 12:00

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.

Əziz dostum (baxmayaraq ki, onunla müxtəlif tədbirlərdə ayaqüstü görüşmüşük, onu özümə dost hesab edirəm) Şəhriyarın Bakıdan Şamaxıya köçməsi və əslində, ruhən Bakıda yaşamadığını, sadəcə bu şəhərə dözdüyünü bəyan etməsi məndə qarışıq duyğular oyatdı.

Əvvəlcə onu deyim ki, Bakı elə bir yerdir ki, burada əldə etdiyin xoşbəxtliyi və uğurları sənə o zaman bağışlayırlar ki, onları hədsiz səxavət və ürəkaçıqlığı ilə başqaları ilə bölüşməyə hazır olasan. Özü də elə bölüşəsən ki, özünə cüzi bir şey qala və onunla başını girələyəsən.

Biz yazıçılar, şairlər isə maddi vəsait korluğu çəkən adamlarıq, üstəlik, heç vəchlə xoşbəxt ola bilmirik; yaxşı mətnlər yazmağımız, çox oxunmağımız, kitablarımızın satılması isə bizim üçün ən böyük uğurdur. Deməli, başqaları ilə bölüşə biləcəyimiz çox az şeyimiz var.

Şəhriyarın özünü Bakıya borclu bilməsi bu şəhərin onun yaradıcılığındakı roluna işarədir. Bu etirafda həm minnətdarlıq var, həm də səmimi bir etiraf: Bakı şairi “formalaşdırıb”, lakin sonralar onu “boğmağa” başlayıb.

Bakı burada yalnız şəhər anlamı daşımır, həm də metafizik bir məkandır, yaradıcılığın və eyni zamanda susqunluğun məkanı...

Bakıda vüsət edən həyat həm Şəhriyarın yaradıcılığına can verir, həm zamanla onu tükəndirir. Bəlkə də bu səbəbdən o, Bakıya “yaşamaq” deyil, “dözmək” feilini daha çox yaraşdırır. “Dözmək” burada fəlsəfi anlam daşıyır. Yəni özünü itirmək, təslim olmaq, ruhun əriməsi və sair.

Şəhriyar Bakını “arzularımın şəhəri” adlandırır. Bu, təkcə onun yox, yüzlərlə yaradıcı insanın, şairin, yazıçının, jurnalistin düşündüyü bir obrazdır. Bakı imkanlar şəhəridir, amma çox vaxt o imkanlar bəzilərinə bahalı bir əşya kimi yalnız vitrindən görünür.

Paytaxtımız nə yazıq ki, yazıçının yazısı ilə dolana bilmədiyi, yaradıcı insanın yaradıcılığı ilə qəbul olunmadığı, fikrin dəyərsizləşdiyi, şeirin meyxanaya uduzduğu bir məkana çevrilib.

Müasir ədəbi çevrələrdə “yaradıcılıqla dolanmaq” ifadəsi ironiya ilə qarşılanır.. Bəs həqiqətdə necədir? Şair şeiri, yazıçı romanı, hekayəsi ilə yaşaya bilirmi? Əgər yaşaya bilmirsə, o zaman bu sənətin ictimai dəyəri hardadır?

Şəhriyar Del Gerani illərlə bu sualın cavabını Bakının küçələrində, tədbirlərdə, redaksiyalarda, sosial mediada axtardı. Lakin gördü ki, mədəniyyət də bazarın bir hissəsinə çevrilib, orada yalnız bu bazarın ruhuna uyğunlaşanlar, ağızlarına gələni danışanlar, gic-gic şeylər yazanlar özlərinə yer edə bilir. Əsl sənət unudulub, ən yaxşı halda isə romantik xatirəyə çevrilb.

Şəhriyarın Şamaxıya hicrəti bir bədii manifestdir. O, təkcə şəhərdən yox, həm də sistemdən, mədəniyyət bazarından, sözün alınıb-satıldığı yerdən köç etdi. Bu, bilirsiniz, nə deməkdir? Bu yaradıcılıqla yaşamaq mümkün olmadıqda, yaradıcılığı yaşatmaq üçün kənara çəkilmək deməkdir.

Şair, əslində, Bakı ilə yox, bu şəhərin doğura bilmədiyi yeni insanla vidalaşır. Öz idealist “yaradıcı həyat” xəyalları ilə vidalaşır.

Və bu, təkcə bir insanın, bir şairin taleyi deyil. Bu, yaradıcılığa dəyər verilməyən bir cəmiyyətin kollektiv portretidir.

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

12:36 24 yanvar 2026
“Karmen. Xosenin hekayəsi”  tamaşasının premyerası oldu

“Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası oldu

10:30 24 yanvar 2026
Ryan Mörfinin yeni layihəsi təqdim olundu

Ryan Mörfinin yeni layihəsi təqdim olundu

18:20 23 yanvar 2026
Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

18:09 23 yanvar 2026
Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

17:50 23 yanvar 2026
Bəyazın “Şeylər”  sərgisi açıldı

Bəyazın “Şeylər” sərgisi açıldı

17:30 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər