Şahın orden bağışladığı, Dəmirəlin heyran qaldığı "Ağ çiçək" - Səhnəmizin kimsəsiz Leylisi

Şahın orden bağışladığı, Dəmirəlin heyran qaldığı "Ağ çiçək" - Səhnəmizin kimsəsiz Leylisi
12 may 2026
# 09:32

Bu gün Xalq artisti Sara Qədimovanın anım günüdür.

Kulis.az sənətçi haqqında materialı təqdim edir.

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən idi.

Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablıda keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orada dinləyib. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparırdı. O məclislərdə xanəndələr yalnız muğamlar, xalq mahnıları oxumur, həm də musiqidən danışırdılar.

Anası qızına musiqini sevdirib, muğamların, mahnıların sözlərini öyrədib. Bu baxımdan ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı və iki qardaş başsız qalıblar.

1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqədə iştirak edirdi. O, ilk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. “Qatar” muğamını oxumağa başlayıb. Ardınca “Gəlmə-gəlmə” xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.

Gallery

Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

1941-ci ildə Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olunub. O, Hüseynqulu Sarabskidən musiqi sənətinin sirlərini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmağa və sevilməyə başlayıb.

22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alıb. Sonralar Sara Qədimova xatırlayırdı: “Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə: "Səninlə ailə qurmaq istəyirəm", - dedi”. Sara xanım ilk öncə tərəddüd edib, buna səbəb Qədir İslamzadənin ondan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənib. Lakin 8 il sonra cütlük ayrılıb.

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edirmiş. Bu ifa Dəmirəlin çox xoşuna gəlib. O, prezident seçiləndən sonra Sara xanımla görüşüb.

1944-cü ildə Xan Şuşinski və Sara xanım Rza şahın dəvəti ilə İrana səfər ediblər. Şahın qarşısında çıxış edən Sara xanımın ifası onu necə valeh edibsə, şah xanəndəyə orden bağışlayıb.

Sara Qədimova opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yaddaşlarda dərin iz qoyub. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.

O, 50-ci illərdə ən çox dinləyicisi olan, sevilən sənətkarlardan olub. "Nə vaxta qaldı", "Ay işığında", "Pıçıldaşan ləpələr", "Ürəkdir sevən səni" və daha neçə-neçə mahnısı dillər əzbərinə çevrilib. 1954-cü ildə Əməkdar Artist adına layiq görülüb.

Sara xanım 1969-cu ildə İrəvana qastrol səfərinə yollanıb. Gecə Canəli Əkbərovla Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edəndə qəfildən qapı açılıb və bir kişi içəri keçib. O, konsertin hansı dildə olacağını soruşub. Sara xanım da cavab verib ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi sən demə, erməni imiş. Ertəsi gün konsertdə işıqları söndürüblər. Telefonlar kəsilib, aləm bir-birinə dəyib. Bu qarmaqarışıqlıqda Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxıblar.

Gallery

Xalq şairi Məmməd Araz onun səsinin vurğunu olub. Sara xanıma ünvanlanmış şeir də yazıb və onu Azərbaycan musiqisinin “ağ çiçəyi” adlandırıb.

Sara Qədimova 2003-cü il mayın 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

"La casa de papel"in  yeni mövsümü çəkiləcək

"La casa de papel"in yeni mövsümü çəkiləcək

10:24 12 may 2026
"Məni tapdayıb keçmək gərəkdirsə, tərəddüd etmə!" - Afaq Məsud Vaqif İbrahimoğlu haqqında

"Məni tapdayıb keçmək gərəkdirsə, tərəddüd etmə!" - Afaq Məsud Vaqif İbrahimoğlu haqqında

10:00 12 may 2026
“Avroviziya” şərhçilərimiz bəlli oldu

“Avroviziya” şərhçilərimiz bəlli oldu

09:17 12 may 2026
Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

16:09 11 may 2026
Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

16:02 11 may 2026
Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

14:40 11 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər