“Azdrama”nın, Yazıçılar Birliyinin biabırçı loqosu – Mədəniyyət Nazirliyi hara baxır?

Azər Paşa Nemətov, Anar

Azər Paşa Nemətov, Anar

22 iyun 2022
# 17:00

Kulis.az Mehdi Dostəlizadənin “OK BOOMER” yazısını təqdim edir.

Alim olmaq asandır, adam olmaq çətin.

Atalar sözü

II Dünya Müharibəsindən sonra dünya əhalisinin sayını artırmaq üçün xüsusi siyasət yürüdüldü və qısa müddət ərzində bir milyard uşaq dünyaya gəldi. Həmin uşaqlar “Baby Boomers” ya da “Boomer nəsli” adlandırıldı. Uşaq bumunun nəticəsində doğulmuş bu körpələr indi dünyanın ağsaqqalları, ağbirçəkləridir və onların əksəriyyəti çağdaş dünya ilə ayaqlaşa bilmir.

Bu qısa məlumat fəslindən sonra bildirmək istəyirəm ki, sizi Akademik Milli Dram Teatrına, Abbas Mirzə Şərifzadə səhnəsinə, Əməkdar artist Münəvvər Əliyevanın Medeya rolunda oynadığı “Medeya” tamaşasını izləməyə dəvət filan etmirəm. Özüm getmədiyim yerlərə başqalarını çağırmaqdan xoşum gəlmir.

Akademik Milli Dram Teatrının feysbuk səhifəsində adını çəkdiyim tamaşanın afişasını gördüm. Ardınca səhifədə bir az eşələndim, teatrın repertuarlarına baxdım və bu həqiqətə vardım ki, Akademik Milli Dram Teatrının bütün işlərini “Paint” proqramı ilə görürlər. Yəni ayrılan bu qədər vəsaitin fonunda “Azdrama” heç konfet də düzəldə bilmir. Böyük ehtimalla Akademik Milli Dram Teatrının içində ibtidai icma quruluşu hələ də aktualdır. Azər Paşa Nemətov ocağı qoruyur, aktyorlar ova-zada gedir. Hələ tamaşalardakı pafos haqqında da pafoslu bir-iki kəlmə yazardım, amma lazım deyil. İstəmirəm. Yazmıram.

İndi haqqında yazmaq istədiyim məsələ isə “Medeya” tamaşasının afişasıdır.

Afişanın kəlləsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin loqosu vurulub. Sağ tərəfindən də “Azdrama”nın loqosu boylanır.

Mədəniyyət Nazirliyi adının “Paint” proqramı ilə hazırlanmış afişada hallanmasından narahat deyil? Yox e, narahat deyil ki, ayırdığımız vəsaitlər hara gedir? Azər Paşa, çto tı delaeş? Gecələr teatrın küçə işıqlarını niyə söndürürsən? Yazıq uşaqlar voleybol oynaya bilmir teatrın qabağında, qaranlıq olduğu üçün. Yox e, Mədəniyyət Nazirliyi niyə bu qədər rahatdır? Empatiya qurmağa çalışıram, empatiya qurub özümü nazirliyin yerinə qoyanda ürəyim tutur, başım hərlənir. Ümumiyyətlə, özümü nazirliyin yerinə necə qoyuram, başa düşmürəm. Adam özünü nazirliyin yerinə necə qoya bilər axı? Ən azından əlinin altında bir neçə teatr, nə bilim, bir neçə qurum, bir-iki Azər Paşa olmalıdır ki, bunun nə olduğunu başa düşəsən.

Afişadakı şəkil də bulanıqdır. Telefonla çəkiblər şəkli. Yox, “iPhone” ilə çəksələr, problem olmazdı, amma kondisioner pultu ilə çəkiblər. Yox, “iPhone” ilə də çəksəydilər, problem idi. Axı o boyda “Azdrama”, Mədəniyyət Nazirliyi, nə bilim, belə-belə şeylər...


Üstəlik, “Azdrama”nın fotoşopun ixtirasından xəbəri olmadığı üçün Münəvvər Əliyevanı bu soyuqda suyun içinə salıb şəklini elə çəkiblər. Münəvvər xanım, kondisioner pultu ilə çəkilən şəkil üçün suyun içinə girmək sizin sağlamlığınıza ziyan vurur (bunu da Səhiyyə Nazirliyi deyir, indi tutaşın).


Əsl afişa belə olmalıdır. Həm də Azər Paşa Nemətovun bütün sifətləri dəqiqliklə qeyd edilib. “Paint”lə də düzəldilməyib. Mədəniyyət Nazirliyinin diqqətinə.

Əlbəttə, bu bir iddia deyil, loqonu düzəldən adamın (mənim – M.D.) heç bu məsələlər ilə uzaqdan-yaxından əlaqəsi yoxdur. Amma siz o afişada Azər Paşa Nemətovun Uhud müharibəsindəki şücaətindən bəhs etmirsinizsə, o afişa nəyə lazımdır axı? Nəyə?

Bu təfəkkürün “baaa, sənət deyil”, “baaa, arvad paltarı geyinib” dediyi Elmin Bədəlovun, ADO-nun görkəminə, pal-paltarına, loqosuna baxanda adamın ürəyi açılır. Çox sadə və xoş, əla, mükəmməl və digər bu kimi nüanslar. Əsas odur ki, bumerlikdən və şumerlikdən uzaqdır, çağdaşdır, yormur, gözümüz ağrımır, ürəyimiz bulanmır.


"Azdrama" haqqında bu qədər. Özləri bilər.

Bir az da Azərbaycan Yazıçılar Birliyindən danışaq. Əlbəttə, saytından, loqosundan. Azərbaycan Yazıçılar Birliyinin saytına girəndə özümü “ЖЕК” idarəsində hiss edirəm.

Bir neçə il əvvəl “ЖЕК” idarəsinə işim düşmüşdü. İçəri girəndə elə bil zaman qapısından keçib Brejnevin dövrünə tullanmışdım. Otaqların birində divardan oraq-çəkic asılmışdı. Lampalar da “yerevanski”. Hər şey “şiroko şaqaet” idi.

Elə bizim AYB-nin saytında da hər şey “şiroko şaqaet”dir.

Saytın interfeysi Misirdə Yusif peyğəmbərin satıldığı bazarı xatırladır. Dəvələr bir yanda gövşəyir, qullar bir yanda satılır, nüfuzlu adamlar da bir yandan alverə baxır. Möhtəşəm işdir. Dövlət büdcəsindən AYB-ə ayrılan dotasiya Yusif peyğəmbərin quyudan çıxmağına xidmət edir.

Dayan, dayan... Loqoda niyə kino lenti var? Bura Kinematoqrafçılar İttifaqıdır, yoxsa Yazıçılar Birliyi? Özü də, bu nə şriftdir? AYB ilə üzbəüz Sahil (bax: 26-lar) bağında skeyt sürən uşaqlardan birinə beş-on manat təqaüd verin, gəlib saytınızı, səhifənizi, nə bilim, hər şeyinizi düzəltsin də. Daha büdcəyə niyə əziyyət verirsiniz?

Əsl loqo belə olmalıdır. Əgər Azərbaycan Yazıçılar Birliyinin loqosunda Azərbaycan ədəbiyyatının bütün ünsürlərindən istifadə olunmursa, o loqo nəyə lazımdır axı? Hə? Nəyə?

Yekunda özümün də aid olduğum generasiya – Z generasiyası haqqında vikipediyadan oğurladığım bir-iki cümləni qeyd etmək istəyirəm:

“Ümumiyyətlə desək, bu insanlar Sovet İttifaqının dağılması və Ümumdünya hörümçək torunun yayılması dövründə anadan olmuş insanlardır. Z nəslinin əsas xüsusiyyəti qeyri-aktiv həyat tərzi və əsas işlərin internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə həyata keçirilməsidir. Məsələn, elektron seçki, elektron hökumət, elektron ticarət, elektron bələdiyyə bu nəslin həyatında baş vermiş əsas dəyişikliklərdir”.

Qısası, bizimlə danışa bilmək üçün dilimizi bilməlisiniz. Çünki səni tanıyan axırıncı şəxs öləndə ölürsən. Bu dilbilməzlik sizi tanımağımıza imkan vermir, əziz bumerlər.

# 6538 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
#
#
# # #