Qulam Məmmədlinin həqiqətləri: "Mirzə Cəlilin ən qəddar düşməni Ordubadi olub"

Qulam Məmmədlinin həqiqətləri: <span style="color:red;">"Mirzə Cəlilin ən qəddar düşməni Ordubadi olub"
14 yanvar 2017
# 16:00

Bu xatirə yazı 21 il öncə "7 gün" qəzetində nəşr olunub. Şövkət Səlimov Azərbaycan Mətbuatı, Teatr tarixinin nadir bilicilərindən olan Qulam Məmmədlinin ömrünün sonlarında söylədiklərini qələmə alıb. Şəxsiyyətlər arasındakı intriqaların, mübarizələrin gözəl təsvir olunduğu bu məqaləni "Söz odası"nın oxucularına təqdim edirik.

- Ağır vəziyyətdəyəm. Heç bir ümidim qalmayıb. Kitabım çıxıb: "Sizə kim lazımdır". Amma o kitabdan bir kəlmə də oxuya bilmirəm... Min bir əziyyətdən, 25-30 il işləyəndən sonra o kitabın üzərində, çapdan çıxıb, ancaq mən onu oxuya bilmirəm. O kitabı çap etdirmək üçün mən "Maarif" nəşriyyatıyla on il mübarizə aparmışam, on il! Qoymayıblar çap olunsun o kitab. Nəhayət, çap ediləndən sonra isə kitabın naşirləri yazırlar ki, bu çox qiymətli kitabdır, belədir, filandır...

Mənim gündəlik qəzetlərdən xəbərim yoxdur. Ondan-bundan da soruşuram, deyirlər elə bir şey yoxdur...

Xəstəliyin əsl səbəbi, bilirsiniz, çox oxumaqdır. Mən 1912-ci ildə mətbəəyə girəndən indiyə kimi oxumaqla məşğul olmuşam. O hal buna gətirib çıxardı ki, gözümün nuru getdi, əvvəlcə sağ gözüm tamam tutuldu, indi də sol gözüm...

- Keçən il qəzetdə xəbər verdilər, televiziyada göstərdilər ki, Novruz bayramının birinci günü münasibətilə "Molla Nəsrəddin" jurnalı bundan sonra rəsmi surətdə çıxmağa başlayacaqdır. Quru söhbətdən başqa bir şey olmadı...

"Molla Nəsrəddin"dən sonra o cür "Molla Nəsrəddin" çıxarmaq, mənim fikrimcə, mümkün olmayacaqdır. Çünki o vaxt dövr, şərait, insanlar, vəziyyət başqa idi. Mirzə Ələkbər öləndən, Mirzə Cəlil çıxıb gedəndən və birinci dünya müharibəsi başlanandan sonra gördüyümüz "Molla Nəsrəddin"dən demək olar ki, heç nə qalmadı. Hətta bu jurnal sovet vaxtında, 1922-ci ilin axırından başlayaraq çıxandan sonra da əvvəlki "Molla Nəsrəddin"ə qətiyyən bənzəmirdi. Kitablarımda mən bunları yazmışam. Orda bir dənə özümdən fikir deməmişəm. Hamısı sənədlər əsasında! Elə o vaxt Mirzə Cəlil Ordubadiyə yazıb ki, "Səid axır ki, bildiyini elədin. Gələn nömrədən başlayaraq əgər siz o jurnalda "redaktor C.Məmmədquluzadə" yazsanız, mən bilirəm ki, haralara müraciət eliyərəm".

Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla Nəsrəddin"in ən qəddar düşməni Ordubadi olub. Sizə 20-30 sənəd göstərərəm.

***

- 1913-cü ildə "Molla Nəsrəddin"də məqalə getmişdi. Və orada yazılırdı ki, Məmməd Səid Culfada çox qəribə dəsgah başlayıbdı. Elə bu səhifədə bir şəkil də verilmişdi: Bir... əlində çaxır butulkası ilə vurur Ordubadinin başına və deyir: "Ax tı Məmməd Səid, məni atdın, getdin başqasını tapdın?!" Ondan sonra Məmməd Səid jurnala qarşı hücumlarını daha da genişləndirdi. Ümumiyyətlə isə elə ondan da əvvəl başlamışdı...

***

- Mirzə Cəlil ömrünün son çağlarını olduqca yoxsul yaşayıbdı. Ac yaşayıb. Ac bilirsiniz də. Çörəksiz, pulsuz yaşayıb. Dünyalar qədər qiyməti olan əsərlərini yandırıb məhv eləyibdi...

Image result for Qulam Məmmədli

İndiyə kimi çoxları elə bilir ki, 1907-ci ildə "Molla Nəsrəddin" jurnalını mollaların Nikolaya şikayəti nəticəsində bağladılar. Başdan ayağa yalandır. Tarixi sənədlər var.

Türkiyə sultanı Əbdülhəmid Rusiya imperatoru Nikolaya yazıb ki, "Sənin məmləkətində "Molla Nəsrəddin" adlı jurnal çıxır və məni biabır eləyir. Halbuki, sənin Hacı Zeynalabdin Tağıyevin Quranın dörd cildlik qızıla tutulmuş tərcüməsini mənə töhfə göndərib. Mənə qiymətli töhfə göndərməkdənsə barəmdə biabırçı sözlər yazan "Molla Nəsrəddin" haqqında bir tədbir görün". Sultanın xahişi, imperatorun göstərişi, Zaqafqaziya namestnikinin (canişininin-red.) əmri ilə jurnal bağlandı. Bir aydan sonra Mirzə Cəlil gedib rayon məhkəməsində (onda deyərdilər "mirovoy sud") sübut eləyib ki, onların bu fikri səhvdir, jurnalın bağlanması üçün heç bir səbəb yoxdur. Və gedib jurnalının çapını davam elətdirdi. Halbuki o vaxt Rusiyada qanun belə idi ki, siz bir qəzet çıxartdız, o qəzeti bağladılar, ikinci dəfə o adda qəzet-jurnal çıxara bilməzsiniz ("İqbal", "Yeni İqbal", "Səda", "Yeni Səda" və s.) Ancaq, "Molla Nəsrəddin" jurnalı Nikolayın vaxtında 1906-cı ildən 1917-ci ilədək dəfələrlə bağlansa da, öz adıyla çıxdı...

***

- Mənim bir şəklim var. 1926-cı ildə çəkilib. Əli bəy Hüseynzadə, Bartold, Körpülüzadə, türkoloq Menşel və mən təsvir""ara bilməzsiniz ("da qanun belə idi ki, siz bir qəzet çıxartdız, o qəzeti bağladılar, ikinci dəfə o adda şəzetvam elə olunmuşam orda. "Maarif və mədəniyyət" jurnalının yanvar və ya fevral nömrəsində verilib... Mənə on adam söz verib ki, gedib o şəkli taparam. Bir surəti var məndə, ancaq keyfiyyətli alınmayıb... Əgər ciddi surətdə maraqlanırsınızsa, 1926-cı il yanvar-fevral aylarındakı "Oqonyok", "Niva", "Maarif və mədəniyyət" jurnallarına baxın... O vaxt birinci türkoloji qurultaya gəlmişdilər...

***

- Müşfiqlə salam-əleykdən başqa heç bir əlaqəm olmayıb... Müşfiqi indi göylərə qaldıranların çoxu onun ən qəddar düşmənləri idilər... Müşfiqlər, Cavidlər, Cəfər Cabbarlılar, Hadilər, Sabirlər... Bunlar öz istedadlarının qurbanı olublar...

***

- Dünya belədi... Ayaqlarımın ağrısından yeriyə bilmirəm. Göz görmür. Göz dünya nemətinin ən birinci töhvəsidir, ondan da məhrum olmuşam... 25 il zəhmət çəkib kitab çıxardasan, kitab çıxan gün bircə hərf də oxuya bilməyəsən...

***

- 1924-25-ci illərdə Nigar Rəfibəyli cavan azərbaycanlı qızı, istəyir Azərbaycanda mədəniyyət yavaş-yavaş baş qaldırsın, Əliheydər Qarayev onun haqqında "Kommunist" qəzetində bir yazı yazmışdı ki, adam oxuyanda utanır. Deyəsən, ay insafsız, axı cavan şairəni də o şəkildə yazıb oxucuya təqdim edərlər?..

Mən istəmirəm burda ad çəkim. Ancaq, elə adamlar göylərə qaldırılıb ki, onun heç yerdə də işi yoxdur. Düzdür?

***

- Savadı olmaya-olmaya minlərlə qəzəl deyən şairlərin qabağına çıxıb şöhrət qazanan Əlağa Vahidin axırına araq çıxdı. Cəfər Cabbarlı, Məmmədtağı Sidqi, Əsəd Tahir, Kazım Ziya... və bir çox başqalarının da axırına araq çıxdı...

***

- Mənim ədəbiyyatla bacardığım qədər məşğul olmağım, fəaliyyətim 1916-cı ildən başlanır. O vaxta qədər mən praktik bir iş görməmişəm. Həmin il ədəbiyyatda mənim birinci yazım çıxıb və o yazı ilə də mən başlamışam...

***

- Heç kəsi mənim yanıma göndərməyin. Heç kəs gəlib mənnən söhbət eləməsin. Çünki, mənim ölüm günümə də az, sayılmış günlər qalıbdır. Mən elə bir xəstəyəm ki, bir addım götürə bilmirəm, bir addım. Sözün əsl mənasında. Bu korluq e... özü bir böyük bəladı mənim başıma gəldi. Bax, bu təhər...

***

- Mirzə Cəlillə saatlarla oturub söhbət eləmişik. Mənim xoşbəxtliyimin, mətbuata gəlməyimin əsas səbəbi Mirzə Cəlil Məmmədquluzadə olub. 1923-cü ilin 5 iyulundan...

Cavidlə münasibətimiz çox yaxşı idi. Cavid belə yadımda qalıb: mənə bir gün dedi ki, Qulam, dur, get şeirlərini gətir, oxuyum görüm necə yazırsan? Dedim ki, Cavid Əfəndi, mən şeir yazmıram. Dedi yaxşı eləyirsən...

***

- 1926-cı ildə yeni əlifbaya keçmək məsələsi müzakirə olunanda, sədrliyi Nəriman, katib Cavid, yox, yox, müavin Cavid, katib Abdulla Şaiq olduğu zaman Mirzə Cəlili qurultaya heç qonaq kimi də çağırmamışdılar... O adam ki, birinci cümlədən ərəb əlifbasının əleyhinə olub, bu cür adamı saymamışdılar... Əliheydər Qarayev, Həbib Cəbiyev, Mirzə Davud Hüseynov, ondan sonra Ruhulla Axundov və bir çox başqaları deyirdilər ki, "Molla Nəsrəddin" zad boş söhbətdi, yeni əlifbanın Azərbaycanda pionerləri bizik. İş o yerə gəlib çatmışdı ki, Əli Vəliyev, Əlyar Qarabağlı, başqaları götürüb qəzetlərdə şəkil verirdilər, məqalə yazırdılar ki, "Mirzə Cəlil, sən həyatdan geri qalmısan, bu günün adamı deyilsən, sən çoxdan sıradan çıxıb getmisən, rədd ol başımızdan!" Bunların hamısı bir-bir dokumentdi, açaram qəzeti, qoyaram qabağınıza deyərəm, bax budu...

***

- Mirzə Cəlili basdıranda, nə vaxt ki, tabutu uzatdılar qəbrə, üstünə torpaq tökdülər, Mehdi Hüseyn dedi ki, Mirzə Cəlil, sən sağ ikən sənnən mübarizə apardıq, öləndən sonra da sənnən mübarizə aparacağıq...

***

- Mirzə Cəlil ağzını açıb bir kəlmə tənqidə cavab verməzdi. Cavid, Cəfər Cabbarlı da onun kimi. Seyid Hüseyn bəzən dözməyib cavab verirdi. Tənqid yağışı yağırdı, bunlar lal-kar oturub qulaq asırdılar. Bircə yerdə Cavid özünü saxlaya bilmədi. Mehdi Hüseyn deyəndə ki, Sən xırda burjua şairisən, yerindən qalxıb, "mən iri burjua şairiyəm" dedi...

***

- 1926-cı ilin əvvəlindən Bakıda "Maarif və mədəniyyət" adında ədəbi-siyasi gözəl jurnal çıxdı. Oxucusu günü-gündən artmağa başladı. Həbib Cəbiyev də getdi "Qızıl qələm" çıxardı. Dörd nömrəsi çıxdı, beşincidə bağladılar... hansı işimiz belə deyil, hamısı belədir...

***

- 1930-cu ildə Həbib Cəbiyev Avropadan müalicədən sonra qayıdıb Bakıya gəldi. Gələn gündən də başladı Əhməd Cavad əleyhinə çıxış etməyə. Hamı deyirdi ki, Həbib müəllim, Əhməd Cavad tənqid olunduğu gündən indiyədək bir dənə antisovet şeiri yazmayıb. Deyirdi ki, yox yazıb. O yazıçıları bir-bir çağırırdı yanına və onlara tapşırırdı ki, Əhməd Cavad əleyhinə məqalə yazsınlar. Razılaşmayanlara da düşmən kəsilirdi. Əli Hüseynzadə adında savadlı tarixçi, namuslu insan var idi. Yeddi il həbsdə olmuşdu. Həbib Cəbiyev onu da çağırıb Əhməd Cavad əleyhinə material yazmağa təhrik etmişdi. Uzun mübahisədən sonra Əli Hüseynzadə "Kommunist"in inadkar redaktorunun gözünün qabağında qələmini sındırmışdı. Ondan sonra Əli bir kərə də şeir yazmadı... Eh, ömrümün axırında belə sözlər danışacağam, aləm dəyəcək bir-birinə...

***

- Mir Cəfər Bağırov filarmoniyanın yay zalında iclas keçirirdi. Mən də orada idim. Dəqiqliklə yadda saxlamaq çətindir. Amma onu dəqiqliklə xatırlayıram. Mir Cəfər açıq dedi Məmməd Arif Dadaşzadəyə ki, sən Türkiyə şpionusan! Məmməd Arif çox qorxaq idi, amma görünür iradəsi varmış, səsini çıxarmadı, dözdü, dayandı. O qədər ki, Mir Cəfər aradan getdi. Elə o iclasda Mir Cəfər Heydər Hüseynovun da üstünə qışqırıb onu da Türkiyə şpionu adlandıranda o getdi özünü bağda ağacdan asdı...

***

- Mirzə Cəlil, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev... Bunlar 37-dək qalsaydılar mütləq tutulub güllələnəsi idilər. Ölüm onları xilas etdi.

***

- Cəfər Cabbarlı öz yazılarında çalışırdı ki, Cavidi səhnədə, ədəbiyyatda qiymətdən salsın, özü keçsin qabağa. Paxıllıq eləyirdi. "Şeyx Sənan"ın qabağında "Od gəlini" yazıldı və s... Cəfər Cabbarlının "Dönüş" adlı bir pyesi çıxıb. Başdan-ayağa Cavidi gözdən salmaq... "sən köhnəlmisən, dala qalmısan, sən bizim müasir həyatın adamı deyilsən". Gedin, diqqətlə oxuyun, görün...

***

- Mənim axırım çox pis günə qaldı. Xəstəlik... Əsl səbəbi bilirsiniz nədi? Çox oxumaq. Mən 1912-ci ildən, - mətbəəyə girəndən indiyə kimi oxumaqla məşğul olmuşam. Həm sənətim kimi, həm də maraqlı oxucu kimi. O hal buna gətirib çıxardı ki, gözlərimin nuru getdi. Əvvəl sağ gözüm tamam tutuldu, indi də sol gözüm... Yüzdə, bir yarım faiz görürəm dünyanı...

***

- Təqribən on beş il bundan qabaq, Əkrəm Əylisli redaktor olanda mənim tərcümeyi-halımı yazdırdı. Necə könlüm istəyir, necə bilirəm, elə yazdım. Oxudu, dedi Qulam müəllim, çap edəcəyəm. Aldı. Əkrəm Əylisli redaksiyadan getdi və o tərcümeyi-hal "Azərbaycan" jurnalının arxivində indiyəcən yatıb qalır...

***

- Mən öləndən sonra danışacaqsınız... Nə qədər sağam, heç kəsin də yadına düşməyəcəyəm. Elə indi vəziyyət belədir... Bir tək mənnən belə deyil...

***

- Gözünüzdən muğayat olun, həkimlərlə məsləhətləşin... Eşidirsiniz?

Avqust, 1991-ci il

"Şərq" qəzeti

# 2423 dəfə oxunub

Müəllifin son yazıları

# # #