"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar

"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar
10 iyun 2026
# 15:00

Bu gün amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Sol Bellounun doğum günüdür.

Kulis.az Sevinc Mürvətqızının təqdimatında ədibin məşhur "Hersoq" romanından sitatları təqdim edir.

Gözlənilməz gözəllik basqınları...Həyat bax, bundan ibarətdir.

***

Gündə bir dəfə xəyalən qətl törətmək insanı psixiatrdan uzaq tutar.

***

Hər suala cavab verməyə hazır olmaq axmaqlığın aşkar əlamətidir.

***

Ciyərlərinə dərindən çəkdiyi və orada saxladığı tək bir nəfəslə, tənha həyatının gətirdiyi o qüssəyə qarşı mübarizə apardı. Ağlama, ay axmaq! Yaşa ya da öl, amma hər şeyi zəhərləmə...

***

Həyatın tikanları üzərinə yıxılıram, qanayıram. Bəs sonra? Həyatın tikanları üzərinə yıxılıram, qanayıram. Bəs daha sonra nə olacaq? Biriylə yatıram, qısa bir tətilə çıxıram, amma çox keçmədən elə həmin tikanların üzərinə yenidən atılıram – ağrının içindəki həzzlə, yoxsa sevincin içindəki əzabla, kim bilir bu qarışığın nə olduğunu! Məndə hansı xeyir, hansı qalıcı yaxşılıq var ki? Doğumla ölüm arasında mənim bu şıltaqlıqdan, bu şüursuz duyğuların müvazinətindən başqa əldə edə biləcəyim heç nə yoxdurmu? Azadlıq yoxdur? Sırf daxili təkanlar? Bəs qəlbimdəki bütün o yaxşılıqlar – heç bir mənası yoxdurmu onların? Sadəcə bir zarafatdır? İnsana özünü dəyərli hiss etdirən saxta bir ümiddir? Və beləcə insan mübarizəsinə davam edir. Amma bu yaxşılıq saxta deyil. Bilirəm ki, deyil. And içirəm.

***

Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur, - deyə fikirləşdi Mozes Hersoq.

***

Həyatın üçün mübarizə aparmalısan. Ona sahib olmağının əsas şərti budur.

***

Məsələn? Yaxşı, məsələn, insan olmağın nə demək olduğu... Bir şəhərdə. Bir əsrdə. Keçid dövründə. Bir kütlənin içində. Elm tərəfindən transformasiya olunmuş. Mütəşəkkil gücün altında. Nəhəng nəzarətlərə tabe. Mexanikləşmənin səbəb olduğu bir vəziyyətdə. Radikal ümidlərin son uğursuzluğundan sonra. Heç bir icması olmayan və fərdi dəyərsizləşdirən bir cəmiyyətdə. Özünü əhəmiyyətsiz edən kütləvi sayların çoxaldılmış gücü ucbatından. Hansı ki xarici düşmənlərə qarşı milyardlarla hərbi xərc çəkdiyi halda, öz daxilindəki nizam üçün pul ödəmirdi. Öz böyük şəhərlərində vəhşiliyə və barbarlığa icazə verirdi. Eyni zamanda, birgə səylərin və düşüncələrin nələr edə biləcəyini kəşf etmiş milyonlarla insanın təzyiqi. Okean dibindəki orqanizmlərə forma verən meqatonlarla su kimi. Dalğaların daşları cilalaması kimi. Küslərin qayaları oyması kimi. Saysız-hesabsız bəşəriyyət üçün yeni bir həyat açan o gözəl fövqəlmexanizm. Onların var olmaq hüququnu inkar edərdinmi? Sən özün köhnəbaxış Dəyərlərdən zövq aldığın halda, onlardan zəhmət çəkməyi və ac qalmağı tələb edərdinmi? Sən – sən özün də bu kütlənin bir övladı və qalan hər kəsin qardaşısan. Ya da bir nankor, bir diletant, bir axmaqsan. Bax, Hersoq,- deyə düşündü Hersoq, madam nümunə istəyirsən, işlər tam olaraq belə gedir...

***

Tamamilə darmadağın olmamısansa, həmişə şükür ediləsi bir şey tapılar.

***

Xeyr, həqiqətən də, cənab Nitsşe, sizə böyük heyranlığım, rəğbətim. Siz bizim boşluqla yaşamağa qadir olmağımızı istəyirsiniz. Özümüzü xoşniyyətliliyə, etibara, sıravi, orta statistik insani mülahizələrə inandıraraq yalan danışmamağa, əksinə, indiyə qədər heç vaxt edilmədiyi kimi, amansızcasına, dəmir bir iradə ilə şərin içinə, şərin vasitəsilə, şəri ötüb keçərək, heç bir alçaldıcı təsəllini qəbul etmədən sorğulamağa çağırırsınız. Ən mütləq, ən kəsici suallarla. Bəşəriyyəti olduğu kimi – o sıravi, praktiki, oğru, üfunətli, nurlanmamış, gicbəsər kütləni rədd edərək; təkcə işçi kütləsini deyil, ondan da betər olan, kitabları, konsertləri və mühazirələri ilə, liberalizmi və romantik teatrallaşdırılmış "sevgiləri" və "ehtirasları" ilə o "təhsilli" kütləni – onların hamısı ölməyə layiqdir və öləcək də. Yaxşı. Yenə də, sizin o ekstremistləriniz sağ qalmalıdır. Sağ qalmaq yoxdursa, amor fati (tale sevgisi) də yoxdur. Sizin immoralistləriniz (əxlaq qaydalarını tanımayanlar) də ət yeyirlər. Avtobusa minirlər. Onlar sadəcə avtobusda ürəyi ən çox bulanan sərnişinlərdir. Bəşəriyyət əsasən təhrif olunmuş ideyalarla yaşayır. Təhrif olunmuş halda, sizin ideyalarınız pislədiyiniz xristianlığın ideyalarından heç də yaxşı deyil. Bəşəriyyətlə əlaqəsini saxlamaq istəyən hər bir filosof, qəbul edilməsindən bir neçə onillik sonra necə görünəcəyini görmək üçün öz sistemini əvvəlcədən təhrif etməlidir. Sizə bu otlu, fani işığın düz kənarından salamlar göndərir və harada olursunuzsa olun, xoşbəxtlik arzulayıram...

***

Bəs bu nəslin fəlsəfəsi nədir? "Tanrı öldü" deyil, o mərhələ çoxdan keçilib. Bəlkə də bunu belə ifadə etmək lazımdır: "Ölüm Tanrıdır". Bu nəsil düşünür – və bu onun ən ali düşüncəsidir ki – sadiq, həssas, kövrək olan heç bir şey qalıcı ola və ya hər hansı real gücə sahib ola bilməz. Ölüm bu şeyləri, sement döşəmənin əldən düşən bir elektrik lampasını gözlədiyi kimi gözləyir. Şüşənin kövrək qabığı bir partlayışla öz kiçik vakuumunu itirir və hər şey bitir. Və biz metafizikanı bir-birimizə bax belə öyrədirik. "Sən elə bilirsən ki, tarix sevən qəlblərin tarixidir? Səfeh! Bu milyonlarla ölüyə bax. Onlara yazığın gələ bilərmi, onları hiss edə bilərsənmi? Heç nə edə bilməzsən! Çox idilər. Onları yandırıb külə döndərdik, buldozerlərlə basdırdıq. Tarix qorxaq və zəif insanların düşündüyü kimi sevginin deyil, qəddarlığın tarixidir.

***

Hər bir cəmiyyətdə qalanlar üçün dərindən təhlükəli olan bir insan təbəqəsi var. Mən cinayətkarları nəzərdə tutmuram. Onlar üçün cəza sanksiyalarımız var. Mən liderləri nəzərdə tuturam. İstisnasız olaraq, ən təhlükəli insanlar hakimiyyətə can atırlar. Eyni zamanda, qəzəb salonlarında doğru-düzgün düşünən vətəndaş öz ürəyini qan ağladır.

***

Özünə nifrət etmək onun üçün praktiki olmazdı. Bəxtimizdən, Tanrı bunun əvəzinə bir əvəzedici göndərir – bir ər.

***

Hər bir xəzinəni əjdahalar qoruyur. Onun dəyərli olduğunu bax belə anlaya bilərsən.

***

Bəzi məqamlarda üzümün, burnumun, dodaqlarımın olmasından nifrət edirəm, çünki onlarda da var.

***

Hissiyyat və qəddarlıq, heç vaxt biri digəri olmadan mövcud deyil, eynilə neft və qalıqlar kimi.

***

Düzünü desəm, heç vaxt işlərim bu qədər yaxşı getməmişdi. Amma belə bir sevinci daşımağa xarakteimin gücü çatmadı.

***

Mən əzab çəkməyi daha çox məşq etmədən qəlbimi açmağa hazıram. Və bunun üçün heç bir doktrina və ya əzab teologiyasına ehtiyac yoxdur. Biz apokalipsisləri, böhran etikasını və onun həyəcanverici dili ilə şaxələnən ekstremizmi çox sevirik. Bağışlayın, xeyr. Mən görmək istədiyim qədər rəzalət görmüşəm.

***

Anlamırmış kimi rəftar etdim. Həyatın ən çətin işlərindən biri, sürətli bir anlayışı yavaşlatmaqdır. Düşünürəm ki, bunu bacardım,- deyə fikirləşdi Hersoq.

***

Yalnız özünə nifrət, ürəyi "qırıldığı" üçün onu özünü məhv etməyə sövq edə bilərdi.

***

Bu, davam edə biləcək bir evlilik deyildi. Madlen onu heç vaxt sevməmişdi. Bunu ona özü deyirdi. "Səni heç vaxt sevmədiyimi demək ağrılıdır. Heç vaxt da sevməyəcəyəm" dedi. "Ona görə də davam etməyin mənası yoxdur".

***

Yenə də, düşünən insanlar və humanistlər uyğun sözlər tapmaq üçün mübarizə aparmaqdan başqa nə edə bilərlər ki? Məsələn, məni götürək. Sağ dörd tərəfə, ora-bura məktublar yazmaqla məşğulam. Yenə sözlər. Mən dil vasitəsilə reallığın arxasınca gedirəm. Bəlkə də hər şeyi dilə çevirmək, Madlen və Gerbaxı bir vicdana sahib olmağa məcbur etmək istərdim. Bax, bu bir sözdür. Əgər onlar əzab çəkmirlərsə, mənim əlimdən qaçıblar deməkdir. Və mən onların qaçmasının qarşısını almaq üçün dünyanı məktublarla doldurmuşam. Mən onları insan cildində istəyirəm, buna görə də bütöv bir mühit uydurub onları tən ortada yaxalayıram. Bu konstruksiyalara bütün qəlbimi qoyuram. Amma bunlar sadəcə konstruksiyalardır.

***

Məsələnin yeganə həqiqətən maraqlı tərəfi, vurulan zərbənin o məhrəm dizaynı idi; onun tam olaraq sizin ölçünüzə görə biçilməsi və bədəninizə işləməsi faktı. Nifrətin demək olar ki, sevgi dolu olacaq dərəcədə şəxsi olması valehedicidir. Bıçaq və yara bir-biri üçün sızıldayır.

***

Beləliklə, işlər çox düşünən və heç nəyə nail olmayanlarla, heç nə düşünməyən və görünür, hər şeyi edənlərlə əvvəlki kimi davam edir...

***

Bir insanı (subyekti) bir əşyaya (obyektə) çevirmək yanlışdır. Mənəvi dialoq sayəsində "Mən-O" münasibəti "Mən-Sən" münasibətinə çevrilir. Tanrı insanın ruhuna gəlir və gedir. Və insanlar da bir-birlərinin ruhlarına gəlib-gedirlər. Bəzən onlar bir-birlərinin yataqlarına da gəlib-gedirlər...

***

Bu və ya digər şəkildə ağlıma o şübhəsiz ki, dəlicəsinə olan fikir gəldi ki, mənim şəxsi hərəkətlərimin tarixi əhəmiyyəti var və bu fantaziya mənə zərər verən insanların mühüm bir eksperimentə mane olduqları təəssüratını yaratdı.

***

Bəs qəlbimdəki bütün o yaxşılıqlar – bəyəm onların heç bir mənası yoxdur?

***

Anlaşılan olanın içindən keçib gedəndə belə bir qənaətə gəlirsən ki, yalnız anlaşılmaz olan hər hansı bir işıq saça bilər...

# 118 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər