Kulis.az Bora Ercanın "Selincer və hindu-buddist fəlsəfə" yazısını təqdim edir.
Selincer həm əsərləri, həm də həyatı ilə XX əsrin ən mübahisəli yazıçılarından biridir. Əsərləri həm bestseller olan, həm də zərərli hesab edilən yazıçının sevəni qədər sevməyəni də çoxdur. Dövrün məşhur ədəbiyyat tənqidçiləri onun kitablarını dəyərləndirərkən kəskin şəkildə bir-birlərinə zidd mövqedə dayanmışdılar. Selincerin kitabları bir çox aspektdən təhlil oluna bilər - biz burada qısaca hekayələrindəki buddist və hind fəlsəfəsi təsirlərini araşdıraraq əsərlərinin özünəməxsusluğunu ortaya qoymağa çalışacağıq.
Yazıçı Şərq fəlsəfələrini, xüsusilə də buddizmin anlayışlarını hekayə və romanlarında XX əsrin digər məşhur yazıçıları -Hesse, Coys, Eliot və Borxesdən daha fərqli şəkildə istifadə etmişdir. Təlimə ürəkdən bağlılığı bu fərqliliyin səbəblərindən biri ola bilərmi? Bu, əlbəttə ki, iddialı bir fikirdir. Belə ki, Selincer özünü heç vaxt buddist kimi təqdim etməmişdir. Digər tərəfdən, Zen fəlsəfəsinin mahiyyəti bütün bu təriflərə qarşı çıxmaqdır. "Çovdarlıqda uçurumdan qoruyan" romanının kommunizm təbliğatı iddiası ilə qadağan edilməsi də maraqlıdır, belə ki, yazıçının özünü dəqiq şəkildə ifadə etdiyi hər hansı bir ideoloji mövqeyi yoxdur. Bu cəhəti ilə o, tam bir satira ustasıdır.
Adının əksər hallarda yalnız soyadı ilə önə çıxması və heç vaxt şəkil çəkdirməməsi Hind və Budda fəlsəfəsindəki "nāma-rüpa" anlayışı ilə əlaqəli ola bilər. "Nāma" həm ad, həm də zehin mənasını verir, "rüpa" isə forma və maddədir. Mütləq həqiqət formasız və adsızdır, maddi forması və zehni olan hər şey bir illüziya (māyā) yaradır. Yazıçının tərki-dünyalıq (inziva) prosesinə də bütün bu illüziyaları aşmaq arzusu gözü ilə baxmaq olar.
Heç şübhəsiz, hər yazıçı ilk növbədə özünü yazır. İnsanı və deməli, yazıçını coğrafiyasından və dövründən ayrı təsəvvür edə bilmərik. Selincer Birinci Dünya müharibəsinin dərhal ardından, 1919-cu ildə doğulub. Həmin illərdə, xüsusilə Avropa ədəbiyyatı tarixində inqilabi xarakter daşıyan kitablar nəşr olunurdu. Məsələn, Eliotun "Bəhərsiz torpaq" poeması 1921-ci ildə, Coysun "Uliss" romanı isə 1922-ci ildə çap edilmişdi. 1940-cı ildə başlayan İkinci Dünya müharibəsinin dağıntıları isə birincidən də ağır idi. Selincer bəşər tarixinin şahidi olduğu bu böyük faciəni bir əsgər kimi tanıdı. Şərq təlimləri qədər əsgərlik və müharibə təcrübəsi də əsərlərində əsas mövzulardan birinə çevrildi. Qızına dediyi "Nə qədər yaşayırsan yaşa, yanıq ət qoxusunu burnundan heç vaxt tamamilə silib ata bilmirsən" cümləsi o günlərin bir xülasəsi kimidir. Selincer müharibənin təsiri ilə keçirdiyi əsəb sarsıntıları səbəbindən bir müddət Almaniyada xəstəxanada qalır.
Həyatı boyu mətbuata müsahibə verməyən, doxsan bir illik ömrünün demək olar ki, yarısını guşənişin həyat tərzi ilə keçirən, 1965-ci ildən sonra heç bir kitab nəşr etdirməyən yazıçı haqqında əlimizdə olan dolayı məlumatlarla müəyyən nəticələr çıxarırıq. Selincerin müharibədə yaşadıqları və ardından insanlardan uzaq bir həyatı seçməsində mahiyyət etibarilə zorakılıqdan imtinanı (ahiṃsa) və riyazəti əsas götürən Şərq fəlsəfələrinin təsiri olmuş ola bilər. Ata tərəfdən yəhudi, ana tərəfdən katolik (bunu sonradan öyrənsə də) olan Selincer "David" adından istifadə etməkdən də qaçınır. Bundan əlavə, yazıçılığa və sami mənşəli inanclardan kənar təlimlərə yönəlməsində onun tacir olmasını istəyən atasına qarşı freydist bir reaksiya da rol oynamış ola bilər.
Bununla yanaşı, müharibədən sonrakı dövr Amerika kapitalizminin yüksəlməyə başladığı, eyni zamanda buddizmə olan marağın da artdığı illərdir. Şərq təlimləri Amerikada rəsmi ideologiyanın bir növ zəhər əleyhinə (antidotu) mövqeyinə gəlir. Həmçinin məhz həmin illər müharibədən sonrakı məyusluğun və yadlaşmanın ədəbi müstəvidə dərin əks-səda tapdığı sərhədsiz bir axtarış dövrüdür.
Yazıçının mənbələri və təlimi necə kəşf etməsi ilə bağlı da müəyyən təsbitlər mövcuddur. Məşhur yapon Zen ustadı D.T. Suzukinin kitablarının digər bir çox yazıçı kimi, Selincer üçün də əsas mənbə olduğunu demək olar. Digər tərəfdən, Vivekananda, onun qurusu Şri Ramakrişna və sufi ustadı İdris Şah Selincerin Şərq təlimlərindəki intellektual bünövrəsi idi. Müasiri olan digər məşhur amerikalı romançı Kristofer İşervud da qurusu Svami Prabhavananda ilə birlikdə yoqa sutraları da daxil olmaqla bir çox əsəri sanskrit dilindən ingilis dilinə tərcümə etmişdi. Selincerin bütün bu kitabları oxuduğu, anladığı və onlardan təsirləndiyi mübahisəsizdir. Zaman-zaman dövrün sufi və Zen ustaları ilə üz-üzə gəldiyi, söhbətlərdə iştirak etdiyi də nəql olunanlar arasındadır.
Selincer bir müddət Kolumbiya Universitetində dövrün tanınmış, hörmətli ədəbiyyat tənqidçisi, redaktor və "Story" jurnalının sahibi Uit Bernettin dərslərində iştirak edir. Eyni vaxtda məşhur alman hindoloqu Henrix Zimmer də həmin təhsil ocağında dərs deyirdi. Şərq fəlsəfələrinə dair ilk toxumlar Selincerin zehnində hələ iyirmi yaşlarının əvvəllərində, məhz o dövrdə atılmış ola bilər.
Bir-birindən fərqli görünən bu üç təlimin çıxış nöqtəsi Vedanta fəlsəfəsidir, dolayısı ilə təməlində hinduizm, buddizm və sufizm bir-biri ilə paraleldir. Vedanta fəlsəfəsi universal həqiqət də adlandırıla bilən Brahman anlayışının təkcə insanın xaricində deyil, daxilində də mövcud olduğunu, lakin gündəlik həyatın illüzor təbiətinə (maya) görə bunun dərk edilmədiyini vurğulayır. Buna görə də əsas həyat məqsədi hər ikisinin vəhdətdə olması üçün ediləcək təcrübələr və həyat tərzidir. Yekun bütövləşmə və ya kamilləşmə halı ümumilikdə "aydınlanma" adlanır. Bu səbəbdən Advayta Vedanta fəlsəfəsi Tanrı ilə insanın bütövlüyünü, bir-birindən ayrı olmadığını müdafiə edən monist bir fəlsəfədir.
Gələk, bütün bu fəlsəfələrin Selincerin əsərlərindəki əksinə... Zen buddizmində aydınlanmanın mühüm vasitələrindən biri cavabı olmayan və ya saysız-hesabsız cavabı ola biləcək tapmacalar deyə biləcəyimiz koanlardır. Koanların məntiqi bir cavabı yoxdur, onlar sadəcə bir sualdır və əsas məqsədi vərdişlərə əsaslanan düşüncə qəliblərini qırmaqdır. "Çovdarlıqda uçurumdan qoruyan" romanında Holden Kolfildin Nyu-Yorkdakı Mərkəzi Parkda yerləşən gölün donduğu qış günlərində ördəklərin və balıqların hara getdiyini taksi sürücülərindən və ətrafındakılardan dəfələrlə soruşması uşaq sadəlövhlüyündən daha çox müasir bir koan kimi dəyərləndirilə bilər. Koan birbaşa məntiqi cavabı olmamasından savayı, insanı aydınlanmaya yönəltməyi hədəfləyir. Üstəlik, Selincerin bəzi hekayələri də sanki uzun bir koandır, hekayə yarımçıq kimidir, qəsdən tamamlanmamış saxlanılıb, lakin oxucu davamını özü gətirir.
5-7-5 heca formasında yazılan Zen şeiri hayku da hekayələrdə özünə yer tapır. Koanlar qədər sarsıdıcı olmasa da, haykular "an"a etdikləri istinadlar, fəsil obrazları, pastoral təbiət assosiasiyaları və yüngüllükləri ilə insanı ruhi və zehni bir hala salır.
Koan da, hayku da nəticə etibarilə satori üçündür. Satori qısa və ani aydınlanmadır.
Reinkarnasiya düşüncəsi və ya inancı "Teddi" adlı hekayədə çox aydın şəkildə özünü göstərir. Teddi əvvəlki həyatında aydınlana bilmədiyi üçün bir daha dünyaya gəlmişdir.
Nümunələri artırmaq olar. Samsara dövrü, ali insanlıq (rişilik), təknöqtəlilik (ekaqrata), azad olma (mukta), mantra təkrarı (capa) kimi çoxsaylı anlayışlar mətnlərdə gözlənilməz şəkildə oxucunun qarşısına çıxır.
Selincerin ədəbiyyatı Qərbin ekzistensial iztirabları ilə Şərqin daxili axtarışının kəsişmə nöqtəsində dayanan bənzərsiz bir dayanacaqdır.
Selincer oxucunun zehninin sabit qəliblərini qıraraq onu öz daxili səssizliyi ilə üzləşməyə çağırır.
Dilimizə uyğunlaşdırdı: Aydan Ağayeva