"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?
7 iyun 2026
# 10:00

Bu gün məşhur yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun doğum günüdür.

Kulis.az professor Taylan Karanın "Orhan Pamuku "tənqid edə bilməmək", İlber Ortaylının yanılması və məscidin balkonu haqqında " yazısını təqdim edir.


Orxan Pamukun kitabları haqqında yayım orqanlarında neçə ədəbi tənqidə rast gəlmisiniz? Orxan Pamukun kitabları tənqid edilmir. Tənqid deyə yazılanların tənqidlə uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Əsaslandırılmış ədəbi tənqidlər isə ancaq oxucu kütləsinin böyük bir hissəsinin uzaqlaşa bilməyəcəyi (çata bilməyəcəyi) yerli və məhdud məcrada özünə yer tapa bilir.
Orxan Pamukun bir kitabının tənqidi deyə “tənqid”lərin ön plana çıxarılması, sadəcə bu kitabı bəsləməyə və onu tərifləməyə yarayır. Belə bir “tənqid!”, sadəcə bu kitabla bağlı tənqidləri karikaturaya çevirməyə və dəyərsizləşdirməyə xidmət edir. Bu növ yazılarda onsuz da hər hansı bir estetik baxış yoxdur.

Bəzən də Fatih Altaylının yazısında olduğu kimi “tənqid” deyə əslində ədəbi bir ucaltma vardır.

“Darıxdırıcıdır” deyə tənqid olar? Tez-tez bu cür “tənqidləri” oxuyuruq: “Orxan Pamukun kitabları darıxdırıcıdır”, “Orxan Pamukun kitablarını bitirə bilmirəm”.

Bu növdən olan əsaslandırılmamış və subyektiv ifadələr bir tənqid olmadığı kimi, özlüyündə müsbət və ya mənfi bir məzmun da daşımır. Romanlar, müəyyən bir oxucunun bitirib-bitirə bilməmək qabiliyyətinə və ya darıxdırıcı hesab edib-etməməsinə görə sinifləndirilə bilməz.

Bir kitabın ədəbi keyfiyyəti oxucuya darıxdırıcı və ya əyləncəli gəlməsinə görə qiymətləndirilə bilməz.

Bir kitabın bitirilə bilən olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. C. Coysun "Uliss"i (Ulysses) də çox oxucu üçün bitirilə bilməz, M. Prustun “İtirilmiş zamanın axtarışında” kitabı da çox oxucu üçün darıxdırıcıdır. F. Kafka da, T. Mann da, L. Tolstoy da darıxdırıcı və ya bitirilə bilməz deyə xarakterizə edilə bilər. Bu növ “tənqid”lərin heç bir dayağı və əhəmiyyəti yoxdur.

Məscidin balkonu


Orxan Pamukun “tənqid edilə bilməməsi"nin ən çox bilinən nümunəsi professor İlbər Ortaylının 2006-cı ildə söylədiyi bu sözlərdir:

“Orxan Pamukun bir kitabında "İmam ikindi (əsr) namazı saatında məscidin balkonuna çıxaraq ikindi əzanını oxudu" cümləsi var. İndi bu cəmiyyətdə yaşayan hər bir insan bilir ki, namazın saatı olmaz, vaxtı olar. Məscidlərdə balkon deyilən bir yer yoxdur, minarənin şərəfəsi vardır. Azanı da imam deyil, müəzzin oxuyar. Bu nümunə ilə də sabitdir ki, şəxslər, içindən çıxdıqları cəmiyyəti bilmədən bir şeylər etməyə çalışanda düzgün şeylər etməzlər. Mənə görə, Pamuk, türkçəni də, ingiliscəni də bilmir”.

Bu ifadələr illərlə Orxan Pamuk ilə bağlı sanki tək tənqidmiş kimi bir çox yerdə deyildi.

Diqqət - nəyin vacib olduğunu anladığımızda ortaya qoyduğumuz bir refleksdir. Bu gün media daimi bir bombardman halındadır, mütəmadi olaraq diqqətimizi yayındırır.

Bu cümlələrin məzmunu ilə bağlı doğru-düzgün bir müzakirə belə aparılmadan illər keçdi. Bir çox insan üçün Orxan Pamukun ədəbi tənqidi yalnız bu cümlələrdən ibarət idi. Altı il sonra, 2012-ci ildə İ. Ortaylı bu məsələyə özünəməxsus şəkildə aydınlıq gətirdi və bu ifadənin "Qar" kitabının ilk 13 nəşrində keçdiyini, 14-cü nəşrindən etibarən isə düzəldildiyini söylədi.

Bu ifadələr doğrudurmu? “Həqiqətən "Qar" kitabında belə bir cümlə varmı?” sualına necə cavab verə bilərik? "Qar" kitabının ilk 13 nəşrini incələyər və belə bir cümlənin olub-olmadığına baxarıq. Bu qədər bəsitdir.

Bu bəyanatdan sonra 4 ildən çox bir vaxt keçdiyi halda, bu mövzuda tək bir sətir belə görmədim.

Mən də bu bəsit şeyi etdim. "Qar" kitabının 1-ci nəşrini əldə etdim və sırf bu cümləni axtarmaq üçün ikinci dəfə oxudum; sonrasında daha da əmin olmaq üçün elektron mühitdə kitabda bu ifadələri axtardım.

Orhan Pamukun "Qar" kitabında belə bir cümlə keçmir. İlber Ortaylının bu mövzuda söylədikləri həqiqət deyil, yanlışdır, yalandır. İ. Ortaylı bunu şüursuz şəkildə söyləyibsə yanlışdır, qəsdən söyləyibsə bu yalandır.

Bir yalana əsaslanan tənqid olar? Bir yalan üzərində, bir yanlış məlumat üzərində doğru bir tənqid inşa edilə bilərmi?

Sizin xoşunuza gəlir deyə, sizin fikirlərinizə uyğun gəlir deyə bir yalana qarşı səssiz qalmaq əxlaqi bir mövqedir?
Bu növ yanlışlar/yalanlar, sadəcə hədəf aldığı şeyi bəsləməyə və mövzu ilə bağlı keyfiyyətli, əsaslandırılmış tənqidləri gizlətməyə yarayır.

Məsələn, Tahsin Yücelin "Qara Kitab" ilə bağlı yazdığı əsaslandırılmış dil tənqidi nə qədər yayılmışdır, nə qədər yer tapa bilmişdir?

Məsələn, Cengiz Gündoğdunun "Qar" kitabı haqqında yazdığı “Qar… Sınıq bir meta” başlıqlı tənqid yazısı neçə nəfərə çatmışdır? Orxan Pamukun "Qar" kitabı ilə bağlı onlarla tərif dolu yazı hər an hər yerdə gözümüzə soxularkən, bu kifayət qədər sağlam və əsaslandırılmış tənqidi tapmaq üçün bir xəfiyyə kimi böyüdücü şüşə ilə araşdırma aparmalı olursunuz. 2002-ci ildə yazılmış bu yazının internetə çıxışı ola bilsin və axtaran oxucular çata bilsinlər deyə oturub şəxsən mən yazmış və internetə qoymuşdum; 2017-ci ildə internetdə axtardığımda, aradan keçən illərə rəğmən bu yazıya hələ də sadəcə mənim əllərimlə tək-tək yazdığım o linkdən daxil olmaq mümkündür.

“Məscidin balkonu” kimi yalan/yanlış ifadələr, Ahmet Yıldızın "Ağ qala" romanı üçün 1996-cı ildə yazdığı tənqidlərin yerini aldıqda, oxucu tənqid deyə konkret tənqidlər yerinə yalanlarla qarşılaşdıqda, ortaya “müqəvva yaratmaq” deyə xarakterizə edə biləcəyimiz bir “tənqid!” tərzi çıxır.

Tənqidi “məscid balkonu” yalanına/yanlışına endirəndə həmişə haqlı çıxan Orxan Pamuk olacaqdır.

Tənqid edə bilməyən “tənqidçilər”


Ahmet Yıldızın tənqidinə cavab nə qədər verilmişdir? Verilmişdirmi? Tənqidçilərin inandırmaq ya da müzakirə etmək kimi bir dərdləri yoxdur və heç vaxt da olmayıb.

Çünki bu ölkədə bu cümlələri yazarkən üzü qızarmayan bir tənqidçi prototipi vardır:

“Ağ Qala" romanındakı oğurluq iddialarına qarşı onu Orxan Pamuku - "böyük yazıçıdır, eynilə götürmüş olsa belə, öz möhürünü vurmuşdur - deyə müdafiə etdim”.

Emre Konqarın bu fikri qısacası “gözümlə görsəm belə inanmaram” deməkdir. Buradakı “belə”, kitabı oxumamışlığın ifşasıdır, “öz möhürünü vurmuşdur” demir, “görmədim, amma mütləq elədir” deyir. E. Konqarın tərifçiliyi, oxumadan tərifləməsi çox tanışdır. "Qar" kitabı üçün bu cümləni yazmış bir “tənqid etməyən”dir özü:

“"Qar" kitabı ilk çıxanda böyük bir həvəslə aldım və üzərində bir tərif yazısı yazmaq üçün sətirlərin altını cızaraq oxumağa başladım…”

Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi, dərinliyi və əxlaqı budur.

Orxan Pamukun kitabları bazar ədəbiyyatının yayım orqanlarında tənqid edilmir.

Bu yazının başlığındakı “tənqid edə bilməmə”nin iki mənası vardır:

Orxan Pamuk tənqidi deyə cəmiyyətə yeridilən, önə sürülən yazıların-mövqelərin tənqidlə heç bir əlaqəsi yoxdur; bu yazı-mövqelər sadəcə keyfiyyətli tənqidləri ört-basdır etməyə, onları karikaturaya çevirməyə kömək edir.

Orxan Pamukun ədəbi-estetik müstəvidə bir tənqidi qadağandır. Heç bir “ana axın” (meynistrim) mədəniyyət-sənət aparatında buna yer verilməz.

Bir yazıçını tənqid etmək qadağan ola bilərmi? Bir yazıçının çıxardığı bir kitabla bağlı təriflər xaricindəki ən kiçik bir ədəbi tənqidin belə “cahilliklə”, “sənətdən anlamamaqla” ittiham edilməsi nə deməkdir?

# 141 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər