Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri

Mən qurd kimi gəmirərdim bürokratizmi - Günün şeiri
19 iyul 2023
# 13:40

Bu gün böyük şair Vladimir Mayakovskinin doğum günüdür. Kulis.az bu münasibətlə onun Rəsul Rzanın tərcüməsində “Sovet pasportu” şeirini təqdim edir.

Mən qurd kimi
gəmirərdim
bürokratizmi.
Mandatlara qarşı
yoxdur hörmətim.
Rədd olsun cəhənnəmə
hər hansı kağız!
Dalınca qara daş!
Lakin mən bunu...
Kupe və kayutların
cəbhəsi boyu
ədəbli
çinovnik keçir.
Təqdim edirlər
pasportu bir-bir
çıxarıb verib bax, hamı.
Mən də
təqdim edirəm
öz qızıl kitabçamı.
Bəzi pasporta qarşı
dodaqlarda qımışıq.
Bəzisinə
tüpürmək
istəyən yoxdur belə.
Məsələn,
hörmətlə
alırlar ələ
üstündə yerli-yataqlı
ingilis aslanı olan pasportları.
Gözləriylə yeyərək
hey möhtərəm dayını,
təzim eləməkdən
usanmayaraq,
alırlar,
çay pulu alırmış kimi.
Alırlar çaparaq,
alırlar haman
pasportu amerikalıdan.
Gözləri bərəlmiş baxırlar
Küt polis
qabalığıyla,
Polşa pasportunu görəndə.
Baxırlar,
baxırlar –
elə bil ki, baxır
dəvə nalbəndə.
– Əcəba nədir bu?
Xəbərdar deyildik.
Əcəba bu nə,
coğrafi yenilik?!
Kələmə bənzəyən kəllə
çevrilmədən,
büsbütün qeydsiz,
duyğusuz,
göz belə qırpmadan,
ehtiram bilmədən,
pasportu alırlar,
daniyalı
və sair şveddən-mveddən.
Və birdən,
elə bil,
çinovnik cənabın
dodağı
bir közə toxundu, alırkən əlinə
qırmızıqabıqlı pasportumu.
Alır
bomba
kimi,
alır ülgüc kimi,
elə bil,
tikanlı kirpini
götürür əlinə,
bir əfi
ilana
yapışırmış kimi
əlindən
ötürür
əlinə.
Hambal bir göz vurdu
mənalı-mənalı:
şeyləri
müftəcə aparar, amma...
Jandarm
sorğuyla baxdı bir tez polisə,
polis də jandarma.
Ax, necə
ləzzətlə
bu jandarma silki
məni qamçılar,
boğardı,
çünki əllərimdə
çəkişli,
oraqcıqlı
Sovet pasportu vardı.

Mən qurd kimi
gəmirərdim
bürokratizmi.
Mandatlara qarşı yoxdur hörmətim.
Rədd olsun cəhənnəmə
hər hansı kağız!
Dalınca qara daş!
Lakin
mən bunu...
Çıxarıb
geniş yan cibimdən
deyirəm:
Oxuyun!
Bu pasportu
mənəm
daşıyan.
Alın...a!
Yana-yana
qalın...a!
Mən
Sovet
vətəndaşıyam!

1929

# 7674 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #