Yatmaq istədiyim qadının facebookda yazdığı

Yatmaq istədiyim qadının facebookda yazdığı
2 sentyabr 2014
# 10:23

Mən kişi fahişəsi deyiləm !

Ramiz Atabəy

“Adım anonim qalsın. Mən iki ildi evliyəm, amma uşağımız olmur. Məndə problem yoxdu. Problem ondadır. Bilmirəm, necə izah eləyim. Əslində, onda da hər şey qaydasındadır, amma məndən qaçır. O, pul qarşılığında başqaları ilə olur. Evə yorğun gəlir və mənlə yaxınlıq etmir. Kimin belə şey başına gəlib, ya da hardansa eşidib? Neyniyək? Psixoloq yanına gedək, yoxsa…? Cavab yazarkən mırtlaşmayın. Problemim olmasa, bura yazmaram. Hamımız insanıq”.

Güldüm, həm də səsli. İşdən yorğun gəlib boş qarına mürəbbəsiz çay içərək feysbukdan bu yazını oxumaq və sakit durmaq çətin alınası iş idi. Bir az əvvəlki tıxac əsəblərimi korlamışdı. İşdə iş deyil deyib telefonu divanın altına sürütlədim. Sol çiynim üstdə çevrilib divanın üstündəki bəzəkli adyala gözlərimi dikdim. Nəyi düşünürəm belə sərt - sərt, fərqində deyiləm. Evə sığışa bilmirəm. Pul lazımdır, həm də asan və tez tapılan. Kirayənin pulu da yaxınlaşır. Yeməyə, yola, geyimə, suya hər şeyə pul, hər şeyə. Ən asanı istifadə etməkdir. Bacardığın qədər istifadə etmək. Satmaq lazımdır cinsindən, irqindən aslı olmadan bacardığın qədər, öz bədənini belə. O qadının kişisi kimi. Adam pul qarşılığında kimlərləsə yatır, ardıyca da pulunu cibinə qoyub həyatına geri dönür. İşə bir bax, ləkəsiz, qoxusuz və əziyyətsiz, sadəcə seksual üstünlük sayəsində pul qazanmaq. Bəlkə də buna alfons deyirlər. Qadın, üstəgəl seks, bərabərdir pul.

O yazını oxuduğumdan günlər keçsə də asan və yüngül iş sayəsində pul qazanmaq heç də pis fikir deyildi. Həm bunu bir kimsə də bilməyə bilər. Gizli saxlamaq çətin olmayacaqdı. Axı mənim bakirəlik və ya öpülməmiş dodaq kimi problemim yoxdur. Rayona da qayıtdığımda hamının üzünə rahat şəkildə baxacağam. Həmçinin dədəmdən pul da az – az istəyərəm. Bunları düşünüb sürücünün istifadə etdiyi güzgüdən öz qollarıma və bədənimə baxdım. Niyə də yox? Cinsi gücüm də kifayət qədərdir...

İş yerimə tez çatmaq üçün tələsirdim. Bir market daxilində anbardar olmaq. Amma içimdəki hava bir başqaydı. Qadın qoxusu alırdım un kisələrinin üst – üstə düzülüşündən. Fəhlələrin yük qaldırdıqları an onlara baxıb qadın müştərilərimlə yaşayacağım anları, onları məmnun edəcək müəyyən pozaları düşünürdüm. Amma hələ də tərəddüd içindəydim. Az əvvəl müdirin otağında olarkən təhlükəsizlik kameralarının qoşulduğu monitordan marketə gələn qadınları seyr edirdim. Yəqin ki, mən zəngin qadınların müştərisi olacaqdım. Bir seansa 100 manat…

İş saatı 8-də bitir, amma fəhlələr anbarı saat 6-da tərk edirlər. İki saat vaxtı telefonla qurdalanır və ya internetdən nələrsə seyr edirdim. Axtarış portallarına girib müəyyən hissəyə fahişə yazdım. Çıxan nəticələr nəsə maraqlı gəlmədi. Bir yolunu tapıb ağlımdakı yüngül peşəyə yiyələnməliydim. Elektrik somavarından fincanıma çay süzüb masa arxasına əyləşdim və yeni feysbuk hesabı açmaq qərarına gəldim.

Nə ad seçim, necə edim, heç bir fikrim yox idi. Amma ağlımda olan gizli saxlamaq şərti ilə müştəri aramaq idi. Bir ad seçib qarşıma çıxan yetkin qadınlara təkrar-təkrar esemes yollayırdım. Hər dəfə profillərini izləyib esemes yazırdım. Bir - iki gün ərzində cəmi 3 - 4 cavab gəldi. Onlar da boş şey yazmışdılar.

İlk müştərini özümə tam inandırmaq üçün dünən gecə penisimin üç - dörd tərəfdən rəsmini də çəkmişdim, amma hələ də yazan yoxdu. Qərara gəldim ki, bir başa belə bir şey təklif etmək doğru olmazdı və mən də günlərlə müştəri qismində baxdığım onlarca xanıma yazır söhbətləşirdim. Bir neçəsinə daha yaxın olduğumu hiss etdim və arasından birini seçib yaşamaq istədiyim və can atdığım həvəsin mətləbini anlatan esemes yazdım.

Mesajım görülmüşdü, amma qarşı tərəf susurdu. Bir an söhbət hissəsində qələm rəsmi əmələ gəldi. O yazırdı, mənsə gözlərimi monitora dikib cavabı yox, ilk müştərimi gözləyirdim. Cavab gəlsə də üzümün rəngi qaçmışdı. Mənə sual vermişdi, günlərdir içimdə olan hər şeyi bitirəcək və məni utandıracaq bir sual. Ona bir sətirlik bir şey yazıb kompüterin sönmə düyməsini basıb işdən ayrıldım. Addımlarımı bərk – bərk basıb o sualı düşünmək istəmirdim. Əllərimdəki cızıqlara baxır, üstümdən gələn ucuz ətri qoxlayıb yumruğumu sıxdım. Dayanacağa məni mənzil başıma aparacaq marşrutla birgə çatmışdım. Qapılar açıldı və addım atıb pilləkənləri qalxdım. Qapı bağlandı.

Sual belə idi: Fahişəliyin kişi variantını da tapdız?

# 2762 dəfə oxunub

Müəllifin son yazıları

# # #