Anar Məcidzadə
Dostluq
Dostunun adına gətirsən ləkə,
Haramdır onunla kəsdiyin tikə.
Dostunun qədrini bilməsə insan,
Həyatda yaşamaq deyildir asan.
Kişinin dostu da kişi gərəkdir,
Dost ki var arxadır, saf bir ürəkdir.
Dostluq bölünməzdir - yoxdur bir heca,
Çalış ki dostluğu uca tut uca.
Əgər dost olarsa bütün bu bəşər,
Yer üzü, bu dünya tam gözəlləşər.
Dostluqdur dünyanın xilası ancaq,
Onunla bu bəşər nicat tapacaq.
Həyatımda var oldun
Sən sevdiyim yar oldun,
Qəlbə hökmdar oldun.
Nə yaxşı ki əzizim,
Həyatımda var oldun.
Günəş oldun - isindim,
Sevincinə sevindim.
Sən oldun həyatımda,
Xoşbəxtliyim, sevincim.
Ay dilimin əzbəri,
Sən sevdiyim bir pəri.
Ayırmasın Yaradan,
Dünyada sevənləri.
İndi gərəyim də sən,
Sevən ürəyim də sən.
Səni görəndən bəri,
Hər an ürəyimdəsən.
Ay sevimli gül nigar,
Qışım olubdur bahar.
Məhəbbət var olduqca,
Ölməzdir bu misralar.
Yazdığım hər bir sətir,
Aləmə yayır ətir.
Bu aşiq ürəyimdə,
Sonsuz məhəbbət bitir.
Tanrı bizə yar olsun,
Sevgimiz də var olsun.
Eşqin qədrin bilməsə,
Bu şairə ar olsun.
Gecənin qaranlığı
Gecənin qaranlığı,
Gör düşübdür nə vaxtdır.
Hamı yatıbdır çoxdan,
Tək aşiqin oyaqdır.
Gözümə yuxu getmir,
Yuxum da olub haram.
Bilmirəm sənə, yoxsa,
Yaradana yalvaram.
Yalvaram ki, həsrəti,
Hicranı tez bitirsin.
Ayrılığın yerinə,
Gülüm, vüsal gətirsin.
Ürəyində bitir məni
Ayrılığın dəmi soyuq,
Şaxta kimi kəsir məni.
Sənsizlik də sənin kimi,
Götürübdür əsir məni.
Ötüb keçir belə yaşım,
Neçə yazım, neçə qışım.
Dərdindən ağardı başım,
Həsrətin də didir məni.
Unutmaq da olmur daha,
Ümid qalıb tək Allaha.
Sən olduğun xoş sabaha,
Apar məni, ötür məni.
Belə saymış yəqin fələk,
Əsir soyuq, qara külək.
Unutmazdır səni ürək,
Gəl, eşqində itir məni.
Ürəyində bitir məni.