Anasının dininə asi düşən oğul

Anasının dininə asi düşən oğul
11 sentyabr 2019
# 13:12

Kulis.az Mikayıl Qəhrəmanovun “Dinimiz kino” yazısını təqdim edir

Bir dostumun inancla bağlı, öz həyatında baş vermiş və mənim də bəzi suallarıma cavab vermiş bir hadisəni danışacam öncə.

Üç ilə yaxın universitetə qəbul imtahanına hazırlaşmış dostum həmin ərəfədə türklərin əhatəsində, dinin böyük təsiri altında bir dövr keçirib. Ramazanda oruc tutar, bayram namazlarına gedər və mümkün qədər dinin qadağan etdiyi əməllərdən uzaq durarmış. Dost-tanış əhatəsindən əlavə evdə anası da uzun illərdir namaz qılar və islamın vacib şərtlərinə əməl edərmiş. Hazırlıq müddəti bitikdən sonra bəhs etdiyim dostum universitetə qəbul olur və inancının itməsinə doğru girəcəyi yolun başlanğıcına ayaq basmış olur. Oxuduğu ədəbiyyat, elmi məqalələr və yeni tapdığı intellektual əhatə onu tamam inancsızlığa itmiş və illərdir əməl etdiyi qanun və əməllər toplusunun yanlış olduğuna dair iddialar ortaya atmışdır.

Sürətlə dini inancından uzaqlaşan dostum bir gün qərara gəlir ki, əgər illərdir izlədiyim yol yanlışdırsa mən bunu anamla da paylaşmalı, ona da oxuduğum və öyrəndiklərimi deməli, nəticə etibarı ilə onu da, bu yoldan çəkindirməliyəm. Di gəl ki, türklər demiş evdəki hesab çarşıya uymamış. Tətillərin birində rayona qayıdan dostum bunu bacısı ilə bölüşür, bir uğur əldə edibmiş kimi böyük həvəs və şücaətlə anasını da bu yoldan döndərəcəyini bacısına bildirib. Təmkinli bacının verdiyi cavab tez alışan dostumun tez də sönməsinə səbəb olub. Bacısı: "Ananın 50-dən artıq yaşı var, o 20 ilə yaxındır namaz qılır, ibadət edir, ən çarəsiz anlarında hər şeyi yoluna qoyacaq olan birinin varlığına inanır, bundan sonra nə qədər yaşayacağı bəlli deyil on il, on beş il və sən 50 yaşı olan qadına 50 ildir yanlış yaşadığını və əslində inandığı, ümid etdiyi bir varlığın olmadığını bir anın içində sübüt edib, nəticəsi barədə düşünmüsənmi?" deyib. Təbii ki bacısı haqlı idi. Dostum bundan heç nə əldə edə bilməyəcəyini, əksinə anasının səhhətinə və bundan sonrakı yaşamına mənfi təsir edə biləcəyini anladı.

Dostum anladı da anlamağına, amma yaşadığımız dünyada bizim digər inancımız olan kino inancımızı qırmağa çalışan nə qədər adamlar var.

Kinonun öz qanunları, qaydaları və ən əsası da öz dünyası var. Kinodan ziyadə kino izləyicisinin bunlara inancı və bir növ qəbul etmə şəkli var. Kino sənətin bir qoludur, o qolu ki izləyicini real aləmdən alır və özünün yaratdığı aləmə dartıb aparır. Bu aləmdə dinozavırlar hələ ölməyib, insanın sonsuz gücü və düşünmə qabilliyəti, heyvanın dili, beş yaşlı körpənin fərqli baxış açısı var. Kino inanclı izləyiciyə izlədiyi o mavi ekrandakı aləmə, oradakı təsadüflərə, sevgi macərasına, qəribə dost ortamalarına, bir adamın digər birinin fikirlərini oxuya bilmə qabilliyətinə inanmağa və bunları qəbul etməyə sövq edir. Kino əslində bir alətdir, həzz hissini işə salmaq, bir neçə saatlıq da olsa reallığdan uzaq olmağı, oradakı- "əşşi bu ola bilməz" dediyimiz şeylərə ilişib qalmamağı bizə inandırmağa çalışan bir alət. Reallığı həm yaşadığımız həyatdan həm də kinodan tələb etmək mənim açımdan yanlışdır.

Tarkovskinin "Zerkalo" və ya Hanekenin "Amour" filməlirini izlədikdən sonra oradakı reallıqdan əziyyət çəkmişəm. Oradakı həqiqi həyat detalları məni yaşadığım həyata və çətinliklərin düz ortasına onuncu mərtəbədən firladıb atdı. Halbuki həyata bir neçə saatlıq fasilə vermək və reallıqdan uzaq qala bilmək üçün baxırdım kinoya. Bu yanlışdır demirəm və bunu deməyə də haqqım çatmır. Lakin filmlərdəki hər qeyri-real görsənən detala ilişib qalmaq, kinonu real olmamaqda ittiham etmək əslində digər sənət növlərini də ittiham etməyə bərabərdir.

İzlədiyin hər hansı bir aksiyon filmində oradakı maşınların sürətinə və ya bank qarət etmək planı qurmuş dəstənin planlarına "Bu mümkün deyil", "Bu nağıldır" demək, Davinçinin İsanı və 12 həvarisini təsvir etdiyi "Sonuncu şam yeməyi" əsərinə "Bu əslində olmayıb, yalandır" və ya Van Qoqun "Ulduzlu gecə" əsərinə baxıb "Belə gecə, bu cür ulduzların olması mümkün deyil" demək eyni şeydir. Olmayıb, ola bilməz bunlar aydınıdır, lakin sənət sənə nəyisə sübüt etmək üçün yaranmayıb. Sənət ona baxıb həzz alman üçün, sənətçi isə yüzlərlə, minlərlə nəfərlərin cəsarət edib söyləyə, hayqırmağa gücü çatmayan şeyləri qeyri-real vasitələrlə, sənətin növləri ilə dünyaya çatdırır. Kino bizim inancımızdır və gəlin inancımızı qırmayaq.

# 4050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #