Az qalırdım o qızı Google-da axtarım

Az qalırdım o qızı Google-da axtarım
27 dekabr 2012
# 16:10

Nurlan Hüseyn

Hekayəsizlik

Həyatda bir neçə dəfə belə olur. Qəfil qarşına biri çıxır və sən başa düşürsən ki, niyə indiyə qədər heç nə ürəyincə deyildi, hər şey yarımçıq, dadsız mənasız idi?!

Anlayırsan ki, əslində yalnız o çatışmırmış.

5-ci gün – iş həftəsinin son günü idi. Qatarda – “Qara Qarayev” stansiyasına gedirdim. “Ulduz” stansiyasından “Koroğlu”ya uzun tuneli keçirdik. Çox isti olmağa başlamışdı. Yorğunluq, qatarın uzun çəkən səs-küylü yürüşü bir anlıq məni partlayış həddinə gətirmişdi.

Nəhayət çatdıq. Qapılar açıldı. İnsanlar qatardan kürü balığın qarnından tökülən kimi tökülüşdü.

İndi nisbətən rahat idi. İki dəqiqəlik yolum qalmışdı. Sonra mən dünyanın ən cansıxıcı yeraltı səfərini başa vuracaqdım.

Qatar “Qara Qarayev” stansiyasına çatdı. Əzilmiş vəziyyətdə səbirsizliklə ən öndə qapının açılmağını gözləyirdim. Qatar dayandı, qapılar açıldı və mən özümü çölə atdım. Bir saniyəlik nəfəs dərmək istəyirdim. Dayandım. Qəfil tələsik özünü qatara çatdırmaq istəyən bir qız mənə doğru gəlməyə başladı. Yolu üstə məni də yenidən qatara salmasın deyə, ona yol vermək üçün kənara çəkildim. Həm də onu narazı şəkildə süzməyi planlaşdırırdım. Qız özünü qatara salıb, üzünü bayır tərəfə çevirdi…

Sən demə, bu, yaddaşdan asan silinməyəcək bir tarix imiş. O, çox gözəl idi.

Əlbəttə, bu sözlər elə bir şey ifadə etmir. Biz demək olar ki, hər kəsə gözəl deyirik. Bu fərqləndirici özəllik ifadə etməyə bilər. Amma əminəm, bu sözləri hər kəsin inanaraq yalnız bir nəfərə aid etdiyi olub. “O, çox gözəldir” deyərək, əslində, “o, hamıdan gözəldir”, “mən onun vurğunuyam” demək istəmişik. Onun çiyinlərinə tökülmüş az buruq saçları, batıq yanağı, yanağının yuxarısındakı xalı, qorxmuş məsum uşaq baxışı, şıltaq gülüşü yaxşı təchiz olunmuş qoşunun öldürücü silahları idi. Mən donub qalmışdım. Onun da üzündə mənim narahat halıma təəccübdən doğmuş “noldu” deyə, sual ifadə edən gülüş donmuşdu. Dünyaya açılandan qayğı və sevgidən başqa heç nəyə şahid olmamış saf uşaq gözləri oynayırdı.

Tutqun rəngli, dama-dama köynəyini dar klassik şalvarının içinə salmışdı. Şalvarının belinə taxdığı nazik kəməri özünün incəliyinə nümünə idi. Açıq sinəsində yaxşı görə bilmədiyim medalyon vardı. Paltarlarının dar hissələri bədəninin idmana uyğunluğundan xəbər verirdi.

Bəzən qatarın bilmədiyimiz səbəbdən stansiyada xeyli vaxt durduğu, gecikdiyi olur. İndi də beləydi. Deyəsən, bir ömür belə keçəcəkdi. O vaxt razı olardım hətta. Qatar getmirdi. Qapılar bağlanmırdı. Mən gözümü ondan çəkə bilmirdim.

Böyük bir inkar. Axı necə ola bilərdi, illərlə həyatında özəl yeri olduğuna inanaraq gözlədiyin birisi ilə belə namünasib vaxtda rastlaşasan?!

Bu cəzaydı. Hətta belə cümlənin sonunda adam sual işarəsi yox, cəza işarəsi qoymaq istəyir.

Qatarın getməyə hazırlaşdığını xəbər verən səs ürəyimi bürüyən həyəcan səsləri ilə həmahəng guruldamağa başladı. Böyük bir ümidsizlik içindəydim. Deyəsən, bu, üzümdə də ifadə olunmuşdu. Ətrafdakıların maraqlı baxışlarından da utanmağa başladım. Belə səfil bir vəziyyət yaranmışdı. Bir dəfə də ona baxmaq istədim. Ümumiyyətlə, bu ehtiyacımı heç vaxt ödəyə bilməyəcəyimi düşünürdün. Bu dəfə onun üzündə ciddi, amma ümidverici ifadə vardı. Təqribən, o, deyirdi: “Mən nə edə bilərəm? Vəziyyət ikimiz üçün də münasib deyil. Bəxtindən küs”.

Qapılar dəhşətli şəkildə taqqıldayıb, bağlandı. Məni vahimə basmışdı. Qızın üzü qapıların birləşdiyi qaranlıq hissəyə düşdüyündən, mən başımı yana əyib ona baxmağa çalışdım. O da çölə baxmaq üçün biraz yana əyilmişdi. Yenə gülürdü.

Qatar asta-asta qaranlığa doğru hərəkət etməyə başladı. Həqiqətən, kövrək məqam idi. Belə bəxtsizlikmi olar?!

Qəfildən niyə qatara minmədiyimi fikirləşməyə başladım. Doğrudan axı niyə minmədim? Düzdür, qatarda ona heç nə deyə bilməyəcəkdim, amma əvvəl axır o, qatardan düşəcəkdi, axı.

Adam bu qədər lox olmaz?

Pərt oldum. İndi gör, o, nələr fikirləşirdi . Amma yox, o, qatardan çıxsaydı belə, mən ona yaxınlaşa bilməyəcəkdim. Mənim təcrübəmdə belə şey olmayıb. Mən həqiqətən bunu bacarmıram. Əlbəttə, bu, çox pis şeydir. Amma mənə elə gəlir, bacarmırsansa, eləməsən daha yaxşıdır. Ancaq yox, istənilən halda düzgün qərar verməmişdim. Qatara minmək lazım idi. Bəzi şanslar həyatda adama bir dəfə verilir. İkincisi verilməz. Fürsətləri bada verənlərdən adam olmaz. Mən də onlardan biri. Adam gərək qətiyyətli olmağı bacarsın!

Böyük bir ruh düşkünlüyü yaşayırdım. Yuxulu kimi eskalatora doğru getməyə başladım. Sonra çıxmalı olduğum tərəfi dəqiqləşdirmək üçün nəzarətçi xanıma yaxınlaşdım. Əslində ondan “Çudo Peçka”nın hansı tərəfdə olduğunu soruşacaqdım, ancaq dəqiq yadımda deyil, nə soruşdumsa, qadın çox kobud və bərkdən üstümə qışqırdı.

Diksindim. Qəfildən yaddaşım dünyaya göz açdığım tarixə qədər lenti geriyə fırladı. Mən kim idim? Burda nə edirəm?

Amma yaxşı təsir eləmişdi. Narahatlığım keçdi. Özümə gəldim. Gülməyim gəlirdi. Görəsən, xanıma nə demişdim? Ümid edirəm, onun yekə döşlərini görüb, “xanım sizin döşlərinizin ölçüsü neçədir” soruşmamışdım.

Axşam saat 9 idi. Evə qayıdırdım. Özümü çox bərbad hiss edirdim deyə, qəti evə getmək istəmirdim. İndi məişətə bulaşmaq vaxtdı deyildi. Dostum Eminə zəng vurdum.

-Alo, hardasan?

-Evdə.

-İstəyirəm, sizə gəlim, bir işin yoxdur ki?

-Yox. gəl.

-İçməyə nəsə var?

-Yox, nə istəyirsən al, mən də içmək istəyirəm.

-Baxım dəə.

Emin başa düşdü ki, pulum yoxdur.

-Yaxşı, bizə çat zəng elə, düşüm bir yerdə alaq.

Eminin istəyilə çaxır alıb, evə qalxdıq. Əslində çaxır mənim sevmədiyim içkidir. Amma neynəyəsən ki, sevmədiklərimizdən qaçış yoxdur.

Eminin kefi yaxşı idi. İçdik. Maraqlı söhbətlər edirdi. Arada məndən “nolub e, nəsə birtəhərsən” soruşurdusa da cavabdan qaçırdım. Hər dəfəsində “kefim yoxdur” deyib, keçirdim. Onsuz da təssüratlarım ağır idi. Danışmaq əzablı gəlirdi. Sadəcə, başımı qatmaq istəyirdim.

Söhbətlər bezdirirdi. Qatarla, getməklə, qızla, paltarla, gözəlliklə, bu günlə, sabahla əlaqədar bütün söhbətlər düşüncə mərkəzimə onu gətirirdi.

Təngə gəldim.

Sonra “Playstation” oynamağı təklif elədim. Bütün oyunları 5-6-7:0 uduzdum.

Hirslənirdim. Vaxt getmirdi. Gözə düşən kiprik kimi o, ürəyimə düşüb incidirdi.

Qurtulmaq lazımdır düşüncələrdən. Axı, mənasızdır. Guya fikirləşib nə edə bilərdim? Özümü incitməkdən başqa heç nə.

İndi tək idim. Emin çimirdi. Çaxır biraz təsir etmişdi. Mənə elə gəlirdi ki, bunun da bir yolu var. Onu tapmaq olar. Əsəblərim tab gətirmirdi.

Necə gözəl idi ona rastlamaq?! Çoxdan idi yoxluğu problem həddinə çatmışdı. Hər sıxıcı gün, hər alınmayan münasibət, hər sentimentallıq , hər hisslərə toxunan mahnı onun yoxluğunun əlaməti idi.

Bəzən özünə də savaş açırsan. Axı, mən neçə vaxt idi onun tutmalı olduğu yeri boş saxlayırdım. Bu yerin sahibi o idi. Çox gözlətmişdi. Mən bütün bunları bilirdim və onun gəlməsi ilə hər şeyin qaydaya düşəcəyinə inanırdım. Onun gəlməsini gözləyirdim. Planları da onun gəlməsinə uyğun qurmağı düşünürdüm. Böyük qeyri-müəyyənlik onun gəlişi ilə aydınlaşacaqdı. Düyünlər onun gəlişindən sonra açılacaqdı. Bu, xilas olacaqdı.

Mən hər şeyi öz axarına buraxıb, məsuliyyətlərdən qaçıb, hamıdan xəbərsiz, məhrəmcə onu gözləyirdim. Əmin idim, onun gəlişi həyatımda böyük dəyişiklik yaradacaq. Nəhayət ona rastladığım vaxt belə acizanə formada əldən buraxmağımı özümə necə bağışlayacaqdım?! Bu qədər zaman gözləmişdim. Bu, həyatımın geriyə heç bir sual işarəsi buraxmayacağına əmin olduğum hadisəsi idi. Fikirləşməkdən yorulmuşdum. Bu qeyri-müəyyənlik, çıxılmazlıq öz həllini necə tapacaqdı?

Ağlın və məntiqin tətili. Bu, adətən axmaq duruma gətirib çıxaran haldır. Qeyri-müəyyənlik özü də elə axmaqlıqdır.

Siz buna gülə bilərsiz, mən az qalırdım onu “Google”da axtarım. Amma hansı əlaməti yazmaq olardı ki?!

Gecə saat iki idi. Yerimizə girdik. Həmişəki kimi söhbətimiz bir neçə saat da davam elədi. Emini doyunca danışdırıb qulaq asdım. Çaxır mədəmi göynədirdi.

Səhər siqaret tüstüsünə yuxudan ayılanda saat 12 idi. O, deyəsən fikirlərimi mən yuxuda olanda da tərk eləməmişdi. Yuxudan hirsli oyanmaq bunun əlaməti olmalı idi.

Emin əlində siqaret Russo oxuyurdu. “Yatdığım yerdə kitab oxumağın bəs deyil, hələ bir siqaret də çəkirsən?! Dur çıx çölə”, yuxulu-yuxulu söydüm onu.

Emin mənim axmaq cümləmə xeyli güldü. Özümün də gülməyim gəldi. Dünəndən hirsim və qərəzim səngiməmişdi.

Emin mənə Russodan hansısa fikir demək istəyirdi ki, “s.tir burdan, Russonun da boynunu yerə soxum, sənin də” deyə, kobudladım onu.

O da cavabında “g.t” deyib, özünə çay süzməyə getdi. İncikliyini hiss elədim. Kitab mövzusunda həssasdır. Xüsusilə bir kitaba aludə olubsa...

Danışmaq istəyirdim. Bu həm də Eminin könlünü almaq üçün yaxşı bəhanəydi. Belə söhbətlər onun marağını həmişə çəkib.

Dünənki hadisəni danışdım. Maraqla qulaq asırdı.

- Həə deyirəm axı, dünəndən nəsə gic kimisən . Heyvərəsən! Ay kişi, mən həmişə demişəm, qızla tanış olmaq üçün heç bir yol ayıb deyil. Göz-qaş edərdin, nömrə verərdin, nə bilim, bir şey edərdin dəə. Bu dünyada insanların hərəsi bir cür tanış olur. Siz də elə olardınız. Fərasətsiz!

- Nə bilim, mən belə şeylər eləyə bilmirəm dəə. Bacarsaydım nə vardı?! Nəsə e, məhv!

- Dilin elə bizi yeyir. Yekə-yekə danışmağı bacarırsan amma.

- Dilimə söz ola bilməz. Sertifikatı da var.

- Belə şeylərə görə artıq sertifikat da verirlər? - gülür .

- Nəsə, əl çək məndən.

- Dur, dur geyin çıxaq şəhərə. Qəşəng hava var.

Hava günəşli olsa da, isti deyildi.

Şəhərin asfaltlanmaqdan bezikmiş küçələrindən keçirik. Yolun kənarında bir yol polisi inamla saxladığı avtomobilə doğru irəliləyir. Səki kənarında anası ilə gəzməyə çıxmış balaca oğlan uşağı yol polisinin hərəkətlərini yamsılayır. Emin bu balacaya göz vurur. Anasının bərk sıxdığı əlindən çıxsa, şıltaqlığı ilə hamını peşman edəcəyi aydın sezilir.

Dünənki faciəmin digər detallarını Eminə hissə-hissə danışırdım. Zarafatlaşırdıqsa da düşüncələrdən xilas ola bilmirdim. Ölümcül həvəssizlik var idi. Bir xeyli tanışla rastlaşıb görüşmüşdük. Elə bil, hər şey olan qalan gücümü də alırdı. Qaçış üçün heç bir plan və ya ideya yox idi. Doğrudan da, daha heç vaxt görə bilməyəcəm onu. Bütün bu fikirlər də məni uzağı bir həftə incidəcəkdi. Sonra hər şey qaydasına düşəcəkdi.

Barışmaq lazımdır. Ümidi ən birinci ölməlidir. Ölməlidirmi?

Mən onu gördüm. İkinci dəfə onunla rastlaşmaq möcüzə sayılmalıydı, amma bu baş verdi. Və bir saniyə əvvəl heç vaxt olmayacağını düşündüyüm hadisə elə gözlənilmədən baş verdi ki, məndə yaratdığı təəsüratı necə ifadə edəciyimi bilmirəm?!

Bu, ya çox dərinə işləmiş həyəcandan yaranmış donuqluq idi, ya da ümidsizlikdən doğmuş səthilik.

O, ağ mayka geyinmişdi və indi daha gözəl görsənirdi. Yenə gülürdü.

Birdən gözü mənə sataşdı. Qəfil o da duruxdu. Hətta bu onda o qədər aşkarca oldu ki, yanındakı oğlan da dönüb mənə baxdı.

Mən üzümü çevirdim. İlk baxışda oğlanın ona münasibətinin necə olduğunu dəqiqləşdirmək asan deyildi. Amma mən ən pis nəticəni çıxardım. Bu vaxt ərzində Emin hər şeydən xəbərsiz, danışırdı. Mən onun yalnız bir neçə sözünü eşidirdim. Emini dayandırmaq lazım idi. Ancaq onun baxışlarının müşayiətində bu, yalnış qənaət yarada bilərdi.

Bu vaxt arxadan Nərminin səsi gəldi. Nərmin bizim dostumuzdur. O, bizi çox isti salamlayırdı. Mən isə deyəsən, o qədər adekvat ola bilmirdim. Tam özümdə deyildim və güclə gülümsəməyə çalışırdım.

Nərmin bizi dünəndən bəri beynimi zəbt edən qız olan tərəfə çəkərək, “mən uşaqlarlayam, gəlin, sizi tanış edim” dedi. O, Nərminin tanışı çıxdı.

Nə gün idi.

- “Tanış olun. Emin, Nurlan”.

Biz salamlaşdıq.

- Elnarə, Kənan.

Adı Elnarə imiş. Dünəndən bəri beynimdə gülümsəyən o qızın artıq bir adı da var idi.

Özümü toparlaya bilmirdim. Söhbətlərə bir xeyli sakitcə qulaq asmaqla kifayətləndim. Yalnız gülərək reaksiya verirdim. Söhbət əsnasında məlum oldu ki, Elnarə Nərminin rəfiqəsi, oğlan isə sevgilisidir.

Yanılmışdım. Bayaq oğlanla onu yanaşa görəndə ağlıma gətirdiyim ən pis nəticə gerçəkləşməmişdi.

Bu, toparlanmağa əsas verən xəbər idi. Faciəvi heç nə yoxmuş. Qeyri-ixtiyari xoş idi artıq. Bu xəbər məni açıq-aşkar ağır yükdən xilas eləmişdi. Axı, mən o oğlanı ilk baxışda yolumda böyük maneə bilmişdim. Sanki Kənan mənə güzəştə getmişdi. Nədənsə bir anda ona simpatiyam yaranmışdı, təşəkkür eləmək, əlini sıxmaq istəyirdim.

Xeyli gəzdik, söhbət elədik.

İndi Nərminlə Kənan qabaqda, Emin, mən və Elnarə isə arxada gedirdik. Bir müddət sonra Emin Nərmingilə qoşuldu. Biz ikimiz qaldıq.

Mən qəfildən həyəcanlandım. İlk olaraq nə deyəcəyimi müəyyənləşdirə bilmirdim. Bayaqdan ümumi söhbət gedirdi. İndi isə biz tək idik. Rahatlıq üçün qısa bir neçə kəlməyə ehtiyac vardı. Vaxt gedir, mən bir nəticəyə gələ bilmirdim. Susqunluğun uzunluğu təhlükəli olmağa başlayırdı.

Ona baxdım. Sən demə bayaqdan məni müşahidə edirmiş. Yenə gülürdü və qəfil dilləndi: “Səni yenidən görəcəyimə əminliyimi bir dəqiqə olsun itirməmişdim…”

# 3500 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #