Bu yazım Şərif Ağayarın “Gülüstan” romanı haqdadır. Yarım saat olar romanı bitirmişəm və müzakirə etməyə bir inni-cinni olmadığı üçün qərara gəldim ki, roman haqda öz düşüncələrimi yazım. Yəni bu yazı nə tənqidi yazıdır, nə də ki müəllifi tərifləmək fikrim yoxdur.
Üç ildən çoxdur mətbuatda Şərif Ağayarın məqalələrini, hekayələrini oxuyuram. Yazılarının içərisində ən bəyəndiyim “Şəkil” hekayəsi olub. Hekayəni bir neçə dəfə oxudum ki, onun bu qədər gözəl olmasının sirrini tapım. Amma və lakin! Hər səfərində dalıb getmişəm. O sirri romanı oxuyandan sonra özüm üçün çözdüm deyəsən. Əvvəllər düşünürdüm ki, müəllifin dili çox axıcıdır, romanı oxuyanda anladım ki, dili gözəl edən təhkiyə imiş.
Romanda elə yerlər vardı ki, oxuyanda elə bildim Əkrəm Əylislini oxuyuram. Xüsusən, təbiət təsvirlərində. Hacı Süleymanın tozlu torpağının təsvirini oxuyarkən, üstümə qum atsaydılar 3D formatlı filmə baxmış kimi hiss edərdim özümü. Eynən Əylisli kimi mətni oxuyanda sanki oxucunun gözü qarşısında müəllifin təsviri canlanır. Ənənəvi təhkiyədir. Lakin müəllifin öz üslubu var. On mətnin içərisindən Ağayarın da, Əylislinin də üslubunu tanıya bilərəm.
Üslub, təhkiyə haqda bu qədər, keçim romanın sujetinə, mövzusuna, bir sozlə özünə.
Ümumi analiz edəndə heç bir mübaliğəsiz deyirəm: “Gülüstan” tarixi romandır, əslində tarixi hadisədir. Ən yeni dövrümüzü öyrənmək istəyən tarixçilər, bir gün bu əsərə istinad edəcəklər. Mən buna əminəm. Çünki müəllif heç bir pafos olmadan, boğazdan yuxarı saxta vətənşüvənlik etmədən, dramatikləşdirmədən, dövrün ağrı-acısını öz yaşantıları və faciəsi üzərindən oxucuya çatdırır. Xalqın şəraiti, dövrün incəlikləri həlim səslə bağırır. Çox ciddi, sərt mesajlar var.
Əsərdə üç yerdə içim titrədi, mütəəssir oldum. Birinci: Adəmin qarışqaları incitmək üçün qoyduğu çörəyi yağışın islatması oldu. O an düşündüm.. Qarışqalar üçün yağış yağırsa, bu millət üçün də şübhəsiz bir gün mütləq günəş səmada parlayacaq.
İkinci: Göylər hər şeyi görür hissəsində, müəllifin səmanı təsviri (deyim ki, səmanı, ulduzları mən də, xüsusən yayda elə, müəllifin yazdığı kimi izləyirəm). Saman yolu isə dəhşət idi. Atı ölməsin deyə zəif, qoca bir kişiyə samanı belə çox görən əydəş insanlar var. Bəli, bəli var!
Üçüncüsü isə İnqilab Dadaşov haqda yazılmış hissədir. İctimai şüur yaratmaq istəyən ziyalının faciəsi ancaq belə təsvir oluna bilərdi.
“Gülüstan”ı oxuyan hər bir oxucuda az da olsa milli şüur yaranacaqdır.