Harda qucaqlarıq soyuq məzarı

Harda qucaqlarıq soyuq məzarı
19 oktyabr 2017
# 17:21

Rəşad Xəzan

Bilməyirəm

Dünyanın ahəngi, öz qanunu var,
Bizlərdən çox əzəl yaranıb onlar,
Cavabsız qalıbdı neçə suallar,
Onlara cavabı mən bilməyirəm.

Körpə ağlayaraq doğur anadan,
Bu hayqırtı ona görən haradan,
Bəzən yetim qalar ata-anadan,
Niyəsin sən denən, mən bilməyirəm.

Qoşa yaranıbdı aləmin üzü,
Var xeyiri-şəri, gecə-gündüzü,
Kişisi, qadını, əyrisi-düzü,
Düzlərin yerini mən bilməyirəm.

Söylə qış olmasa, heç yaz gələrmi,
Payız ötən yaya layla deyərmi,
Sevməyə, yazmağa barı dəyərmi,
Cavabın sən denən, mən bilməyirəm.

Gör neçə min ildi yaşayır insan,
Ömür yolu heç vaxtı olmayıb asan,
Nə deyib yaradıb bizi yaradan,
Bilirsənsə, denən mən bilməyirəm.

Dünyanın çarəsiz dərdləri çoxdu,
Təbib var, verməyə dərmanı yoxdu.
Biri ac yatıbdı, birisi toxdu,
Niyəsin sən denən, mən bilməyirəm.

Deyir ki, torpaqdan yaranmışıq biz,
Cənnətdə günaha batıb əlimiz,
Qovulduq buradı indi evimiz,
Səbəbin sən denən, mən bilməyirəm.

Fələyin ucuzdu həyat bazarı,
Salar canımıza bir gün azarı,
Harda qucaqlarıq soyuq məzarı,
Bilirsənsə denən, mən bilməyirəm.

# 2024 dəfə oxunub

Müəllifin son yazıları

# # #