Çiçəklər açsın məmləkətdə boydan-boya

Çiçəklər açsın məmləkətdə boydan-boya
4 iyul 2017
# 18:09

Firudin Həmidli

İşğal

Qaranlıq zəlzələlər

Keçmişi sorğusuz-sualsız dağıdır,

İndi bütün dənizlərə nifrət edirəm! -

Daşqınlara uğradır könlümün paytaxtını...

Əzib keçir bütün xatirələri

Əjdaha cildinə girmiş bir ayrılıq -

Püskürür atəşini aman diləyənlərə də.

İndi hər şey yanğın içində,

İlahi, alovlara qarışmış işıqları da görə bilmirəm.

Qaçışımı təslimiyyətə yox,

Gedib ordu yığmağa sayın siz...

Əfsus, gözlərimi yumdum!...

Milyon il keçmiş bu faciənin üstündən,

Zəlzələlər, savaşlar davam etməkdə fəqət.

Mən - yurdundan didərgin bir aşiq,

Oxuyuram xərabələr ətrafında ağılar...

Ah ki, uzaqlarda qalmış hər şey,

Aramıza hökm oxuyur o əjdaha ayrılıq.

Son gücümlə, ey sultanım,

Uzaqların köksünü nişan alıram,

Yayımı gәrirәm,

Zәnciri qırılmış haqsız mәhbus kimi

Süzülür boşluqda ox.

Vә birdәn qәlbimdәn qan açılır,

Sәrәlәnirәm keçmişin qalıntıları üstünә.

Hamı gülür,

Hamı ağlayır

Vә qorxur qulaqlarım,

Titrәyir gözlәrimdə

Bir savaş meydanında qalmış

Son ümidimin çırpınışları...

Ey sultanım, axı sən hardasan?

Bax, sənin sarayını işğal etmiş

Hicran kədərləri!...

Paytaxtımızda zəlzələr, əjdahalar, savaşlar...

İnsafı yoxdur bu mütəffiqlərin!

Müttəfiqlərin:

Ayrılığın,

Sənsizliyin,

Ölüm qorxusunun...

İndi hər şey yanğın içində,

İlahi, alovlara qarışmış işıqları da görə bilmirəm.

Qaçışımı təslimiyyətə yox,

Gedib ordu yığmağa sayın siz...

Ey sultanım!

Üz döndərmə qəlbimdəki səltənətindən,

Qayıt, tacü taxtın sənə həsrətdir!

Bax, toplayıram yavaş-yavaş yenidən

Yeni ümidlərdən bir ordu,

Qayıt, bu orduya bir əmr eylə!

Bitsin işğallar,

Yenidən cücərsin çürümüş arzular,

Çiçəklər açsın məmləkətdə boydan-boya!...

# 2039 dəfə oxunub

Müəllifin son yazıları

# # #