Ümidsizliyə qapanmayın...

Ümidsizliyə qapanmayın...
24 aprel 2017
# 15:22

Zaur Cəfərov

Bəzən də elə olur ki, həyat insanı qaldıra bilməyəcəyi qədər problemlərlə yükləyir. Lakin insan həlli mümkün olan bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Yetər ki, ruhdan düşməsin, özünə inansın və ən əsası ümidsizliyə qapılmasın. Çarələr tükənə bilər, geriyə başqa çıxış yolu qalmaz, amma, yenə də ümid qığılcımlarını söndürmək doğru olmaz. Allahın qüdrəti ilə yaşadığımız əsrarəngiz və sirli-sehrli Yer kürəsi həm də möcüzələrlə doludur. Onun gəlişini gözləmək bəlkə səhvdir, sadəcə, ola biləcəyinə ən azından inanmaq lazımdır. Azca zəiflik və iradəsizlik ucbatından insanlar səhlənkarlığa yol verirlər. Hisslərinə hakim ola bilməmə, qərarsızlıq, daxildəki mənəvi böhran, çiyinlərində sanki dünyanın ağırlığını daşıma hissi sahibini uçurumun kənarına yuvarladacaq qərarlar qəbul etməyə vadar edir. Bu da, öz növbəsində qarşısıalınmaz fəlakətlərin baş verməsini qaçılmaz edər. Belə məqamda ümidsizlik insana yaraşmaz. Qətiyyətli mübarizə yolunu tutmaqla çətinliklərlə sonacan vuruşmalı, iradəsinə hakim olmalı və əslində həm bu həyatda, həm də bunu yaşayanlar sırasında tək olmadığını unutmamalıdır. Axı biz yaşadığımız və içində var olduğumuz bu keşməkeşli həyatı sınaq meydanı adlandırırıq. Sıxıntılar nə qədər dolu olsa da sonu aydınlıq və rahatlıqdır. Həmin sona çatmaq üçün yollar bu əngəlləri aşmaqdan keçir. Həyata nikbin baxmaq, optimist olmaq, hər şeyin yaxşı olacağına inanmaqla insan həm də başqalarına nümunə olsa yaxşıdır. Onu zəifliyi də, ümidsizliyi də və bu andan tutacağı yol da gələcəkdə başqalarına pis nümunə ola bilər. Kimsə bundan nəticə çıxarmaq əvəzinə bu yolu seçər, şahid olduğu ilə hərəkət edər. Tükənən anlarda ümidli olmaq nə qədər çətin və yorucu olsa da səbirlə bu intizarı aradan qaldırmaq olar. Adı üstündə bu həyatdır, hər saniyəsinin öz hökmü vardır. O saniyələrin birində hər şey elə dəyişə bilər ki, həsrətlə gözlənilən gözləntilər nəhayət ki, özünü doğruldar.

Ən azından sizi sevən, üzərinizdə böyük haqqı olan insanlara görə həyata dik durmaq lazımdır. Vaxt olar ki, onlar da sizin mənəvi dəstəyinizə ehtiyac duyacaqlar. Sadəcə boş ümidlərə qapılmayın, həmçinin, boş ümidlər də verməyin. Amma, ümidsizliyi də özünüzün və sizə yaxın olanların ətrafına buraxmayın.

# 2297 dəfə oxunub

Müəllifin son yazıları

# # #