«Oynamağı» bacarmaq

«Oynamağı» bacarmaq
4 iyul 2013
# 15:09

Dünyanın kiçildiyi, sərhədlərin kölgəyə çevrildiyi, əlaqələrin genişləndiyi bir zamanda insanların çoxu tənhalıqdan şikayətlənir. Hələ 400 il bundan əvvəl Nyuton hesab edirdi ki, insanlar körpü salmalı olduqları yerdə divar hördükləri üçün tənhadırlar.

Bəs indi 21-ci əsrin tarixə saldığı 13-cü cığır yolçularının dünyasında niyə könüldən könülə görünən yollar qısalır? Nə üçün qəlbimizi, fikrimizi, amalımızı birləşdirən izlərdən duman, çiskin, çən çəkilmir? Sosial şəbəkələrdə 2-3 min dostu adam real həyatda 2-3 nəfərlə birgə park, xiyabanda oturub dərdini bölüşüb, fikrini paylaşa bilmir.

O gün bir rəfiqəm inamın, etibarın azlığını maraqlı tərzdə belə izah etdi: “Kişili-arvadlı hamımız artist olmuşuq. Odur ki, bir-birimizə inamımız qalmayıb»

Neçə gündür artistlik sözü qulağımda cingildəyir. Uğur qazanmaq, arzularını reallığa çevirmək, haqqını istəmək zəhmət deyil, artistlik tələb edir. Görəsən, «Qalib gələcəkdir cahanda kamal» yazan Səməd Vurğun sağ olsaydı ,bu misraları necə redaktə edərdi?

Fərqinə vardıqda, rəfiqəm haqlıdır. İndi peşəsindən asılı olmayaraq hər kəsi artistlik bacarığı xilas edir. Artistliklə bir-birimizin fikirlərini oğurlayırıq, ürəyini ələ alıb dünyasını talan edirik, hissləri ilə oynayırıq. Oynayırıq! Bəli, mənimizin havasından başqa bütün havalara oynayırıq. Məsələn, müəyyən dünyagörüşü, mütaliəsi olan, intellektual bir aparıcı efirdə artistlik edə bilmirsə ,deyirlər, sən zamanın nəbzini tuta bilmirsən, tamaşaçının zövqünü oxşamırsan. Uşaqlarımız oxumaq istəmir, savadlı, dərsdə ancaq dərsdən danışan müəllimi qınayırıq ki, şagirdin diqqətini cəlb edə bilmirsən. Yazıq görkəmi alan müəllim də utana-utana soruşur ki, axı mən hər hərəkətimlə onlara nümunə olmalıyam, bəs nə edim ? Cavabında şövqlə “Artistizm olmalıdır, əzizim, artistizm” söylənirik.

Haqq işimizin arxasınca gedirik, üzümüzə baxmırlar, bir qədər səsimizi ucaldırıq, onda da danlayırlar ki, üzündən «Hollivud təbəssümü»nü əskik etmə, insanları ələ almağı bacar, yəni bir az «oyna» da... Ay camaat, qurban olum sizə ,axı bu kino ki var, çox qəliz məsələdir... Hər kəs bunu bacarmır.

Odur ki, üz tuturuq sosial şəbəkələrə. Orada «oynamaq» daha asandır. Kimi isə aldatmaq xüsusi bacarıq tələb etmir. Böyük-kiçik bilmədən, ağlımıza gəlməyəni də dilimiz güclə dişimizin dibindən çıxarıb tuşlayır bir-birimizin ünvanına . İlhamla vəcdə gəlib , «ürək şaddır kam alıbsa, könüllərə yol salıbsa, yazmadığım nə qalıbsa yazacağam indən belə » deyib otururuq kompüterin arxasında.

Bəzən müxtəlif köşələrin altında yazılan şərhləri oxuyuram, məni dəhşət bürüyür. İlahi, nə qədər qəddarlaşmışıq, haradandır bizdə bizə qarşı bu qədər nifrət?! Sevgimiz birimizin inamsızlığı nəticəsində yaranan etinasızlıq atəşinin digərimizin qəlbinə vurduğu odda əriyir. Sonra söykənirik Şopenhaurun fikirlərinə ki, insanlara kənardan baxmaq, ancaq uzaqdan müşahidə etmək lazımdır. Adamlara yaxınlaşdıqca onların nə qədər miskin, mənfur olduğu məlum olur.

Gücümüzü təhqir, təhdid alıb aparır, xəbərimiz yox. Bu güc bizə və övladlarımıza lazımdır axı. Balalarımıza çarpışmağı, səadəti ildırımdan sağmağı ,diş ilə, dırnaq ilə qayadan qoparmağı, bəxt üzlərinə bozaranda, ona qarşı qabarmağı öyrətməliyik.

Öyrətməliyik ki, kiminsə gözünün içinə baxa-baza yalan danışmaqdansa lal olmaq, söyüş söyməkdənsə pəltək olmaq, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. İnsan cəmiyyətdə yaxşılıq, qurub-yarada bilmək bacarığı və yaxşı rəftarı ilə ucalır. Vallah, insan həyatının qiymətdən düşdüyü cəmiyyətdə bizim birliyə ehtiyacımız var. İnsanpərvərlik məfhumu aradan qalxdıqca, mənəvi meyarlar heç dərəcəsinə enir. Psixoloji mühitin mənfiyə doğru dəyişməməyi üçün insanlarla insan kimi rəftara vərdiş etməliyik. Xoş rəftar, mehriban ünsiyyət isə şübhəsiz gözəl sözlərin ülviyyətindən yaranır. Başıbəlalı dilimizə yalvarıb izah edin ki, özünə yazığın gəlmir, bu sözə utana-utana yol açan dodağımıza, akustikası yorucu olan kəlmələri eşitmək məcburiyyətində qalan qulağımıza, bir ləhzə var olduğuna qızaran üzümüzə rəhmi gəlsin. “Sözün hikmətini ayağa salmaq günahdır” deyib atalarımız. Sözünün sahibi olmaq böyük cəsarətdir. Sözün ağırlığına ağa kimi tab gətirmək şərəfdir, dəyanətdir. Vay o günə ki, sözün altında qalasan. Bax bu, tənədir, qəbahətdir. Tanrı bizi tənə və qəbahətlərdən hifz etsin. Qorusun ki, insanlar arasında tənha qalmayaq!

# 1900 dəfə oxunub

Müəllifin son yazıları

# # #