Damarlara yazılan şeir

Damarlara yazılan şeir
6 avqust 2013
# 07:00

Fərid Hacıyev

Bir Bakı gecəsində

Unudulmuş bir küçədə,

Göyə sovururdu külək,

İnsanlardan qalan insanlıq qırıqlarını...

Yorğun-yorğun yanıb-sönürdü, yaşlı küçə lampası.

Uzaqdan eşidilirdi, polislərin sirenası.

Bir evdə, bir pəncərənin qırağında,

Tanrıların unutduğu bir şair,

Qələm yerinə ülgüc aldı əlində,

Kağız əvəzinə, damarlarına yazdı son şerini,

Və bir qız, eyvanında oturub, səmalara baxırdı.

Dünya fırlanmağa davam edir

Şairsizlik heç nəyi dəyişmir,

Onsuz da nə bu cəmiyyətin,

Nə də o eyvandakı qızın vecinə deyil şeirriyat...

Onlar çoxdan, ədəblərini yatızdırıb, ədəbiyyatdan uzaqlaşıblar...

***

Gəl, gəl otur qarşımda rəssam dostum...

Bir rəsm çək mənim üçün,

Orda insanlar olsun,

Adamları çəkmə, dost,

Adam boldu həyatda.

Bir rəsm çək,

O rəsmdə ay da olsun, günəş də olsun!

Onlar ayrı olanda, dünyada ayrılıq olur dəb.

Bir rəsm çək,

Bir gözəl təsvir et,

Saçlarını çaylara birləşdir,

Gözlərini dəryalar qədər dərin təsvir et.

Ya da yox,

Unut onları,

Ağ-qara həyatımın rəngli rəsmini yarat!

Qarışdır rəngləri, aldat məni...

Çəkə bilmirsən hə?!

Get, Behzadı tap mənim üçün.

O böyük ustad bacaracaq.

Ya da mən gedim ona...

Qəbrimə fırça və boya qoyun,

Ustada lazım olar!

# 2221 dəfə oxunub

Müəllifin son yazıları

# # #