Şərabdan şirin

Şərabdan şirin
1 may 2019
# 18:23

Həcər Paşayeva

Axşam yenicə düşmüşdü. Kiçik şəhərin üzərinə qara pərdəsini çəkən gecə hər şeyi zülmətə qərq etmiş, adda-budda yanan küçə lampaları ala-tala işığı ilə dənizdə görünən kiçik adalar kimi bu qaranlıq ümmanda xırda və sarımtıl işıq cəzirələri yaratmışdı. Gündüz dik-dik gəzən bəziləri belə gecələrdə əyilə-əyilə, xəncər qınından sivrilən kimi zülmətdən sivrilib günahkar əməllərinin ardınca mələklərin gözüyaşlı, başını bulayaraq çıxdığı, şeytanın çəpik çalıb sevincək məskən saldığı evlərə soxularlar.

Bu gün də zil qaranlıq gecə idi. Ay doğmamış, ulduzlar da sanki təkəsi ölmüş sürü çəmənliyə dağılan kimi qapqara səmaya dağılıb orda-burda zəifcə sayrışırdı.

“Jiquli” markalı maşın küçənin o biri başında göründü və buranın hər tinini, çala-çuxurunu yaxşı tanıyan sürücü evə çatmağa 50-60 metr qalmış maşının işıqlarını söndürdü, qaranlıqda astaca sürüb evin qarşısındakı balaca meydançanın bir tərəfində saxladı.Cürbəcür bazarlıq şeyləri ilə dolu torbaları maşından götürüb qapını örtdü . Qarşıda onu gözləyən görüşün həyəcanı indidən bütün vücudunu bürümüşdü. Kiçik taxta darvazanı tələsik açıb həyətə girdi. Otağın işığı pəncərədən həyətə düşür, evə gedən dar cığır bu işıqda güclə görünürdü. Yaxınlaşıb qapını itələdi. Bağlı idi. Şərtləşdikləri kimi iki qısa, bir uzun və yenə iki qısa tıqqıltı ilə qapını döydü. Qadının ortaboylu dolu bədəni, açıq şəkildə kürəyinə tökülən qara, burulmuş saçları, əsməri sifəti qapının ağzında göründü. Bir əli ilə xalatının açıq yaxasını bürmələməyə çalışan qadın o biri əli ilə kişinin biləyindən tutub içəri çəkdi və cəld qapını örtdü. Kişinin üzünə baxmadan gətirdiyi bazarlıq şeylərini alıb mətbəxə keçdi və tez də geri qayıtdı. İri, ala gözlərini qonağının üzünə zilləyərək bir az ərköyünlük qarışıq tənəli səslə:

--Niyə belə gəlirsən, --dedi, -- üç gündür, səni gözləyirəm ?

--Demişdim axı, uşaqları yaylağa aparacam. Həm də evdə işlərim vardı. Ev tikdirirəm. Tikinti materialları daşımaq, buldozerlə yer açmaq, ustaları...

Qadın yenə incik və bir az işvəli səslə:

- Yaxşı görək. Ev tikdirirəm...Tikdir evi. Adamı unudarlar ev tikdirəndə?.

Hardan belə birdən ağlına gəldi ev tikmək? O evdən mənə haçan tikdirəcəksən?-dedi.

Qadının onu bu cür incik və soyuq qarşılayacağını gözləmirdi. Azca pərt olmuşdu. Dalbadal verilən sualların hansına cavab verəcəyini kəsdirməyə çalışana qədər qadın yenidən dilləndi :

- Həqiqi sözümdü, çoxdan demək istiyirdim sənə. Bu ev çox köhnədir, xoşuma gəlmir, həm də məhlə içidi, həyəti də balaca. Buranı satıb şəhər kənarında bir az torpaq almaq istiyirəm. Ev tikmək isə sənə baxır. O vaxtacan kirayə qalaram. Restoranda işlər pis getmir, kirayə haqqını verə bilərəm.

O, bu sözləri deyə-deyə kişinin gözlərinin içinə baxır, onun necə reaksiya verəcəyini, beynindən keçən fikirləri oxumağa çalışırdı. Bütün düşüncələrini aydınca ifsdə edən bu baxışları oxumaq qadın üçün o qədər də çətin deyildi. Azca pörtmüş sifətindən, dodaqlarını kip sıxaraq susmasından, ifadəsi dəyişilərək qıyılıb baxan gözlərindən kişinin əsəbləşdiyini duydu və ağzını açmağa macal verməyərək:

-Əzizim, canım, bu nə ev söhbətidi eey, saldıq ortaya? Neçə gündü görüşmürük. Darıxmışam, həqiqətən, səndən ötrü çox darıxmışam, --deyib onun dizinin üstündə oturdu. Başını qucaqlayıb tünd ətir iyi verən sinəsinə sıxdı. Qadın onu əsəbi vəziyyətdən çıxarmaq, özünə gətirmək üçün üzünü, gözlərini, dodaqlarını, sinəsini öpüşlərə qərq etdi. Əsəbin, həyəcan və ehtirasın burulğanında gicəllənən kişi onu qucağına alıb səndələyə- səndələyə yataq otağına keçdi, çarpayının üstünə qoydu. Qadının soyuq mühakiməli iti ağlı, vəziyyətdən istifadə etmək bacarığı yenə işə düşdü. Astaca pıçıldadı:

- Bəlkə, bir tikə çörək yeyəsən.Hadrutdan qəşəng şərab gətiriblər. O şərabdan da iç, dadına bax, gör nə yaxşıdı. Sonra...

- İstəmirəm şərabı-zadı. Mənim şərabım sənsən, sən şərabdan şirin, ondan məstedicisən. Sonra içərik.

Qadın onu əsəbləşdirəcəyindən, işi pozacağından ehtiyat edərək:

- Yaxşı, qalsın sonraya,--dedi.

...Yeməkdən sonra yenə söhbəti fırlayıb evin üstünə gətirdi :

- Bilirsən, Şahin, bayaq zarafat eləmirdim. Sənin işin yaxşıdı. O böyüklükdə

idarəyə rəhbərlik eliyirsən. Mən səndən imarət istəmirəm ki.. Elə dörd-beş otaqlı, kürsülü ev olsun, bəsimdi. Hamı bilir ki, sənin sevgilinəm. Sənin qorxundan bir adam mənə yaxın düşə bilməz. Heç düşsə də, kimdi qeyrisini yaxına qoyan. Allah vurmuşdu hamısını. Gözüm səndən başqasını görməz.Mənim bu cür evdə yaşamağım da sənə yaraşmaz.

Bu “başqası” söhbəti kişinin qanını qaraltdı. Qadın onun ruhunun həm xəstə, həm də həssas yerinə toxunurdu. Onun “adam”ına yaxın düşəni öldürərdi. Bir tərəfdən isə: “hamı bilir sənin sevgilinəm”.—sözləri qanını qaraltdı. İri, ətli əlləri ilə başını , üzünü övkələyib əllərini çənəsinin altına söykəyərək düz qadının gözlərinə baxdı:

-Kiminsə bizim aramızada olanları biıməsini istəmirəm, demişdim sənə.

Arvadım-uşağım var. Həm də işim... Bu barədə bir yerdə danışdığını eşitsəm, səni öldürərəm. Ev istiyirsən, tikdirəcəm sənə ev. Amma indi yox.Özümünkü qurtarsın sonra . Evdə söz vermişəm, uşaqlar yaylaqdan qayıdana qədər evi hazır eləməliyəm. Birbaşa təzə evə gəlsinlər. Qızım çox istiyir.

Qadının bu “sonra” sözündən qanı qaralsa da, ürəyində sevindi. Çünki ondan söz almışdı və bilirdi ki, Şahin verdiyi sözə əməl edəndir.

Artıq avqustun axırı idi. Dərslərin açılmasına lap azca qalmış Şahin ailəsini yaylaqdan birbaşa məhlədə ata evinin yerində tikdirdiyi təzə evə gətirdi. Yoldaşının, uşaqlarının sevinci yerə-göyə sığmırdı. Ev bir kişinin bir qadına verəcəyi ən gözəl, önəmli və böyük hədiyyədir və həyat yoldaşı Nigar bu hədiyyədən az qala qanad açıb uçacaqdı.

Uşaqlar otaqlarda ora-bura qaçır, hər kəs öz otağının əşyalarını daha çox tərifləyir, utancaq, sakit, çox azdanışan yoldaşı sevinc və sevgi, təəccüb, fərəh, qürur, minnətdarlıq dolu baxışlarını ərinə zilləyərək :

- Ay Şahin, sağ ol eey, vallah, üç aya bu qədər işi necə qurtardın? Köçməyə kim kömək elədi?—deyirdi.

- Nigar, tikdirdim dəə. Bütün ustaları tökdüm, tikdilər. Köçməyə də sizinkilər, bizimkilər əl atdılar. Daha nə istiyirsən, yaşa...

Şahinin ailəsi ilə yeni mənzilə köçdüyünü eşitdikdən sonra Marqonun nazlanmaları, tələbləri, tənələri artmağa başlamışdı. Şahin ona təzə evə köçdüyünü demədi, amma qadının bunu hardansa bildiyini duymuşdu. Marqo da bir dəfə olsun Şahindən yeni evə köçməyi barədə heç nə soruşmadı, ancaq bundan sonra qadın ara-sıra, lakin təkid və inadla öz evinin tikintisinə nə vaxt başlaya biləcəklərini soruşurdu. Olduğu evi satmağa tələsirdi. İdarədə işləri yaxşı getmədiyi üçün Şahin Marqoya ev tikməyi yayacan təxirə saldı. Bu, qadının heç xoşuna gəlmədi.

Bayramqabağı yenə də qonşu rayonda yaşayan Marqosuna baş çəkməyə getdi. Birinci dəfə idi ki, ona əvvəlcədən gələcəyini deməmişdi. Taxta darvazanı açıb həyətə girəndə evdən gələn həzin musiqi səsinə qarışan kişi səsini duydu. Maşında yol boyu gələndə içini bürüyən narahat və üzücü bir hissdən nəsə olacağı ürəyinə dammışdı. Qəzəbdən qan beyninə vurdu. Qancığına yaxınlaşan erkəyi görən canavar kimi fınxırmağa, dərindən nəfəs almağa , yumruqlarını sıxıb sinəsinə, başına vurmağa başladı. Tez-tez nəfəs alıb özünü sakitləşdirməyə, neyləyəcəyini kəsdirməyə, necə hərəkət edəcəyini götür-qoy etməyə çalışdı. Əvvəlcə evə girmək istədi, sonra fikrindən dönüb geri qayıtdı, aldığı şeyləri maşına tullayıb yük yerini açdı.Ordan ağzı yenicə itilənmiş kiçik baltanı götürüb astaca evə yaxınlaşdı və gözləməyə başladı. Evdən yenə musiqi , arada Marqonun gülüşləri və kobud, qalın kişi səsi gəlirdi. Nə qədər dinşəsə də, səsin sahibini tanımadı. Bu səslər onun əsəblərini daha da tarıma çəkir, qəzəbini artırırdı. Bəlkə də , uzaqlaşıb getsəydi, soyuq başla düşünər, belə tez və qəddarcasına qərar çıxarmazdı. Təqribən bir saat sonra qapı açıldı, bayıra çıxan adamı yola salan qadın qollarını onun boynuna dolayaraq üz-gözündən öpüb ayrıldı və qapını örtmək istəyəndə evdən düşən işıq zolağında cığırın ortasında əli baltalı dayanmış tanış adamı gördü. O, içini möhkəm çəkərək cəld qapını örtdü və bu vaxt geri dönən yad adam başına endirilən zərbədən yayınmaq üçün yana atıldı. Ancaq balta sifətinə dəymişdi və qan üzündən şoralanıb axırdı. Şahin onun müdafiə olunmasına aman vermədən hara gəldi baltanı endirir, vururdu. Bir neçə zərbədən sonra kişi yıxıldı və hərəkətsiz qaldı. Şahin geri qayıdıb maşına oturdu. Həmin gün evə getmədi. Bacısıgilə gedib bacısının böyük oğlunu çağırdı. Evdə hamı yatmışdı. Onların hamamında yuyunub paltarını dəyişdi. Dayısının sağ əli olan və ağızdan möhkəm olan Səbuhi bir kəlmə söz soruşmadan onun yatağını hazırlayıb yatmağa getdi.

Aradan iki gün keçmiş Şahin kişinin kim olduğunu Marqodan öyrəndi və pisi də bu idi ki, adam ölməmiş, deyəsən, heç xəstəxanaya da getməmişdi. Milis də susurdu. Qadın həmin gecə Şahin getdikdən sonra meyitdən yaxasını qurtarmaq üçün həyətə çıxmış, kişinin ölmədiyini görmüş və əski gətirib onun yaralarını çətinliklə birtəhər sarımışdı. Qonşuluqda yaşayan, Marqonun bir sözünü iki etməyən poçtalyon Şəmili çağırıb onun köməyi ilə taksi gətirdib adamı evinə yola salmışdı. Bütün bunları qadın ağlaya-ağlaya, qorxa-qorxa, Şahini qınaya-qınaya, ona qabaqdangəlmişlik etməyə çalışaraq danışdı. O, soyuq, etinasız və ikrah dolu baxışlarını qadının üzündən yayındırmağa çalışaraq dinləyir, amma təkidlə həmin adamın kim olması barədə məlumat tələb edirdi. Marqodan kişinin adından başqa heç nə öyrənə bilmədi.

Bundan bir neçə gün sonra Şahin uzaqda, dağ rayonlarının birində yaşayan xalası oğlunun yanına gedərək ondan silah istədi :

- Xaloğlu, sizdə tapmaq asandı. Çalış, ehtiyat cücələri olsun. Düşmənim var, ehtiyatlı olmalıyam,--dedi.

İki gün sonra patronları ilə birlikdə “Makar” tapançası alıb rayona qayıtdı.

Bundan sonra o, çox ehtiyatlı tərpənir, uşaqları xüsusilə qoruyur, onların evdən nəzarətsiz aralanmasına icazə vermirdi. Bu kabusun nə vaxtsa bitəcəyini bilirdi—amma necə bitəcəyini düşünəndə damarında qanı donurdu. Bir dəfə axşam işlərini yerbəyer edib evə qayıdanda kəndə dönən və bir tərəfi sahillərini qamış basmış kanalın yanı ilə gedən yola çıxanda yolu dolayı kəsmiş maşın gördü. Dərhal əlini atıb silahı götürmək istədi, amma silah yox idi : o dəqiqə ağlına anası gəldi. Həmişə onun maşınından, cibindən bıçaq, müxtəlif soyuq silahları götürüb gizlədir və :“Sənin düşmənin yox, istəməyənin yox, bala, bunları neyliyirsən, səni Allah qoruyar, mənim dualarım qoruyar,”--deyirdi. Beynindən ildırım kimi keçən fikirlər arasında yadına oturacağın altına qoyduğu bir ucu itilənmiş gödək armatur düşdü. Onu cəld qapıb sürətini azaltdığı maşını saxladı və qapını açdı. Maşının qapısını örtməyə macal verməyən adam onun üzərinə atılaraq əlində tutduğu balta ilə onu vurmağa çalışdı. Maşının işığını qəsdən söndürməyən Şahin adamı işığa tərəf istiqamətləndirib müdafiə oluna- oluna kişinin sifətinə baxdı. Sifətin bir neçə yerdən şırımlanmış və tikilmiş, eybəcər görünüşü onu diksindirdi. Adamın qəzəb və kinlə dolu, az qala hədəqəsindən çıxmış gözləri, kilidlənmiş dişləri arasından çıxan söyüş sözləri və bu sözləri dedikcə tikişlərdən dartılan sifəti, təntiyə-təntiyə, hirslə baltanı havada yellədərək onu vurmağa çalışması Şahini ani olaraq bu vəziyyətdə soyuqqanlı və daha fəndgir olmağa sövq etdi. O, imkan tapıb əlində tutduğu armaturla qəfildən kişinin balta tutan əlinə möhkəm bir zərbə ilişdirdi. Balta onun əlindən çıxıb qaranlıqda harasa fırıldadı və nəyəsə dəyib cingildədi . Adam dəli kimi Şahinin üzərinə atıldı və hər ikisi süpürləşərək yerə yıxıldılar. Şahin girəvə tapıb əlində tutduğu armaturu var gücü ilə onun başına endirdi. Zərbə ölümcül oldu. Armatur adamın gicgahına pərçimlənmişdi. O, ayağa qalxıb nə müddətdi qorxusunun kabusu ilə yaşadığı bu adama baxdı.Hiss etdi ki, dizləri, əlləri əsir, bədəni sustalırdı. Özünü ələ aldı, bu səmtə maşın gələcəyindən, onu görəcəklərindən ehtiyat edərək cəld armaturu çıxarıb maşına qoydu, adamı sürüyüb kanala atdı . Maşına oturub qanlı əlləri ilə sükandan bərk-bərk yapışaraq motoru işə saldı və bir-iki kilometr getdikdən sonra armaturu da kanala tulladı, bacısıgilə gəlib Səbuhini çağırdı. Yuyunub yatdı. Səbuhi yenə bir söz soruşmadan dayısının qana bulaşmış maşınını və paltarlarını yuyub təmizlədi

Səhər yerindən qalxanda qarışıq hisslərin altında əzilirdi—elə bilirdi o adamı aradan götürsə, rahatlanacaq, yüngülləşəcəkdir. Amma o rahatlığın üstünə dağ kimi bir ağırlıq çökmüşdü və bu ağırlıq elə həmin gündən içini gəmirən , beynini, hisslərini kütləşdirən, ona gün-dirilik verməyən qara bir dumana dönüb həyatını da eləcə qaraltdı. Çox əsəbi olmuşdu. Evdə ən adi şeyə əsəbləşir, arvad-uşağın üstünə qışqırır, idarədə işçilərlə codlaşırdı. İçinə qapanıb uzun müddət susur, donuq, ifadəsiz, key baxışlarını bir nöqtəyə zilləyərək dalıb gedirdi.

Öldürdüyü adamın oğlu ilə qarşılaşanda bu ağırlıq daha da çoxaldı. Bir dəfə idarəyə gələndə dəhlizdə arıq, yeniyetmə bir oğlan görüb işçilərdən bunun kim olduğunu soruşdu:

--Lətifin oğludu ,--dedilər,-- Bahadurdu. Səbuhi işə götürüb, sizinlə məsləhətləşəcəkdi, bizim restoranların birində işləyəcək, yazığın atasını keçən il öldürüb kanala atmışdılar. Anası da işləmir, neyləsin bədbəxt, ailələri dolanmır.

O, bircə dəfə uşağın gözlərinə baxdı və bu gözlərin dərinliyində gördüyü ifadəni gözünün aynasından o tərəfə heç qova bilmədi.

Avqustun axırları idi. Restoranlara baş çəkib haqq-hesab aparan Səbuhi günortadan sonra rayondan evə qayıdarkən magistral yolda onun yanından güllə kim ötüb keçən maşının nömrəsindən dayısının maşınını tanıdı. Hava isti olduğu üçün bu vaxtı yolda nəqliyyat az olurdu. Amma yenə də bu qədər sürətlə getmək təhlükəli idi. O, sürəti artıraraq dayısına çatmağa çalışır, arada siqnal verirdi. Lakin Şahinin maşını getdikcə uzaqlaşır və sürəti artırırdı. Səbuhi həyəcanla:

- Dayı, qurban olum, belə eləmə, qurban olum, noolub sənə, əzrayıla tərəf gedirsən, dayı, dayan, yavaş, dayı,--deyə öz-özünə, içi əsə-əsə pıçıldayırdı.

Birdən Səbuhi düzənliklə uzanıb gedən yolun bir neçə yüz metr uzaqlığında, gözünün qarşısında kəllə-kəlləyə gələn maşınların taqqıltısını eşidib dondu. Göyə fırıldayan maşının rəngindən dayısının maşınını tanıdı. Ürəyi atlana-atlana sürəti artırıb ora yaxınlaşdı. İki –üç nəfər adam öz maşınından düşüb hadisə yerinə tərəf qaçırdı. Səbuhi dizləri əsə-əsə, dayısının milyonda bir sağ qalma ümidinə yalvara-yalvara oraya yaxınlaşaraq maşından düşdü. Ərvağı dönmüş bir ailənin başçısının təpəsi üstə çevrilmiş tüstüləyən maşınından Şahinin meyitini çıxarıb yolun kənarına uzatdı. Gicgahına batmış iki-üç qarış uzunluğunda dəmir parçasını çıxarıb tulladı. Onun başından axan qıpqırmızı maye yolun kənarında bitmiş və öz əcəlinə sürət götürən adamın aqibətinə vücudları kimi matı-qutu qurumuş otların arası ilə axaraq bu yayın cırhacırında uzun müddətdir yağışa həsrət qalan, su gözləyən bitkilərə isti qan içirirdi. Səbuhi dayısının başı üzərində diz üstə çöküb hönkür-hönkür ağladı...

... Şahinin və Lətifin bir-birinə düşmən kəsilən nigaran ruhları Bərzəxdə heç rahatlıq tapmadı. Sonralar Lətifin oğlu institutu qiyabi oxuya-oxuya həmin idarənin ən vacib adamlarından birinə çevrildi və bir gün bibisi oğlunu görməyə gələn Şahinin istəkli qızı Leylaya vuruldu. Lətifin oğlu Bahadur qabaqlar yuxusuna sağlam, əvvəlki vaxtlarındakı kimi gözəl görkəmdə girən atasının niyə indi o cür üzü şırımlı, danışanda tikişlərin dartıb eybəcər hala saldığı vaxtını tez-tez görür, ona narazı-narazı baxan atasının nə demək istədiyini heç anlamırdı. Onun Leyla ilə toyundan iki-üç il sonra restoranların birinə gələrkən burada ofisiant işləyən və danışığından hansı millətin nümayəndəsi olduğu bilinən çox gözəl, işvəli bir qızı görən Bahadur bunun kim olduğunu soruşdu:

- Marqonun qızıdır, Siranuşdur,--dedilər,--anası daha işləmədi, Yerevana köçüb, qızını yerinə götürüblər, Stepanakertdə institutda qiyabi oxuyur.

Bahadurun gözləri qızın bütün vücudunu iv-iv gəzdi və bu, onun gözləri deyildi : İblis sevinclə, bic-bic, qanlı dodaqlarını yalaya-yalaya, meydan sulaya-sulaya, Bahadurun qulaqlarını, gözlərini, dilini və ağlını əlindən dördəlli alaraq, bu duyğu üzvlərinin hamısını öz fitnəsinə yönəldərək onun gözlərindən ac qurd kimi qıza baxırdı...

Bahadur restorandan çıxanda həyəcandan və ürəyinin tez-tez çırpınmasından ona nə olduğunu kəsdirməyə çalışarkən taqqıltıya dönüb həyətin o biri başına baxdı. Restoranın işçilərindən bir təndir üçün balta ilə odun doğrayırdı...

# 3849 dəfə oxunub

Müəllifin son yazıları

# # #