Bu günümün ağ-qara tablosu - Şeirlər

Bu günümün ağ-qara tablosu - Şeirlər
23 iyun 2022
# 18:00

Kulis.az Ələddin Əzimlinin yeni şeirlərini təqdim edir.


Qağayı fəryadı

Küsməyin də yeri var,
barışmağın da.
Ada tək ayrılmağın,
çayla dəniz kimi
qovuşmağın da.
Günəş
batır sularda
çırpınır qanadları.
Bir qağayı fəryadı
çalxalayır suları,
gətirir göz önünə
yaxını, uzaqları...


Ağ göyərçin

Göy üzündə
bəyaz buludlar çin-çin,
qara buludlar qat-qat.
İki zolağın arasında
çırpınır, vurnuxur
yolunu azmış
bir ağ göyərçin.
Yorğun göyərçin
hara baxırsa,
gözünə ağ-qara bulud görünür,
qonmağa yer tapa bilmir.
Hərlənir, fırlanır
bir dairədə.
...Qəfildən yağış başlayır,
üst-başı suyun içində
bir uşaq
həsrətlə baxır göylərə,
qəhərdən çəkir içini,
axtarır, arayır ağ göyərçini...


Eşq

Kefindən şənlənən,
oynayan da var.
Qəmindən mürgüləyib
yatan da.
Kefindən yeyib-içən,
sərxoş olan da var.
Dərdini xatırlayıb
çaşbaş qalan da.
Kefindən göylərdə
uçan da var.
Ağrıdan ikiqat olub
sızlayan da.
Kefindən başı gicəllənən,
çaşan da var.
Yorğun çay kimi
dənizə qovuşan da.
Kef mənlik deyil
bu yaşımda.
Ancaq namümkün bir eşq
dolanmaqdadır başımda...


Qəzavü-qədər

Bu gecə də
belə keçdi.
Səhəri
heç soruşan olmadı
nə işdi?
Yarımçıq yuxu gördünmü?
Cavabını bilmədiyin
suallar çaşdırdımı səni?
Səhər də ötdü beləcə,
düşüncələrin burulğanında.
Hər dəfəki tək
günboyu boşam,
görüləsi işim yox.
Bu nə qəfil xəbərdir,
kədəri sevincindən çox.
Qoy olsun,
sən bunu istəmirdinmi?
Buyur,
indi bu dünyanın
sevin kədərinə,
ancaq
sızlama qəzavü-qədərinə...


Ümidlər

Ürəyim balıqmı
bir qəfil duyğunun
ipək torunda?
Çırpınır aramsız
xatırlananda.
Çılğın hisslərim
daşdırıb səbrimi,
zəbt edib
ruhumu, fikirlərimi.
Amandır, tanrım,
qoyma solmağa
cücərmək istəyən ümidlərimi...


Vay halına

Şəhərlər böyük-böyük
adamlar iynədir içində.
İtirdin, vay halına.
Dənizlər dərin-dərin
balıqlar gəzir içində.
Yıxıldın, vay halına.
Küləklər güclü-güclü
dünya çırpınır içində.
Azdın, vay halına.
Qadınlar gözəl-gözəl
şeytanlar gülür içində.
Aldandın, vay halına...


Bu səhər

Bu səhər,
bu da Günəş.
Hərəsi tutub bir əlimdən
gedirik təbiətə,
insanlara doğru addım-addım.
Beləcə başlayır
bu günkü həyatım.
Bu duman,
bu da yağış.
Hər biri boylanır dünyaya,
seyr edir ətrafı yavaş-yavaş.
Bunlar
bu günümün ağ-qara tablosu,
rəngli lövhəsidir, qardaş.
Bu sən,
bu da mən.
Dayanıb göz-gözə,
baxırıq bir-birimizə
olacaqlardan xəbərsiz.
Hələlik gülümsəyə-gülümsəyə,
səssiz-səssiz...

Gecələr

Gecələr
sal məni yadına.
Gündüzlər
keçinərəm bir təhər.
Gecələr
sənsiz çətindir.
Hara baxıramsa,
İzlərin, surətindir.
Gecələr
təzələmə dərdimi.
Üz çevirmə
soyuq divarlar kimi...

Dünyanın mat qalmışam
qəribə işlərinə.
Uyğunlaşa bilmirəm
zamanın gərdişinə.
Qapımı, pəncərəmi
döyür aramsız külək.
küləyin arxasınca
yəqin, yağış gələcək.
...Kimdir islaq nəfəslə
gecə vaxtı səslənən?
Durub yağışın altda
gəlişimi gözləyən?


# 3724 dəfə oxunub

Müəllifin son yazıları

# # #