İlahi - Şeir...

İlahi - Şeir...
3 avqust 2022
# 18:20

Kulis.az Hafiz Hacxalılın "İlahi" şeirini təqdim edir.

Kövrələ bilmirəm şeir yazmağa.
Yanıb külə dönən ürəyim hanı?
İndi uzaq qaçır söz məndən daha
Mənim ilham adlı mələyim hanı?

Düşməz ürəyimə bu nəğmə açar,
Açılmaz bir daha qıfıllı gözüm.
Söz arı iynəsin ruhuma sancar.
Söz-söz qəniməmmiş özümə-özüm.

Söngüyən, qaralan ocağam, ocaq.
Bir yerə yığın siz külümü, sözlə.
Birdə bundan sonra kim tapılacaq,
Ala şirin-şirin könlümü sözlə.

Sözə sığal çəkib, səsə çevirmək –
Gücündə deyiləm, bilirəm bunu.
Tanrının yanında böyük söz demək,
Pozmaq demək imiş haqq qanununu.

Eh, məndə güc hanı, məndə ruh hanı.
Qatım qabağıma dünyanı sözlə.
Dünya yaranandan bildiyin edir,
Kim başa salıb ki, insanı sözlə.

Kimə oxuyuram bu nağılı mən.
Kimi aldadacaq bu nağıl sözüm.
Ömrümdən verirəm qonaqlığı mən.
Əzrayıl gözləyir qapıda gözüm.

Nə vaxtdır yadından çıxmışam göyün,
Yerə söz göndərir mənim payım yox.
Mən bir az çılğınam, bir az ərköyün.
Mən bir az sözə də oxşayıram çox.

İpə də yataram, sapa da daha,
Yarımçıq qalmasın nəğməm, ilahi
Bu mənəm qalmışam, qalmışam tənha.
Bu mənəm, bağışla, mənəm, ilahi.

# 3952 dəfə oxunub

Müəllifin son yazıları

# # #