Sərsəm

Sərsəm
7 mart 2014
# 13:37

Ayla Qasımzadə

(Dərddən vərəmləmiş ananın şizofren oğlu)

Günəş qorxudurdu məni, sağalmaqdan qorxurdum əslində. Tez bağladım pərdələri. Titrəyən dodaqlarımı dişlərim ilə qanadıb, sanki bundan həzz alırdım. Divarlar və mən-ikimiz tək idik. Sadəcə 4 divar və mən idim. Çirkli əllərimi ovuşdurur, ara - sıra dırnaqlarımı yeyir, şaxtanın bədənimi necə hissiyatsızlaşdırdığını duyurdum kirimişcə. İnsan idim mən. Bütün günahları ilə tək qalmış bir insan. Boşluğa düşmüş bir insan.(var gücümlə qışqırıram):

-Səs ver,səs ver mənə! Yalvarıram danış ! Yalvarıram danışın,divarlar! Yaxşı. Təhqir edin məni, qucaqlayın sonra, sevin məni,çox sevin,çox, qayğıma qalın! Amma nə olar, nə isə edin. Bir şey edin. Qoyun sonra öz günahlarımda boğulum. Tək-tənha... Torpaq, sonra isə sonsuz yuxu..

Nəzarətçi içəri girir:

-Ay xəstə! Bəsdir,qışqırdın. Öldük burda. Sizin kimi dəlilərin əlindən day bezdik e,vallah! Di get,yıxıl yatginən.

Nəzarətçi boş,ağ divarları olan otağın küncündəki dəmir, paslanmış stola yaxınlaşdı. Əlinə iynəni alıb, sakitləşdirici dərmanı sıxıb, yaxınlaşdı. Mən:

-Eləmə aaaah. Gəlmə bura, gəlmə,dayan, dayan, aaaaah, gəlmə, yalvarıram, gəlmə, yalvarıram! Gəlmə..Gəlmə.. Bədənimi ağrıdır axı o iynələr..Vurunca..Şey..Hiss etmirəm heç nə axı.Beynim durur. Cavabsız suallarımı verə bilmirəm özümə,olmaz axı,olmaz,nə olar vurma,vurma aaaah!

Yatıram... 3 saat sonra

Tanrı.. Tanrı, varsan sən? Bax, indi təkəm. Ehtiyacım var sənə. Gözlərim səni axtarır. Qulaqlarım səni dinləyir. Tanrı,sən mükəmməlsən mənim üçün. Bəlkə də..Şey,bəlkə də,sən yoxsan. Ancaq yooooox, hər başım sıxışdığında yanıma gəlib mənə əl uzadansan..Sən tanrısan,axı,Tanrı! İllərdir məni olmayan bir müqəddəsəmi inandırdılar yoxsa?! Danış,tanrı..Yalvarıram danış.. Bu qədər tək qoyma məni..İcazə vermə,beynimdən bu qədər uzaq,qəlbimə bu qədər yaxın olasan,icazə vermə buna, tanrı!Səni axtardığım boşluğda itirdim özümü mən,tanrı. Axı niyə görmürsən, balaca körpəni xoşbəxt etmək üçün deyil də, sənin yaratdığın cənnət üçün onu xilas edəni? Niyə görmürsən,səni öz qəlbində tapmadan, səni tənqid edəni? Niyə,tanrı?Ahh… İynə hələ də uyuşdurur,buraxmır məni..

Ruhi xəstəxana -Direktor otağı.

-Elşad müəllim,vallah, bezmişik e. Gic-gic danışır bütün gün. 1 ildi müalicə alır, hələ də bir düzəliş yoxdur e. Başlıyıb özü də,bütün günü Allah, tanrı deməyə. Bir əlac tapın,belə olmaz.

-Neçənci palata demişdin?

-132- ci otaq, C korpusu. Bir çıxın baxın,bəlkə görün alındı danışmaq.

-Mən danışaram. Siz ona qarşı daha sərbəst davranın,yaxşı olun.

-Yaxşı. ( ürəyində: Əşşi, a kişi,camaatın dəlisinə də hörmətli olacağıq e. Təzə çıxıb bu da. )

Palatada...

-Hmm,girmək olar?

(Başım ilə “hə” deyirəm.)

-Əslində səninlə anan haqqında danışmaq istərdim. Ananın…Ananın ölümü. Çox ağır oldu sənə deyəsən. Mən sənə baxanda kədərli,anasını itirmiş gənc görürəm. Ağır dərəcəyə çatan şizofrenik xəstə yox.

-O ölməyib.

-Axı..Axı öldü o.. Vərəmdən öldü….

- Hərkəs elə bilir öldü. Ölmədi. Doğrudan ölmədi.Hamı elə düşünür ki, vərəm aldı anamı əlimdən. Yox. Əksinə, bilirsən yaxşı oldu. Artıq onu heç kimlə paylaşmaq məcburiyyətində deyiləm. O.. Yenə gələcək,üstümü örtəcək,çox sevəcək məni. Çox. Qucaqlayacaq bərk-bərk. Ölmədi anam. Axı niyə mənə inanmırsınız?

-Məni anana aparmaq istəyirsən? Bax,hara desən aparacaq şofer.

-Olar. Səni görsə sevinər. Çox sevərdi o qonaqları.

Qəbirsitanlığa gedirik. Anamın qəbrinin yanına.

- Bax,bax,gəl otur. Burdadır anam. Keçən dəfə bunun altına qoydular onu.

- Bilirəm,çətindir amma qəbul et..O öldü..Öldü o ,öldü !

- Ölmədi! Sus nə olar.. Axı,niyə başa düşmürsünüz.. Necə öldü deyə bilərəm? İldırım çaxanda gəlib yanıma uzanan,sakitçə üstümü örtən, bağrına basan, duz kimi yalayan, saatlarla saçımı oxşayan adama necə öldü deyim? YOX,YOX! Necə axı? Necə? Ölmədi o. Ölmədi. Tək fərq var. O dünyasını dəyişdi. İndi o yerin üstündə yox,başqa yerdə yaşayır. Bax, burda, qəlbimin tam ortasında.

# 2204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #