Yoxdur, məndə onunku!

Yoxdur, məndə onunku!
30 iyul 2014
# 16:32

Seyid Aynurun şeirləri

Yoxdur, məndə onunku!

Ayaq saxla bir azca,

Dayan, qurbanın olum.

Dünən gecə ağradı,

Şeir yazan sağ qolum.

De, necə yaşayırsan?!,

Ha-ha-ha!, vurnuxursan?!

Deməli, hələ məni,

Unutmayıb yaddaşın,

Deməli, o küçədən,

Qəsdən keçir yoldaşın.

Keçir ki, görə məni,

Gəzir ki, səni tapa,

Onunçün də qızcığaz,

Qalıbdır yana-yana,

Yenə məktub yazacam.

Qoy, dəlicə qısqansın.

Yağış olub yağacam,

Yanaqları islansın!.

Gözünə hopub küçə,

Kirpiyinə yük olub,

Qarğalar gecəyarı,

Qonub qəlbini oyub.

Yox, sevməyəcəm səni,

O qız da axtarmasın!.

Sən ey, dənizin oğlu,

Sən ey, dəniz padşahı!

De, ona axtarmasın,

Soraqlamasın nahaq,

Yoxdur, məndə onunku,

Olsun, qoy bu sonuncu!,

Olsun, bu da sonuncu........

Minilliyin ən dəhşətli qəzası

Və sair idim.....

Bir dəli sevdaya qoşulub getdim,

Bir də ayıldım ki, nə sən, nə mən var.

Sən demə bu sevgi bir özgə şeydi,

Burda can da birdi-nə sən, nə mən var.

Bir dəli sevdaya qarışdı başım,

Nə dostlar yar oldu, nə yadlar tanış.

Elə hey, nigaran baxışlarıyla,

Gəzdirdi sərgərdan, o, eniş-yoxuş.

Boylanıram ümid, həsədlə mən də,

Küçəmizdən bir cüt cavan keçəndə.

Sevgi də oyundur, o, səndə-məndə,

Qaçıb, qovlayırsan növbən düşəndə.

Mən belə deyildim, hələ lap əvvəl,

Qayğısız, xoşbəxt və sair idim.

Sən, ey səhər tezdən gül dərən əllər,

Axı, əvvəl nə vaxt mən şair idim?!

İndisə belədir mənim taleyim,

Gah arşın çox gəlir, gah parça kasad.

Bu da məndən olsun sənə gileyim,

Salam olsun sənə, “sevgilim yasaq”!

***

Mən də buyam,

Nə var o yam.

Bir balığam balaca,

Çox çirkinəm-qaraca!

Bu çay, bu dərə dar gəldi mənə,

Hey, üzdüyüm su, tanıdıqlarım az oldu.

Gözüm başqa ümmanları gəzdi,

Başımı qaldırıb üsyan etmək,

Fərqli dünyalar görmək istəyəndə,

Mütləq kimlərsə burnumu əzdi.

Mən də buyam,

Nə var o yam.

Bir balığam balaca,

Çox çirkinəm-qaraca!

***

Əlil arabasına bənzəyir məhəbbətin-

Sənə çatım deyə,

Qarşıdakı yolu keçmək,

Bunun üçünsə bütün maşınları saxlamaq lazımdır.

Alınası iş deyil-

Bu şəhərdə maşınlar çox sürətli gedir!

Elə buna görə də, yoxdur, nə sən, nə mən,

Əgər olmuş olsaydı-

Bu minilliyin ən dəhşətli qəzası olardı!

# 2686 dəfə oxunub

Müəllifin son yazıları

# # #