Nəsimi: Bir dəfə dərisini soydular, indi də türbəsini...

Nəsimi: Bir dəfə dərisini soydular, indi də türbəsini...
28 oktyabr 2013
# 13:50

Dərisi soyulan Nəsiminin Suriyadakı yalqız türbəsi

Əbülfəz Şeydabəyov

Dünyanın böyük ekranlarının gözü önündə 80.000 dən çox insanın canını almış Suriyadakı vətəndaş müharibəsi günü-gündən daha da şiddətli və amansızlaşır. Deyilənlərə görə hadisələr 2011-ci ildə İyordaniya Krallığı ilə sərhəd olan Dera şəhərində bir neçə xırda uşağın divarlara Baas rejimi və Bəşər Əsədə qarşı cızdıqları anti-rejim sloqanları sonrası cərəyan edib.

Şəhərin yerli polisləri həmin uşaqları həbs etmiş, bir daha bəyaz divarları “ləkələməsinlər” deyə üstündə bir iki sillə də vurmuşlar. Valideynlər polis məntəqəsinin önünə gəlmir, uşaqlar buraxılmır. Sonra qohumlar, qonşular, əzizlər, yoldan keçən duyarlı suriyalılar ora toplanır. Hadisə yerli Omar məscidində cümə xütbəsinin mövzusu olur. Suriyanın xarici dostları və düşmənləri öz kürsülərindən olaylara münasibət bildirir. Mikrofonlar-kalaşnikova, dostların qastrol təyyarələri-alov püskürən dəmir əjdahalara, sülh göyərçini-ölüm xəbərçisi qarğaya dönür bir anda…

O gündən bu günə Suriyanın rəngarəng beynəlmiləlçilik rəmzi olan sünni, ələvi, cəfəri ,maroni, pravoslav ahəngi pozulmuş, bir rəng dominant olmuşdu, al qan-qırmızısı… Bir tərəfdən hökumət qüvvələri, ələvi milislər şabihalar, Hizbullah, üstə gəl muzdlular, digər tərəfdən isə müxalif Azad Suriya Ordusu, Al Nusra Cəbhəsi, islami qruplaşmalar, türkmən özünümüdafiə dəstələri, üstə gəl muzdlular yığması məzhəb fərqinə görə bir-birilərinin dərisini soymaqdadır…

Bu həngamədə hələ PKK uzantısı qruplaşmanın sloqanlarını da xatırladmış olum… Dərisi soyulmuş Suriya ölkəsi dedikdə hal hazırda dahi Azərbaycan şairi türk İmaməddin Nəsiminin məzar-türbəsi Suriyanın ən qaynar şəhər döyüşləri getdiyi Hələb şəhərində olduğunu bir daha xatırlatmaq istədim. Dövrünün siyasi, ictimai, sosial ədalətsizlik və ilahi eşq mövzuları ilə Azərbaycan, Ön Asiya, Orta Asiya və Yaxın Şərq ədəbiyyatına böyük təsiri olmuş həmyerlimiz şamaxılı Nəsimin məğrur məzarı Hələbin məşhur əl-Fərafirə səmtində yerləşir. Yaxın keçmişə nəzər salsaq hələ soyuq müharibə dövründə Sovetlər Birliyi ilə Suriya dövləti müttəfiq və dost ölkələr olmuşlar. Tədbirli Komunist Partiyası Dəməşq və Hələbə tez-tez təyyarə dolusu mədəniyyət qastrolları yollardı. Sovetlər Yaxın Şərqin ərəblərini öz təsiri altına salmaq üçün nələr etməzdi ki…

Özünün necə beynəlmiləl rejim olduğunu göstərmək üçün daha çox simaca və inanc baxımından onlara yaxın olan Sovet Azərbaycanından mədəniyyət heyətini tez-tez Suriyaya səfərlər təşkil etdirirdi. Məhz bu səfərlərin birində Xalq şairimiz Rəsul Rza Hələb şəhərində İmaməddin Nəsiminin məzar-türbəsini araşdırıb, tapmışdır. Vətənə qayıdandan sonra bunun haqqında məqalələr yazan şairimiz beləliklə Azərbaycan ictimaiyyətini də sevindirmiş olur. Təbii ki, Moskvadakı Komunist Partiyası bundan öz Suriya siyasəti üçün istifadə etməməyə bilməzdi. Dərhal Azərbaycan SSR-dən bir qrup ziyalı Hələbə yollanılır. Nəsimin 1417-ci ildən gözü yolda qalmış dağınıq türbəsi restavrasiya olunur, ətrafı abadlaşdırılır. Bildiyiniz kimi, Hələb şəhəri çox qədim tarixə sahibdir. YUNESKO siyahısına bir çox abidələri və tarixi qalaları salınmışdır. Dövrünün azərbaycanlı və moskvalı ziyalılarının təkidi sonucu YUNESKO-nun qərarı ilə hələ 1973-cü ildə Moskva və Bakı şəhərlərinə dahi Nəsiminin 600 illik yubileyi keçirilmişdir. Dünyanın hər tərəfindən xüsusi ilə də Suriyadan paytaxtımıza dövrünün tanınmış simaları dəvət olunmuşdur.

Nəsimin məzarının Hələbdə aşkarlanmasından sonra Sovetlər Birliyi ərəb dünyasına baxın bizim də müsəlmanlarımız var, biz heç də Qərbin dediyi kimi “tanrısızlar” deyilik mesajını məharətlə vermişdir. Bakını, Daşkəndi, Buxaranı nümunə gətirərək çox imtiyazlar əldə etmişdir. Rəsmi Kreml mədəniyyət siyasəti ilə zamanla Suriya xalqının sevgisini günümüzə kimi qoruyub saxlamaqdan ziyadə, Suriyada aşkarlanan ən böyük neft yataqlarının Azərbaycan SSR-dən yollanan azərbaycanlı neftçi mütəxəssislər tərəfindən aşkarlandığı isə başqa bir mövzudur.

Mövzu çox genişdir …Amma biz azərbaycanlıları həm o torpaqlarda gedən qardaş qırğını həm də Şairimiz Nəsiminin türbəsinin gedən döyüşlərdə məhv olması qorxusu narahat etməkdədir. Hadisələr şiddətləndiyi üçün Azərbaycan Respublikasının Dəməşqdəki Səfirliyi bağlanmış, müvəqqəti olaraq diplomatik korpusumuz qonşu Livanın paytaxtı Beyruta köçürülmüşdür. Suriyada yaşayan azərbaycanlı vətəndaşların demək olar ki, hamısı ölkəni tərk etmişlər. Hələbdəki Nəsiminin yalqız qalan türbəsini ətrafda yaşayan suriyalı türkmənlər mühafizə etməkdədirlər. Ancaq bilidyiniz kimi yerli türkmənlərin özünümüdafiə dəstələri digər qruplaşmalarla müqayisədə zəifdilər.

Nəzərə alsaq ki, bu məzhəb qırğınında hər iki tərəf bir-birinin nəinki insanına aman vermir hətta onun inanc abidələrini və məzarlarını belə dağıdır o zaman Nəsiminin türbəsi də böyük təhlükə altındadır. Bu barədə ölkəmizin xəbərlərində bir neçə dəfə toxunublar, amma bu barədə əfsuslar olsun ki, heç nə edə bilmirik. Bəli, şairimizin türbəsi bizim Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil. Ancaq nəzərə alsaq ki, Suriya Hökumət Qüvvələri Hələbin nəzarətini öz əllərinə götürməkdədilər, o zaman Suriyanın mövcud hökumətinə məktubla İmaməddin Nəsiminin Hələbdəki türbəsini qorumaq üçün müraciət etmək lazımdır.

Axı suriyalılar bizi yaxşı tanıyır, tarixi bağlantılarımız var. Biz bu coğrafiyanın övladlarıyıq. Hal-hazırda Suriya hökumətində təmsil olunan neçə ziyalı zamanında Bakıda ali təhsil alıb. Bir neçə neftçi alimimiz Suriyanın fəxri vətəndaşı və ordenləri ilə mükafatlandırılıb. Onlar yaxşı bilirlər ki, Azərbaycan xalqı bu yaxşılığı əsla unutmaz.

Bir məqama diqqət ayırın. Suriyada bir torpaq parçası var ki, ora Türkiyədir. Bəli yalnış oxumadınız, Türkiyə hüdudları xaricində yeganə rəsmi Vətən torpağı deyirlər ora – Hələb ətrafında XIII əsrdən qalma Osman Qazinin dədəsi Süleyman Şahın məzar türbəsi… Hələ 1923-cü ildə yenicə qurulmuş Türkiyə Hələbdəki oğuz türklərinin Atası Süleyman Şahın məzarını Ankara və Lozan müqaviləsi sonucu Fransadan inadcıl diplomatiya sayəsində alır.

Orada ay ulduzlu türk bayrağı dalğalandırırlar. Rəsmi Ankara 1938-ci ildə orda bir hərbi qarnizon da inşa etdirir. Həmin tarixdən bu günə, hətta günümüzün qırğınlarına kimi Türkiyə Hərbi Jandarmasına bağlı 30 türk mehmetçiyi Hələb ətrafındakı Süleyman Şahın behiştlik ruhunun sükutu pozulmaması üçün əli silahla orda keşik çəkirlər…

Bizlər də bir zamanlar Vətəndən uzaqda nahaq yerə dərisi sərpa soyulmuş bu coğrafiyanın ədəbiyyatına təsiri olmuş əbədiyyət günəşimizə sahib çıxmalıyıq! Heç olmasa bu dəfə onu tək qoymayaq! Unutmayaq Nəsimini! Ruhu qürbətdə şad olsun!

# 2065 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #