Kulis.az Tofiq Ağzıbirlinin şeirlərini təqdim edir.
Anam
Qara qaşlı bir gözəldən
Ağ saçlıya dönən anam
Kəlmə başı qadan alım
Oğul deyib dinən anam
Bu yaşımda sevincimi
Duyan yoxdu onun kimi
Titrəyəndə qəlbim simi
Gözlərindən sönən anam
Ömrə bir hədd qoymaq olmur,
Xeyri-.əri saymaq olmur
Baladan heç doymaq olmur
Nə sən doydun, nə mən anam
***
Əsir etdi uşağa qazandığım, parə çörək,
Xəcil etdi, zəlil etdi, möhtacı-ruzgarə çörək!
Nə qədər cəhd elədim, ehtiyatı yaxşı tutum,
Payızı addamamış, çatmadı baharə çörək!
Hələ mən əti, yağı, qəndi-çayı söyləmirəm,
Yoxa çıxdı ağı heç, bu məndən də qarə çörək!
Bilmirəm ki, uşağın nə yolla kəsim səsini,
Kimə möhtac edəcək, aparacaq harə çörək!
Orucu bir tuturuq, kiminə tanrı aş verir,
Biz isə tapmayırıq açmağa iftara çörək!
Yediyim, hər nə yedim, gəldi gözümdən, bir-bir,
Gözümün yaşı ilə döndü zəhrimara, çörək!
Evə gəldim əliboş, həm cibi boş, mən başı boş,
Düşmən etdi Tofiqi, arvada, dildara çörək!
***
Bu biçarə könlümün, güldüyünü görmədim,
Kiminsə məndən ötrü öldüyünü görmədim,
Ömrümə bir xoş günün gəldiyini görmədim
Üzünə həsrət qaldım, nədirsə səadətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Hər nə almaq istəsəm, fələk əlimdən vurur,
Gül dərmək istərəmsə, zalım gülümdən vurur,
Haqq danışıram deyə, namərd dilimdən vurur,
Vallah mən bu dərdlərə dözürəm yaman çətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Vətənimdən, elimdən, obamdan ayrı düşdüm,
Toyları, məclisləri, qəribliyə dəyişdim,
Özüm sağ ola-ola, uşaqlarımdan şişdim,
Qarşısında dik durub, bir belə məşəqqətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Hansı tərəfə getsəm, qarşıda düşmən durur,
Heç kəsə inam yoxdu, dostlar arxadan vurur,
Puldan ötrü adamlar, nə cür tələlər qurur,
Nə qədər olmalıdır, kişilik dəyanətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Hər addımda saxtalıq, hər addımda iftira,
İnsanlıq yuvarlanır, bilməyirəm heç hara?
Namus, qeyrət çevrilib dildə quru şüara,
Əslində tərsinədir hər işi cəmiyyətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Bizə bu azadlığı, verdilər yaman baha,
Millətin heç ümidi qalmayıbdır sabaha,
Vətəni satanları bağışlayırlar daha,
Əsri, zamanı imiş, sən demə xəyanətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Nə qədər Xankəndləri, Şuşalar əldən gedib,
Namərdlərin əliylə nə getsə eldən gedib,
Vətən qaytarmaq olmaz, ah-nalə şivən edib,
Baxdıqca əhvalına, bu biçarə millətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Düşmənlər çox güclüdü, bəllidi yalan deyil,
O itən torpaqları bir kimsə alan deyil,
Hələ bu torpaqlar da heç bizə qalan deyil,
Başı yaman qarışıb pula bu hökumətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Xalqa vədələr verib, yalançı olmaq olmaz!,
El qanını sovurub, milyonçu olmaq, olmaz!
Bütün elli-obalı, dilənçi olmaq, olmaz!
Axırı hara gedir, deyin, bu siyasətin!?
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Qəriblik bir işgəncə vətəndə hamı sürgün,
Hamı yaşayırsa da, heç kəs görməyir bir gün,
Oğru doğrudan güclü, keçməyir işə düzgün,
Basdırılır izləri nə qədər cinayətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Mən fələklə nə qədər çilik-ağac oynadım,
O həmişə tox olub, mən isə ac oynadım,
O nə hava çaldısa mən naəlac oynadım,
Ağrısını çəkərək, gördüyüm hər dəhşətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Çox evlərdə körpələr, gecələri ac yatar,
Çox evlərdə qənd yoxdu, qaynamayır samavar,
Evlər də var heç əti, bəyənməyir tulalar,
Qazanı heç qaynamır, çox yerdə, çox külfətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Bunu görür o kəslər, görənləri kor deyil,
Tofiq elə-obaya, vətənə nankor deyil,
Əzəl gündən taleyim, bilirəm ki, yar deyil,
Susuram qarşısında, bu acı həqiqətin,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
Ey vətən övladları, qeyrətə gəlmək gərək!,
Bu qədər haqsızlığa heyrətə gəlmək gərək!
Kişi kimi yaşayıb, mərd kimi ölmək gərək,
Bir ömür yaşamaqdır, bu dünyada möhlətın,
Ola bilmirəm, qardaş, ola bilmirəm mətin!!!
***
Allah verən bir ömürdə
Min cürə insan görürəm,
Hamısında eyib tapıb
Bir cürə nöqsan görürəm.
Dostlar sınaqdan çıxmayır,
Yaxşını yaman görürəm.
Nə olsun dağlar ucadır!?
Zirvə yox, duman görürəm.
Namərd kəsir basdığını,
Verməyir aman görürəm
Ürəyimdən keçənləri
Danışmağa dilim gəlmir,
Qələm tutub necə yazım?
Ürək deyir, əlim gəlmir.
Fələk məni bülbül edib,
Çağırıram gülüm gəlmir,
Taleyimin yollarında
Bir xoş ayım, ilim gəlmir.
Günü gündən xarablaşır,
Zay olur dövran görürəm.
Dost içində yeyib içmək,
Deyib gülmək olan şeydi.
"Sağ ol, var ol!" sədasından
Piyalələr dolan şeydi.
Ağrı cana hopan kimi
Duyursan ki, yalan şeydi.
Şərab, içki adamları
Çox hörmətnən salan şeydi
Yeyib içmək dostlarını
Axırda düşmən görürəm.
Bu el üçün, oba üçün
Göstərib hünər kişilər,
Təmənnası olmayıbdı
Güdməyib səmər kişilər,
Fələk ilə aciz qalıb
Çoxlu çoxlu nər kişilər.
Ehtiyacdan, xəcalətdən
Tökübdülər tər kişilər
Namərd altdan su axıdıb
Üstündə saman görürəm.
Qocalara, sərsəmlərə,
Şikəstlərə gülmək olmaz
Sənə sabah nə olacaq -
Bu ömürdür, bilmək olmaz.
Keçən günə qara deyib
Taleyindən silmək olmaz,
Bu dünyaya gələn gedər,
Day yenidən gəlmək olmaz.
Yaşamağa yaramır heç,
Dünyanı zindan görürəm.
Oğul-uşaq əzizdirsə
Üstündə də əsmək olmaz
Qərar verəndə qətiyyən
Bilin ki, tələsmək olmaz.
Zülüm çoxdur, amma insaf
Kəndirini kəsmək olmaz
Hər yerdən insaf kəsilir
Qalmayır iman görürəm
Kasıb yazığın evində
Biri olur, beşi olmur
Bəllidi ki, hiylə ilə
Fırıldaqla işi olmur
Mal artırmaq istəyəndə
Erkək olur, dişi olmur
Hər arvaddan arvad olmaz,
Hər kişidən kişi olmur
Dəyişibdi cümlə insan
Dəyişib zaman görürəm.
Mən küsürəm dostlarımdan,
Mən onları mərd sayırdım
Mən onları arxa bilib
Hər birini dörd sayırdım.
Onların da dərdlərini
Özümkü tək dərd sayırdım
Doğruluğu, halallığı
Mən ən vacib şərt sayırdım
Heç kəs heç nə verməyibdi,
Hamını uman görürəm.
Min dost azdı, bir düşmən çox
Bu nə sözdü ay atalar,
Yəni min dost ola bilmir
Bir düşmənə tay atalar!?
Mən bir dost da tapammadım,
Olan çıxdı zay, atalar!
Bəlkə yoxdu qismətimdə
Dost adında pay, atalar
Dostuq deyən dostlarda da
Saxtalıq, yalan görürəm!
Allah, sən özün görürsən
Sən çaşdırma barı məni,
Mən bilirəm, çaşdırammaz
Bu dünyanın varı məni,
Çaşdırsa da, çaşdıracaq
Bu dünyanın zoru məni,
Düşmənimi tanıyıram
Bu “dostlardan” qoru məni
Düşmənin də arxasında
Dostları duran görürəm.
Bu dünyanın hər işini
Öz başımda gördüm, dədə
Can istədi dost dediyim,
Mən də onu verdim, dədə
Dərk etdikcə səhvlərimi,
Çoxalırdı dərdim, dədə
Hal olasan sirlərimi
Bir sənə göndərdim, dədə
Danışırlar ağ yalanı
Deyirlər “inan” görürəm!
Saçlarıma dən düşübdü
Ağ-qaranı sayammıram
Həyat acı, can şirindi
Bu dünyadan doyammıram
Dərdlər çoxdu, sirrə dönür
El-obaya yayammıram
İnsaf ilə, qanun ilə
İş yoluna qoyammıram
Hər bir şeyə inam itir,
Qalmayır güman görürəm.
Fələk ziddə getsə əgər,
Padişahlar nökər gedər
Dövlətini, sərvətini,
Göz yaşını tökər gedər
Yaxşı ata övladına
Bir cüt evi tikər gedər
Pis övlad da bu evləri
Az müddətdə sökər gedər
Dünya yenə fırlanacaq
Hamandı, haman görürəm!
Türk elləri, Allah sizin
Hamınızı sağ eləsin
Ömrünüzü uzun edib,
Gününüzü ağ eləsin
Deyin, gülün, yeyin, için
Kefinizi çağ eləsin
Səhranızı, düzünüzü
Mer-meyvəli bağ eləsin
Göz doymur dünya malından,
Şirindi candan görürəm.
Tofiq, dağlar düzə gəlməz
Güc gedərsə dizə gəlməz
Qəm deyil ki, güdə bizi,
Sevinc olsa - bizə gəlməz.
Pislik elə - hay-küy düşər,
Yaxşılıq heç gözə gəlməz
Bu dərdləri mən yazardım
Söz qurtarar, sözə gəlməz
Şər qazanı qəm bişirir
Məhv olur cahan görürəm.
Hamı bilir, hamı deyir
Azıbdır bəşər yolunu
Hamı haqqı unudubdu,
Hamı tutur şər yolunu
Şah şah yolu getmir daha
Nökər də nökər yolunu
Şahla gəda belə gedib
Azarsa əgər yolunu
Evləri talan olacaq
Axar nahaq qan görürəm!
İllərim
Qayıdın, qaytarın gəncliyi mənə,
Ay ötən illərim, itən illərim!
Sevinc gətirdiniz döndərib qəmə,
Gəldiniz getdiniz nədən illərim!?
Qarğı atı minib, qaçaraq çapım,
Yalandan ev tikim, həyətim, qapım,
Bir ürkək baxışda təsəlli tapım,
Yarlı da, yarsız da bitən illərim!
Tofiq, elə bildim min yaşarıq biz,
Gəncliyin önündə diz çökürəm, diz,
Məni qocalığa aparmayın siz,
Ay gələn illərim, gedən illərim!
Qarğı at küləyə döndü, bilmədim,
Keçənlər ömürdü, gündü, bilmədim
O hürkək baxış da söndü, bilmədim
Ya sən günahkarsan, ya mən illərim!
***
Mənim dərdim, qəmim başımnan aşır
Bir yanıq kərəmi oxu, çal, aşıq!
Bu ömür yollarım elə dolaşıq
Canımı canana vermək istərəm,
Bu ömrü başqa cür sürmək istərəm!
Dərdimi, qəmimi unudub hərdən
Məftun olmaq üçün bir xoş nəzərdən,
Baxıb yan yörəmə aşıb çəpərdən
Bir qız məhləsinə girmək istərəm,
Bu ömrü başqa cür sürmək istərəm!
Kimsə pay umurmu qəm dustağından?
Könlüm oynayıbdı öz yatağından
Şirin təbəssümlü qız dodağından
Qəlbimdə naxışlar hörmək istərəm,
Bu ömrü başqa cür sürmək istərəm!
Sevgisi qəlbimi ağrıdan məni,
Hicranı ölüm tək qorxudan məni.
Kimsə sevibdimi doğrudan məni
Bəlalı qəlbimdən sormaq istərəm,
Bu ömrü başqa cür sürmək istərəm!
Bu ömür bədliyə düşübdür, nədi
Bir gözəl eşqini qəlbən vermədi,
Bütün təbəssümlər xoş bəhanədi,
Mən məni sevəni görmək istərəm
Bu ömrü başqa cür sürmək istərəm!
Tofiqi yandırdı sənəm bilmişəm,
Çətin ki bu oddan sönəm - bilmişəm,
İndinin Məcnunu mənəm, bilmişəm,
Çöllərdə bir nəfəs dərmək istərəm,
Bu ömrü başqa cür sürmək istərəm!
***
Keçdim namərd körpüsündən aparmadı sellər məni,
Bir zəmanə gəlib çatıb, qınamadı ellər məni.
Yetdim mənsəb zirvəsinə təriflədi dillər məni
Yaltaqlardan xoşum gəldi riyasını duyammadım
Dost dediyim satdı məni, heç baş yerə qoyammadım.
Nə çaşanda qayıt deyən, doğru yola çəkən oldu,
Nə dərdimnən kədərlənən, nə göz yaşı tökən oldu
Nə bir savab tutan gördüm, nə bir ağac əkən oldu
Aciz qaldım bu dünyada mən çox şeyi bilə-bilə
Pünhan-pünhan yanar oldum mən zahirən gülə-gülə.
Yaşa dolub, gün keçdikcə fikir məni dara çəkdi,
Cavan yaşda həvəs məni bir alagöz yara çəkdi,
Mənim mənsəb arzularım yar üstündən qara çəkdi,
Zalım, gör nə eyləmişəm sitəm edib bir nigara,
Bəlkə həmin yazıq məni çevirmişdi bəxtiyara.
Mənim həyat yollarımda çən böyüdü duman oldu
Yamanları yaxşı bildim, yaxşı gəldi yaman oldu
Həqiqəti dərk elədim dərs verənim zaman oldu
Susdum, fəqət çox gec idi, nə faydası bu qanmağın,
Eşşək olub belində yük, eşşəkliyini danmağın
Həyat mənə bir dərs verdi, müəllimlər yalan imiş,
Ağıllıdan nadan çoxdu, eşşəklər nə kalan imiş
Demə qanun əyilirmiş, olmaz işlər olan imiş
Mənə cavab versə idi üz tutardım yəqin göyə
Soruşardım, ay xudaya, bu oyunlar nədir, niyə!?
Bəşər bələdçi istəmir, o yolunu aza bilməz,
Onun bu gün sabahını insan oğlu yoza bilməz
Yazılmamış qanunları heç bir kimsə poza bilməz
Vaqif görmədim dediyi həqiqəti görən yoxdu
Fizulidən bəri nisyə salam alan verən yoxdu
Keçdim namərd körpüsündən aparmadı sellər məni,
Bu zəmanə belə gəlib qınamadı ellər məni.