QALİB ŞƏFAHƏT
***
Dizinə kimi mazuta batan,
ağzına toz-torpaq dolan,
geniş saraylardan xoşbəxt görünən,
özü-öz içində boğulan,
ölənlə ölən - Bakım.
Hər yeni doğulanla,
yeni doğulan Bakım.
Dünya sənə güvənir,
sən mazutlu dizlərinə.
Səni xoşbəxt görmək istəyəni,
sən bədbəxt elədin.
Afərin!
Allah sənə şəfa versin -
yoxsulun kor olmuş
gözləri kimi
işıq gəlsin gözlərinə.
QOL – BOYUN OLAQ
Mənim köynəyimin qolu yox
sənin köynəyinin boyunluğu.
Aramızda sərhəd yox
bir köynək də -
yad deyilik daha.
Qolumu boynuna
Dolayım, ya yox?!.
Qorxuram qolum
boynundan ayrılmaya
yaxınını illərdən sonra
tapmış
insanlar kimi.
Qorxmuram - qolum boynunda qala -
Qorxuram qolum boynunda qala.
Qolsuz qalım, ya ürəksiz?
Məndən qol, səndən boyun
Qolum boynunda qala -
Qol-boyun olaq.
YUXUMDA BİR İT HÜRÜR
Yuxumda bir it hürür -
çöldə qar-borandı yenə.
Yuxumda bir it hürür -
bir qız ah-naləsi
çökür içimə.
Yuxumda bir it hürür.
Yalquzaq tək çəkilmişəm
dünyanın bir küncünə.
Yuxumda bir it hürür -
tək-tənhayam yenə,
çəkilmişəm tənhalığıma, təkliyimə.
Yuxumda bir it hürür -
içim qürbətdi yenə.
Yuxumda bir it hürür -
Eh!..
Nə deyim sənə
Yuxuma it azdıran.