İspandilli ədəbiyyatın ən nüfuzlu mükafatı 2026-cı ildə katalon yazıçısı Kristina Fernandes Kubasa təqdim olunub.
Kulis.az xəbər verir ki, yazıçı “Migel de Servantes” mükafatına layiq görülüb və 125 min avro qazanıb.
Bu mükafat ispan dilində yazan müəlliflər üçün ən yüksək ədəbi təltif hesab olunur.
1945-ci ildə Barselona yaxınlığında anadan olan Kubas əsasən qısa hekayələri və fantastik ədəbiyyat nümunələri ilə tanınır. Münsiflər onun müasir hekayə formasının yenilənməsinə verdiyi töhfəni xüsusi vurğulayıblar. Yazıçının əsərlərində sirr, qeyri-müəyyənlik və insan təcrübəsinin mürəkkəb tərəfləri ön plana çıxır. “Mi hermana Elba”, “El ángulo del horror” və “La habitación de Nona” onun tanınmış kitabları sırasındadır.
Kubas “Servantes” mükafatını qazanan yeddinci qadın yazıçı olub. Ondan əvvəl Mariya Sambrano, Ana Mariya Matute və Yelena Poniatovska kimi müəlliflər bu ada layiq görülüblər. Bu mükafat yalnız bir kitabın uğurunu deyil, yazıçının uzun illər ərzində ispan dilli ədəbiyyatın inkişafına verdiyi töhfəni qiymətləndirir.