Aysel Ağamalıyeva
Qələm küsüb…
Uşaq ikən yazardım,
Birdən görərlər deyə
Tez də pozub atardım.
Elə buna görə də
Küsüb qələmim məndən.
Necə barışım onla,
necə könlün alım mən?!
Bəlkə belə də olsun,
bəlkə küsülü qalaq?!
Bəlkə də biz beləcə
yavaş-yavaş dost olaq…
Tək olanda...
Tək olanda
şeirləşir arzularım,
quşa dönür xəyallarım,
uçur mavi səmalarda,
ancaq...
ümidlərim parçalanar
tək olanda...
Təkliyimlə yoxluğumu
düşünürəm
tək olanda.
Bu yoxluğun içində mən
əbədi bir varlığımı
düşünürəm,
çünki bir gün köçəcəyim
cəhənnəmi
ya cənnəti düşünürəm...
Tək olanda
düşünürəm adamları,
unuduram insanları.
Mənim üçün çox fərqlidir
adamların, insanların
anlamları.
Adamların insanlığı,
İnsanların adamlığı.
Çalışıram
qara-qura fikirləri
silim bütün yaddaşımdan,
formatlayım yaddaşımı.
Sevəm bütün varlıqları
olduğu tək,
tək olanda...
Kitablarım qalaq-qalaq
tək olanda,
sanki məni oxu deyir,
qışqır-bağır salır
onlar!
Bircə bunu istəmirəm,
bircə buna məəttələm
tək olanda
sıxılmıram, darıxmıram...
Bircə bundan ,
bircə bundan çox qorxuram!
Zalım dünya...
Kiminin həmdəmi, kiminin qəmi
Sən çoxdan alınıb satıldın dünya!
Vicdansız, abırsız səndən kam aldı,
Abırı, isməti itirdin dünya!
Çox gördüm namusdan, ardan danışan
Ah edib vəfasız yardan danışan,
Üzümə can deyib, çordan danışan
Qoynunda beləsi bəsləndi dünya.
Yoxmudur heç vəfan, yoxmu insafın
Hər addım atanda məni sınadın.
Qınadın, qınadın, yenə qınadın!
İndi də qınadım mən səni dünya..!
Bu yaz...
Bu qışı
heç sevmədim,
yaza məndən nə qaldı ki,
bilmədim?!
Bəlkə də
Bir buz parçası
oldum,
əridərək yaz günəşi,
yenidən doğuldum
dünyaya bu yaz...
Bəlkə də
külək oldum
bu yaz,
ləpələri titrədən
sərin və həzin külək...
Bəlkə də,
bəlkə də bulud oldum,
susuz səhralara
səpildim bu yaz...
Eh, bu yaz,
bu yaz...
görəsən nələrdən keçərəm
bu yaz?!
Yalan, doğru...
Bütün yaşantılar
iki rəngdədir:
yalan və doğru.
Hər an bir addım
Doğrudan uzaq,
bir addım
yalana yaxın!
Bəlkə
xəbərsizik,
bütün doğrular yalan
bütün yalanlar doğru?!
Doğrudan,
bəlkə öyrənək
yalanı doğrudan!?
Bəlkə də
bacarıb seçə bilərik
yalanı doğrudan!...
Hə ilə yox...
Necə də ağır imiş
həyatda
hə ilə yox arasında qalmaq...!
Həmişə “yox”lara
qalib gəlmişəm,
indi istəmirəm,
istəmirəm
bir “hə”yə məğlub olmaq!
Yorğunluq...
Yollar uzanıb yaman,
yollar... ucsuz, bucaqsız!
Hər addımım
yoruldu
bu yolların
izində.
Sevgim də,
istəyim də
səpilib izlərinə.
Ah... dünyanın həsrəti
əkilib ürəyimə!
Duyğu dənizi...
Duyğu dənizində üzürəm yenə,
Bilmirəm gəmiyəm, yoxsa kapitan?!
Bəlkə də bir kiçik gəmiyəm elə,
Tələsib sahilə yan alıram mən.
Bir gün bu dənizdə tufan da qopar,
Qarışar duyğular arzularıma.
Bu hicran qoxusu gələn dənizdə
Vüsal da yetişməz öz limanına.
Bu dəniz elə bil sahilsiz dəniz,
Dalğalar içində tənha qalmışam.
Yuyub aparacaq, ah, onlar məni,
Sanki dalğalarla düşmən olmuşam!
Gülüm...
Mən səni itirmək heç istəməzdim,
Sən özün özünü itirdin gülüm.
Yaralı qəlbimi yenə göynətdin,
İçimdə tikanlar bitirdin, gülüm.
Səni mən könlümə həmdəm sanmışdım,
Könlümü qurtardın qəmdən sanmışdım,
Bu eşqin oduna elə yanmışdım
Külümü göylərə sovurdun, gülüm!
Tale atdı məni öz oyununa,
“Şah”dedi, mənimlə şahmat oynadı.
İnan ki, o məni heç mat etmədi,
Bunu sən bacardın sonunda, gülüm!