Alyoşa
1.
Böyük bir ümiddir indi yaşamaq
Yaşamaq istədiyimiz şeylər
Çox uzaqda sanki
Başqaları yaşayır onu
Başqaları sevişir orada
Almaları başqaları yeyir
Amma
əgər böyük
yaşıl bir ağac
xısıldayan yarpaqları ilə
axırsa sel kimi içinə
əgər səni kədərləndirirsə
iyirmi qəpik istəyən balaca əllər
əgər səni əsəbiləşdirirsə
illərdir böyük qapılar arxasında
gizlicə səsə qoyulan
xalq güzəranı
yaşamaq deyil ümid
bölüşməkdi kədərləri
və almaları
ayağa qaldırmaqdı
əzilən qəlbləri
bəlkə də bir ümiddir indi yaşamaq
deyə xəyal qurursansa
səni bir otaqda səfilcəsinə yaşamağa vadar edən səbəblərdir
yaşamaq!
deyirəm
ordan görünən bütün işıqlar
və ağaclar qarşısında
ayağa qalxa bilməkdi
ağır çəkili maşın səsləri
ucuz
və uzun iş saatları
əlinə keçən hər şeyi gəmirən
sistem nəfərləri
24 saat karak-karak işləyən
İstismar və
Pul salonları
Hələ varkən
Qadınlar daşlanarkən şərqin
Nuş-i ənbər göbəyində
Ciyərini yeyirsə hərbi geyimli
“saqqalı uşaq”lar bir-birinin
Artıq bir zənci də ola bilirsə diktator
Və sən hələ də iy verən otağında mürgüləyirsənsə
Varmı başqa günahkarı
Böyrəyi satılan uşaqların
İnfarktla intihar edən ataların
2.
Sənin haqqında ən böyük yalanı
Sərçələrə dedim
Pəncərədən
Çörək qırıntıları ilə
Və pırrr... edib getdilər
Bir də heç vaxt baxmadılar
Gözümün içinə
3.
Bu gün sən vardın
Sərçələr vardı budaqlarda
Bakı utanırdı kirli küçələrindən
Bu qədər gözəl dönməzkən döngələr həyata
4.
Hamiş
Səni ilk gördüyümdə
Sevgilinlə öpüşürdün
Ağır rokla
Berlin divarının o tayında
Hənirti, papiros dumanı
Rəqs edənlər ağır-ağır
Bir küncə çökmüş bədənlər
Bohemlik gəlmiş bu gecə
Mən sadəcə pivə içməyi bilirəm
Kənd adəti ilə
Neon lampa var sadəcə başımın üstündə
Qırmızı neon lampa
Piştaxtada rusdilli
Totuş bir qız
İş vaxtını hesablasa da qolundakı elektron saat
Doğru paraleldə olma havası var
Doğru gecədə
Gecə yarı rokla, ya da bohemlik gəlmişkən
Heç kim olmamalıdı bu qədər yalqız
Neon lampa qırmızı ikən
Berlin divarı on iki ildir sökülüb
Bu yaxınlarda qalıqlarını qaldırmaq istəyir kimlərsə
Öpüşmək bu qədər yapışqankən
Hələ də ağır rok havası
Tengri səhnədən çıxmış
Gitarist susamışdır
Bir az pivəyə
Hamiş,
Bütün qadınlar sənin kimi öpüşür
Bunu bilirəm
...
5.
Hər şey gözəl olacaq deyirsən
Cənnət kimi, Artur
Mələk olacaq bütün insanlar
Hər kəsə sevgimiz qanadımız olacaq
Deyirsən
Bir otaqlı evə iki şeir
6.
Sözlər və ümid
Hələ də mənə nəfəs və qan verir
Addım ata bilirəm bəzən küçəyə
Bir neçə döngəlik
Üç yaşındakı uşaq sevindirir məni
Hələ də
Sözlər bir-bir yazır ümidlərimi
Onun olmadığı günləri
Bir az daha rəng verir otağa
Bir az daha ləngidir ölümü
Yetir hələ də üç-beş günü xatırlamağa
Dünən qan açıldı burnumdan
İçki və stressdən
Deyil
Təklik və qaranlıqdan
Bəzi ümidlərin puça çıxmasından
Üç beş şeir kitabı oxuya bilirəm hələ də
Hər gün daha az bəhanə tapıram danışmağa
Xəzərə qədər darıxıram pəncərədən
Ürəyi Şamaxinkada bulanır yatağımın
Boş içki şüşələrindən daha pis deyiləm yenə də
Qonşu səsləri ilə söhbət
Taqqıltıları ilə hərəkət edirəm otaqda
Bədənimi ayaqda saxlayacaq heç nə yoxdur elə bil
Yorğunam
Mürgüləyirəm
7.
Bu qapıdan eşikdə heç nəyim yoxdur artıq
Nə bir əşya
Nə bir sevinc
Nə də böyük bir ağac
Bu qapı hər şeyini bağlayır dünyanın içəriyə
Pəncərədən oksigen
Borulardan qaz və su gəlir
Sadəcə bu
Altı milyard insanı eşiyə qatmışam
Onlar göyün
Mən rənglənmiş tavanın altında tərləyirik
Onlar ulduzlara və tanrıya
Mən lampaya və milçəklərə baxıram
Bu sonsuzluqda bir dəfə tanış ola bilərdik
O da ki çox kədərliyik