Axşam düşməmişdən ağrıyırdıq
Hələ uşaq ikən saflığın vərəqlərində
Dolanıb ahı tutmasın deyə
Qaçardıq Allahdan
O belə bacarmaz anlayırdıq.
Böyüdükcə həyat tüpürdü
Üzümüzün ən saf vaxtında
Bəlkə ümid var qışqırıb
Uzaqlaşardıq insanlardan
Axı insanı insan çürütdü.
Gecənin yaxasından tutardıq
Əlimiz ətəklərdən kəsiləndə
Çarə var inancından diksinməzdik
Küsərdik işıqlardan
Köksümüzə basmaq istəyib
Ayın altındakı tənhalığımızdan umardıq.
Gözümün qabağında insanlar ölmürdü
Nə fərqi var ki
Tələf olan təbiətin canı idi
Bir parça ürəyimizi çıxarmaq
İçindəki sevgini görmək
Saflığımızla birgə gəbərdi
Mələklərin varlığına inancımız.
Xəstə kasıblar inildədikcə
Sürüşdü metafizika yaşamımızdan
Yararsız zənginlərin
Ruhları meşşanların
İti qədər də olmadıq atalarımızla
Xəstəliyə yenilən yaxınlarımızla
Və inandığımız dəyərlərimizlə.
Dəftər almağa pulumuz da olmadı
Anamın göz yaşlarındaydı qələmin ucu
Atamın bezginliyindəydi şeytanın suçu
Yaş artdıqca günəş qovdu
Adam olmağa taqətimiz də olmadı.
İlk sevgilinin yox cavabı
Anlamsız, gülməli
Amma şairanə deyilmi?
Həyatda yaşamaq təskinliyinin
Həyasızlığı
Nəhayətsizliyi
Yalançılığı
Ölümün dəhşətindən
Meyit qoxumağın vəhşətindən
Daha abırsız deyilmi?
Herakl olmasaq da olardı
Bir az səbr yetərdi
Dünyanı daşımağı bacarmasaq da olardı
Azacıq özümüzü daşıyaydıq
İçimizi şeir edib misralara tökməkdən
Utanmaz misraları öpməkdən
Heç bezməzdik, usanmazdıq.
Tənhalığın dərmanı Kafka deyil
Ya da mənasız intihar notları
Sonlu olmanın bədəli deyil
Materialist deyingənliklərin zırıltıları
İkiləşmənin məntiqi nəticəsi
Olmazlığın məchulluğudur.
İçki məclislərinin badələri də
Sağalmaz qaraciyər serrozunun səbəbi
Şairlər metrolarda qusurdu
İnsanlara olan nifrətinin sərxoşluğunu
Və özlərinin təsdiqlədikləri mənəvi toxluğunu.
Gərək öləndə də abırla olsun
Ölüm reallığın davamıdır
Yaşamaq yanğısının
Canlı ağrısının
Nəsimi ənəlhəqqindən doğuşu
İmkan verin yaşayaq deyənlərin acığıdır
Gərək gedəndə də qızarmadan gedəsən.
Sevməyi heç vaxt öyrətmədilər
Öyrədilməyən hissi necə sevək?
Qadının saçları notlardan gözəldir
Amma
Gərək birinci gözlərdən sevəsən.
Böyüdükcə atıldıq yerdən
Yer altı şairlərin dərgahına
Yerin özündən darıxan Allah da
Yerin üstündə deyilmi?
Bilə-bilə etdiyimiz yamanlıqlar
Şeytanın qoynunda sevişmək deyilmi?
Poetik sualların cavabı
Cavabsızlıqdan qaçış
Boş gözlərə alqış
Dərrakəyə qarğış olur
Vicdanın itilib rədd olmağı
Şərin yuvasında naxış olur
Salxım olur
Arzuların misralanmış tənəklərində
Eqomuzun iy verən təzəklərində.