Mərsiyələr kraliçası

Mərsiyələr kraliçası
2 dekabr 2013
# 17:22

Nərgiz İsmayılova

Onu hamı tanıyır çox mərifətli, kamallı qadındır. Tövbəsi yerində, imanı dilində. Ancaq qəlbindən vallah bir kimsənənin xəbəri yoxdur. Qəlbin sirlərini yaradandan bir qeyri kimsə bilməz axı. Hə, qonşumuz Mələk xalanın sir-sifətindən nur tökülür, dediyinə görə molla yanına gedib özünə şirinlik duası yazdırıb, molla duanı oxuyub-üfləyəndə arada da nuru onun üzünə tüpürürmüş.

Hə bu bilgə, bir o qədər də dindar qonşumuz elə ki, müqəddəs aylar gəldi başlayır səyahət etməyə . Bu nuri-mötəbər qadın elə bir mərsiyə məclisi olmaz ki, ora getməsin, orda ehsan yeməsin. Ehsan yemək onun təbiriylə desək çox “süvab” işdir axı. Yaslara xüsusi marağı olan bu qədirbilən qonşumuz çox gözəl ağlayır. Bir dəfə mollaya nağıl danışmağa gedəndə yığılıb ayağını qırmışdı. Qonşularla axışıb getmişdik baxaq görək bu binəvaya nolub?

...Elə ki, varid olduq onlara gördük ki, ağlayır, nə ağlayır. Xüsusi ritmlə ağlayanı da birinci dəfə idi görürdüm. Yəqin bunun hamısı onun əsl dindar olmasından irəli gəlirdi. Çatdıq oturduq hal-əhval tutduq, başladı, nə başladı: “Ay qonşu bilmirəm ki, bu zibil niyə mənim başıma gəldi, elə bil ki, məndən başqa adam yoxuydu ayağı qırıla. Məsələn, elə Fatmanın o zəlil qalmış qaynanası, ya da o pullu yeni qonşu. Ay zəhrimara qalasan, ayaq, səni, qırılmağa vaxt tapdın ?”

Bu qədər hay-həşirə dözə bilmirdim. Nəhayət ürək edib soruşdum: Axı niyə narazılıq edirsən ayaq yazıq da dözə bilmədi, sənin bu mərsiyə sevdana. Qonşunun sifətindəki nur çilik-çilik olub, töküldü yediyi ehsanın nimçəsinin içinə. “Ay qız nə mərsiyə? Mollaynan işim var idi. Mənimçün yeni dua yazmışdı, çağırırdı verə.” Burda cin vurdu başıma, nə vurdu. Dedim ki, “Ay yazıq! O molla nə karədir ki, dua yazsın”.

Bu sözlərim “Mərsiyələr Kraliçasını” yaman qızdırdı. Əsəbindən bilmirdi necə böyürsün: “O nur üzlü, gül camallı kişiyə bu sözləri deyən yerdə dilin qopsum görüm sənin, yasına heç kim gəlməsin, ağlayanın olmasın elə mənim ayağım qırılan yerdə sənin ayağın qırılaydı, kafir!.

Yavaşca ayağa qalxdım, eşitdiklərimə bilmədim gülüm, ya ağlayım. Mərsiyələr Kraliçası ağzından ehsanın düyülərini sıçrada-sıçrada ünvanıma dəbdəbəli qarğışlar yağdırmağa davam edirdi: “Xəstə ziyarəti qısa olar, sözlərini indi-indi anlamağa başlamışdım”. Yadıma Cəfər Cabbarlının şeirindən bu misralar düşdü:

Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,

Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Məni bu qəzetçi aldatdı, yolumdan azdım,

Öz əlimlə özümə çahi-bəlanı qazdım

Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım:

Olsa idim sizə tabe bu cürə olmazdıım.

Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,

Çox təəssüf edirəm sizdən uzaq olmağıma

# 2768 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #