Elnur Şahmarov
Həkim qız
Hər keçəndə gözlərini süzürsən
Naz eləyib ürəyimi üzürsən
Nə müddətdi məndən uzaq gəzirsən
Yanıma gəl nazını mən çəkim, qız
İşvələnib naz eləmə, həkim qız
Gözləyirəm yolunu hər gələndə
Odlanıram hər dəfə sən güləndə
Qara saçın gərdənə töküləndə
Oxşayıb saçını sığal çəkim, qız
İşvələnib naz eləmə, həkim qız
Həsrətindən alışıram yanıram
Nurundan od alıb alovlanıram
Gözlərinə baxmağa utanıram
Mənim qədər səni sevər de kim, qız
İşvələnib naz eləmə, həkim qız
Baxışların ürəyimə od salıb
Həsrətin qəlbimə kədər dərd salıb
Nə zamandı gözüm yollarda qalıb
Qoyma məni həsrətini çəkim, qız
İşvələnib naz eləmə, həkim qız
Bir gözəl sevmişəm
Bir gözəl sevmişəm dodağı püstə,
Nə vaxtdır dərdindən olmuşam xəstə,
Gələrsə saxlaram gözlərim üstə
Görənlər söyləsin nazlı dilbəri
Bir gözəl sevmişəm aladır gözü
Şəkərdən şərbətdən şirindir sözü
Ağlımı başımdan aparıb düzü
Görməmişəm belə gül üzlü pəri
Bir gözəl sevmişəm sanki bir sona
Çəkmişəm nazını mən yana-yana
Baxışları bənzər ürkək ceyrana
Ovlaya bilmirəm bahardan bəri
Bir gözəl sevmişəm qızlar içində
Nazını çəkmişəm nazlar içində
Sevgi dolu qəlbim sızlar içimdə
Adını qəlbimə yazandan bəri
Aldın canımı
Dikilib üzünə qaldı gözlərim
Kəsildi taqətim əsdi dizlərim
Topuq çaldı dilim çaşdı sözlərim
Qara gözlü dilbər aldın canımı
Mən sənin eşqinlə alışdım yandım
Hər zaman sevgini qəlbimdə sandım
Sevirəm deməyə səndən utandım
Qara gözlü dilbər aldın canımı
Payız yarpağıtək saralıb soldum
Göydə nərə çəkən buludtək doldum
Bir kəlmə sözündən asılı qaldım
Qara gözlü dilbər aldın canımı
Baxıb aşiq oldum gül camalına
O al yanağında qara xalına
Acımadın aşiqinin halına
Qara gözlü dilbər aldın canımı