Vəfa Məmmədova
Vicdanın səsi
Bir od parçası düşüb canıma
Yandırıb yaxır heç uslanmadan
Zəli kimi yapışıb daraşıb qanıma
Əl üzəcək ən son damlasında.
Qulağımı tuturam bəlkə duymayam
Mübarək ürəkdə dindirir məni
Gözümü yumuram bəlkə görməyəm
Röyalarıma girib incidir məni
Susdura bilmirəm heç bir vəd ilə
Aldanmır nə vədə, nə şirin dilə
Bir tək yolu var çarəsizliyimə
Bir dua, bir tövbə, bir əfv diləmə
Ölüm qapımı döyənə qədər
Vicdanım qalacaq mənlə ələlə
Gül dostum...
Gül dostum,
Gül çöhrən üzümü güldürsün, qəlbimi isitsin.
Gül qəhqəhən yayılsın cümlə-cahana
Bir gülüş çoxmudur səni sevənə
Gül gülüşün gətirsin baharı
Dağlara laləni, bağları barı
Gül gülüşün səsləsin şux bülbülləri
Onlar da haraylasın qızılgülləri
Gül üzündən gülüş əksik olmasın
Bu xoş günlər gəldi-gedər olmasın
Ömür xəzinədir, hər anı qızıl
Gül,
Xəzinən torpaq altında yatar olmasın.
Xatirələr
Xatirə dəftərimi oxuyurdum
Vərəqləri sarı, yazıları solğun
Bir neçə səhifəyə nəzər yetirdim
Bir mətn oxudum özümü itirdim
Canlandı gözümün önündə xatirələr
O maraqlı, həyəcan dolu günlər
Vaxt var idi süzürdüm şən quş tək
Danışıb gülürdüm dostlarla tək-tək
Qəhqəhələrim yayılırdı hər yana
İndisə gözümdə yaş səhifələri
Çevirirəm o yana, bu yana
Necə də keçdi illər, doldum yaşa
Hər qəlbimi qırana deyərək eybi yox
- Sən min yaşa
Neçə illərimi vermişəm hədər
Neçə xəyal qırıqlığı, nə qədər kədər.
Gəl, sadəcə dostum ol
Gəl sadəcə dostum ol,
Alaq əlimizə bir fincan qəhvə, oturaq üz-üzə
Mən danışım sən dinlə.
Bəzən ağla halıma ,
Bəzən gülümsə
Amma bir şey demə
Sadəcə dinlə.
Gəl sadəcə dostum ol,
Sakitcə qulaq ver dediklərimə.
Tamamını anlama və ya anlamağa çalışma,
Sadəcə yaşadıqlarımı olduğu kimi paylaş
Mühakimə etmədən.
Gəl sadəcə dostum ol,
Gözümdə yaş parıltısı görəndə demə ki,"Ağlama"
Bir şey demə.
Sus! Heç bir şey olmamış kimi sus və bax.
Gəl sadəcə dostum ol,
Varlığın qəlbimi sakitləşdirməyə yetəcək qədər yaxın,
Səssizliyin təsəlli edəcək qədər mənalı,
Baxışın içimi isidəcək qədər anlayışlı olsun.
Mənə yetər.
Gəl sadəcə dostum ol.