Nəyimə lazım?

Nəyimə lazım?
9 aprel 2019
# 18:22

Qələndər Məmmədli

Adım Sevdimalıdır.

Yaşıma görə pis yaşamıram, demək olar ki, istədiyim hər şeyi əldə etmişəm. Həyatım bir az monotondur, amma bu qədərdən də heç nə olası deyil. Belə baxanda bir yaşdan sonra adamın həyatı elə monoton da olmalıdır. Ömrünün axırına kimi eyni dinamikanı qorumaq mümkün deyil. Yaş əvvəl axır öz sözünü deyir.

Bütün fərqlilikləri öyrənəndən sonra adam görür ki, fərqlilik özü də elə eynilikdir. Nə qədər fərqli qütblərə getsən də əvvəl axır gələcəyin yer eyni fikir mərkəzidir. Nəzəri olaraq bilib praktiki olaraq unutduğunuz bir reallıq var: dünya yuvarlaqdır.

Bir çox şeydən zəhləm gedir, xüsusilə də mənfəətpərəst adamlardan. Qətiyyən mənfəətpərəstliyə səbr göstərə bilmirəm. Hələ mikrofon tutan kimi özünü itirib yaltaqlıq edən adamlara, iş yerində rəhbərə yaltaqlanan, dərsdə müəllimə yaltaqlanan adamlara qarşı xüsusi ikrah hissim var. Bir də ədalətsizliyə qarşı sakit dura bilmirəm. Özüm də ki, heç vaxt sözümü saxlamıram. Gəldi deyirəm, özü də tam hədəfə vururam. Elə deyirəm, heç bilirsiz nətəri açıq olur fikirlərim?

Bir az da yaxın oturun, sizə bir günümü danışım, görün nə qədər məşğul adamam ki, heç belə şeylərə vaxtım da qalmır, amma intəhası hərdən çıxır qarşına fərqli adamların qəribəlikləri.

Səhər qalxıram, əlimi üzümü yuyub, tez qaçıram işə. Gümrahlığımı hər sabah tezdən qalxıb işə getməyimə borcluyam. Arada gecikən kimi Taksi Şirkətlərindən birinə zəng edirəm, bir taksi göndərir. Operatorlar bəzən kobud üslub seçirlər, amma konturuma heyfim gəlir. Durub onlara nəzakət başa salası ha deyiləm. Nəyimə lazım?

Ucuz taksi ilə gedirəm deyə, hərdən gicbəsər şoferlərlə rastlaşıram. Sözündə-fikrində eləcə o olur ki, səndən 1 manat daha artıq qoparsın. Hər dəfə dilimin ucuna qədər gəlir: "Yekə kişisən adə, adam dilənçi olmaz. Pul istəyirsən açıq de verim də, bu nə hoqqadır çıxarırsan? Bu nə ağlaşmadır qurmusan?" Amma demirəm. Çünki desəm yolun ortasında qüruruna filan dəyəcək, məni də düşürdəcək, lap biabırçılıq olacaq. Həm işə gecikəcəm, həm kişinin qürurunu qırmış olacam, həm də ki, əsəbim pozulacaq. Lazımdır mənə bu?

İşə gedən kimi müdirlə görüşürəm və dünənin hesabatlarını təqdim edirəm. Arada bir az kobudluq edir, bəzən də başı heç nədən çıxmasa da müdir olduğunu göstərmək üçün lazımsız, mənasız suallar verir. Adama demək istəyirəm ki:

"Cənab İşgüzarov, axı siz bu beyinlə necə o kresloda oturursuz? Bu nə mənasız suallardır verirsiz?"

Sonra fikrimdən daşınıram. Müdirdir də, maraqlanır soruşur. Lap tutaq ki, bilmir, nəsə deyəcəm qanqaraçılıq olacaq. Odee…. Vidadi qapının ağzında gözləyir, hələ katibə Səriyyəni demirəm. Hamısı gözləyir ki, bir səhv buraxım, onlar da birləşib mənim üstümdən müəllimə nə qədər dəyər verdiklərini göstərsinlər. Özü də heç bir fürsəti qaçıran deyillər ha. Hər şey bir qırağa, indi lazımdır mənə bu?

Hələ Vidadi və Səriyyəni demirəm. İlahi, bu adamlar o qədər mənasız və lazımsızdırlar ki, onlar hər gün işə gələndə yəqin ictimai nəqliyyatda sırf onlara görə kimsə boş yerə ayaqüstə qalır. Dünyadakı oksigen ehtiyatı sırf onlara görə ola biləcəyindən iki nəfər daha çox adamın arasında bölünür.

Əslində Səriyyə haqqında söz-söhbət çıxana qədər, Vidadinin də marağı var idi ki, onla evlənsin. Açıq deməsə də, mən insan sərrafıyam. Sonra Rüfət bir gün belə bir söz dedi:

- Xəbərin yoxdur bəs, Səriyyəni qonşu şirkətin müdirinin maşınından düşən görüblər.

Öz müdirimiz də yox ha, qonşu müdir. Əşii… öz müdirimiz fərsizin biridir, yoldaşı Nəzakət xanım zəng edəndə gizlənməyə deşik axtarır. Deyirəm, nə qəribə dünyada yaşayırıqe vallah! Camaat bir-birini güdür. Plazalara şirkətlərimiz keçdi, amma biz palazdan çıxa bilmədik.

Vidadi tez-tez insanın özü olmağından danışır. O, belə danışanda mənim yadıma Vidadinin Səriyyəyə xoş görünmək üçün 2 ədəd Jazza hərəsinə 100 AZN verib qara bazardan aldığı biletlər yadıma düşür. Telefonunda isə bir dənə fərli mahnı yox idi. Telefonuna zəngimcell olaraq “Bu Şəhərdə” replikası qoyan adam idi. Qıza xoş gəlsin deyə, son 2 aydır getmədiyi məkan, “check-in” eləmədiyi restoran qalmayıb.

Səriyyə haqqında deyilənlərin heç birinə şahid olmadığım üçün, həm də məni maraqlandırmadığı üçün fikir bildirməyəcəm. Ancaq bir bildiyim odur ki, bəlkə imkanlı bir kişiyə tuş gələrəm deyə tez-tez varlı məkanlara gedir. Bir az da izləyicisi çoxdur deyə sosial mediada özünə “influencer” deyir. Nə bilim, guya kimsə onun checkinini görüb həmin məkana gedib, xeyir verəcək. Hələ ki, Vidadidən başqa xeyir verən görməmişəm. Bu ikisi bir-birinə bab olsalar da, Səriyyənin xülyası, Vidadinin namus kriteriyaları onları ayrı saldı. Naharda söhbət edəndə müdirin arxasınca demədikləri qalmır, amma üz-üzə gələndə elə bilərsən bunlardan sadiq yoxdur.

Bir dəfə otağa girəndə Vidadi ilə toqquşmuşduq, əlimdəki dosyelər yerə tökülmüşdü. Əvvəl anlamasam da sonradan başa düşdüm ki, sən demə, bu bədbəxt arxasını müdirə dönməsin deyə, qapıdan arxa-arxaya çıxırmış və həmin əsnada mənlə toqquşub.

Əlbəttə, sanki mənim fərsizliyim kimi, əyilib əda ilə tökülən kağızları yerdən yığdı. Qayıdıb deyə bilmədim ki, mən yox, sənin yaltaqlığından olur bunlar. Lazımdır mənə? Axı, bu gün mən nəsə desəm, sabah da mənim ilk səhvimdə o məni satacaq. Oturduğun yerdə düşmən qazanırsan.

Bir-iki dəfə Səriyyə də insanın daxili gözəlliyinin vacibliyindən ağız dolusu danışmışdı, ona da portmanat, kredit kartlarının sayı ilə şəxsinin arasındakı korelasiyanı xatırlatmadan susub başımı sallamışdım. Sonra haqqımda orda-burda söz çıxarar, nəyimə lazım?

İş gününün sonunda tək istirahətim olan, bircə nəfər var onun yanına gedirəm. Ən dəyərlimə.

Nuray yaxşı qızdır, tərbiyəli, ağıllı, nə desəm sözümdən çıxmır, mənə qulaq asmasa da dediklərimə əməl edir. Zövqlərimizdə də fərqlər var, məsələn mən teatr sevirəm o kino. Mən itləri sevirəm o pişikləri. Mən çox şəkil çəkdirməkdən uzağam, o isə İnstagramı galeriya kimi istifadə edir. Hətta bişirdiyi yeməkləri belə paylaşır. Ancaq bu dövrdə bundan yaxşı qız tapası ha deyiləm? Lazımdır ki, hər dediyimə etiraz eləsin, günümü qara eləsin? Çox bilənlə, çox gəzənlə mənimki tutmaz. Hərdən evə tez gedir ki, “Sen Anlat Karadeniz” adlı dizinin özeti bitməmiş evdə olub, yeni seriyaya çatsın. Fazilet Hanımın qızları təzə rəddolub canım dinclik tapmışdı. Deyir: “Sonra qızlar danışır, mən belə baxıram.”

Bir-iki dəfə filmə gedək dedim. Getdik. Birlikdə, ilk və son getdiyimiz film “Inception” oldu. Filmə baxdıq, çıxanda dedi ki, mən filmi bəyənmədim. Filmi 3 saat ərzində diqqətlə izləyib, sonra belə deməsi məni ümidləndirdi ki, fərqli yanaşma görəcəm. Sevincək soruşdum:

- Nəyini bəyənmədin?

Cavab verdi ki, çox qəliz idi, bəyənmədim da. Nə bilim. Bircə onu bilirəm ki, xoşuma gəlmədi.

- Məncə, yaxşı film idi.

- Əlbəttə, zövqlər və rənglər müzakirə olunmur. Mən bəyənmədim, xoşuma gəlmədi. Sadəcə xoşuma gəlmədi. Özü də görmüşük kinonun bir axırı olar, bunun axırı da yox idi.

Yenə, “sən anlamamış ola bilərsənmi?” deyib, xətrinə dəymək istəmədim. Çünki Nuray yaxşı qız idi. Sonra özünü mənim yanımda kiçik düşmüş hiss edəcək və davamlı problem çıxaracaq. Səhvimi axtaracaq, tapsa davadır, tapmasa daha çox qəzəblənəcək. Nəyimə lazım?

Nurayı taksi ilə yola salanda, ədəb-ərkanla taksiyə minib, mənim ödənişi etməyim gərəkdiyinə işarə vurduqdan sonra telefonu əlinə alıb qızlara günün detallarını ətraflıca danışmağa fokuslandı. Mən də taksinin pulunu verib yola saldım.

Nuraydan ayrılandan sonra evə doğru üz tutdum. Evə gəldim, bizimkilərlə çoxdandır görüşmürdüm deyə bir az söhbət eləmək istədim. Arxa fonda Xoşqədəm yenə milləti və millətin anasını ağladırdı. Bizimkilər də fərqli ailələrdən filankəsi qızı, filankəsin oğlu nümunələri ilə hadisələrin bənzərlərinin olduğunu təsdiqləyirdilər. Sanki bədbəxt hadisə uzaqda olanda daha mənasız ikən, yaxınlaşdıranda daha dəyərli olurdu. Hərdən mənə elə gəlir ki, Azərbaycanlılar Xoşqədəmə bir gün tanış sima görmək ümidi ilə baxırlar. Çünki, onda maraqsız olan həyatları daha çox məna qazanacaq. Oturdum bir də gördüm ki, televiziyadakı adamları artıq həyatımın içinə daxil etmişəm. Pultu götürüb televizoru söndürmək istəsəm də, eləmədim. Böyüklər baxır, mənim də onsuz bircə indi vaxtım var, sabah yenə işlərimə başım qarışacaq. Nəyimə lazım?

Sosial mediada bir az vaxt keçirib yatmaq istəyirdim ki, baxdım yenə bizim uşaqlar “ziyalı mövqeyi”qoyurlar ortaya. Yenə bir bədbəxt hadisənin fonunda hamı ziyalılıq edir. Hamı sosioloji əsaslar, psixoloji yanaşmalar ilə bir-birinin boğazına çöküb. Sosiologiya ilə psixologiyanın davası 200 ildir varsa, bizimkilərin davası yəqin min ildir. Bir-ikisinə girib comment yazdım. Sonra da sildim. İndi girib rəy yazacaq, publikaya oynayacaq, anlaşmazlıq olacaq, yıxıb sürüyəcəm və blok. Nəyimə lazım?

Bizim şirkətlə bir neçə əməkdaşlıq etmək istəyən şirkətlər var, sabah onlarla görüşməliyəm. Biri də böyük agentliklərdən birinin rəhbəri Hüsnü müəllimdir. Yenə Hüsnü müəllim, qarnını qabağa verib xırıltılı səsi ilə cavanlardan şikayət edəcək, mənim təsdiqim üçün nitqində boşluqlar buraxacaq və mən də təsdiq edəcəm. Əksini desəm proyekt ləğv olacaq. Bu qədər adamın çörəyinə bais olmaq olar? Nəyimə lazım?

Keçən dəfəki görüşdə, ofisiant əlavə nəsə istəyib-istəmədiyimi soruşdu. Mən də heç nə istəmədiyimi dedim. 5 dəqiqə sonra eyni ofisiant bir daha soruşdu və mən artıq səbr kasam daşdığı üçün özümü saxlaya bilmədim. Elə bərkdən onun üstünə qışqırdım:

“Qardaş, ofisiantsan ofisiantlığını bil də. Lazım olsa çağıracam. Sənə dedim ki, hələ ki, heç nə lazım deyil.”

Hüsnü müəllim tərəddüdlü baxışla məni süzdü. Mən də üzrxahlıq edib, ərz elədim:

“Bayaqdan imkan vermir ki, söhbət edək.”

Tərəddüdlü baxış yerini gülümsəməyə buraxdı. Dərin bir nəfəs alıb, bir-iki dəqiqə sonra ofisiantı çağırdım, bizə Lənkəran çayı gətirməsini söylədim, bayaqkı oğlan isə nəsə gözümə dəymədi. Bu dəfə bazbrutlu bir oğlan çayı gətirdi. Boylu-buxunlu olsa da, bayaqkına görə daha səssiz idi. Boylananda gördüm ki, yaxasında adı yazılıb, çevriləndə mən tərəfə oxudum:

“Sevdimalı.”

# 3238 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #