Suya hədsiz aşiq olan, bir pəri var içimdə!
Qəlbim boşdur-
Sonuncu dəfə gözümdən tökülən
Leysan suları yudu onu.
Sən də orda idin-
Səni də yudu,
Hara apardı bilmirəm.
(ürəyimdə danışıram–səssizcə)
P.S. Bu şəhər yağışları sevmir,
Çünki qulaqlara qurğuşun
Yağdısa dayanmır,
Yağdısa günlərlə qalır ortalıqda
Günəşi gözləyir-üzünə salıb,
Bəlkə aparar deyə çəkib üzüyuxarı.
Bilirsənmi, bu şəhərin “N” qədər kommunal problemləri var.
***
Əlimi saata uzadıram-
Sol tərəfdə vuran tik-tak,
Sol tərəfdə döyünən,
Addım səsinə bənzəyən-
Kədəri öyüb, xoşbəxtliyi qovan əllərimi
Ağrıyan ürəyimə uzadıram-
Kaş bu şeir yazan dərdli əllər
Sevgiyə yol salan qanadlı körpü olaydı....
Yuxudan ayılanda başa düşdüm - bu saatın yox,
Cibimdəki nanəli konfetlərin səsi imiş-“Tik-tak”.
***
Elə bil dalınca düşübsən,
Saat qaçır, harasa tələsir.
İndi ağlıma bir fikir gəlir,
Güləcəksən bəlkə də mənə,
İstəyirəm barmağımdakı üzüyü
Saatın əqrəblərinə taxıb, uçam yanına
(ağlamsınmışam)
Küsmə nə olar,
Gələcəm mütləq!.
***
Balıq olmağım gəlir,
Fərq etməz nə rəng, nə biçimdə.
Suya hədsiz aşiq olan,
Bir pəri var içimdə.
Sevdin bəlkə, onda məni,
Bəlkə, o vaxt bağışladın.
Allaha bax, insaf eylə,
Bəsdir artıq qarğışladın!
***
Görmədiyimə görə,
Nə küləyə, nə günəşə bənzədə bilməyəcəm səni.
Sən nə əsdin üzümə həzin-həzin,
Nə də isitdin ilıq-ilıq.
İndi baxa-baxa qalmışam:
Bəlkə, sən elə səhər yağan yağış,
Ya da ertə çıxan gün idin.
İndi axşamdır-
Nə yağış, nə də gün var,
Nə də mənim gileyim......
***
Sevdiyin o rəqəm olsaydım,
Toplaya, vura, çıxa sonra da özünə bölə bilərdin məni
Ancaq son nəticədə mən cümlənin təyini oldun:
UNUDULAN!