Mahir Orucov
...sentyabr, oktyabr, noyabr, dekabr…
dayan bir anlığa, geriyə sən dön
nə dedin, hansı ay, oktyabr?
bir də saymağa başla,
amma onsuz…
silin, nə olar bu ayı
bu təqvimdən,
silin bu ayı, yaddaşımdan
fikrimdən, dünənimdən…
nəinki məndən
silin bu ayı
bu millətin tarixindən…
***
yenə gücsüzəm,
yenə zəifəm
yenə pərişanam
həmin gündəyəm.
***
29 oktyabr
həyat qəmli
həyat kinli,
baxışlardan qan süzülür.
haray salmağa
cəsarəti belə yox,
baxıb arxamızca
sakit-sakit düşünür.
bumu Vətən demək?
bumu etibar?
axı ana demək
ana səsləmək
təkcə sözdə olmur
əməldə olur.
yox, halal etmirəm
südümü sizə
qoy sağsın döşümü,
içsin qanımı,
halal edirəm
mənfur düşmənə.
***
mən o vaxt uşaqdım
anlamayırdım.
bir əyləncə kimi
gəlirdi mənə
Arazı keçmək,
İranı görmək,
Bakıya gəlmək.
heç istəmirdim
geriyə dönmək.
bircə orda saxladığım
ilk sevgi məktublarım
döndərdi məni
geriyə həmin gün.
bəli, tək-tənha
qayıtdım evə,
axtarıb tapdım
yenə oxudum,
amma götürmədim
qorxdum itirəm
qoydum yerinə
üstünü örtdüm.
***
indi mənə yazır
o sevgi məktubları
o məni çağırır
məni səsləyir
hər ildə bu ay.
hər il bu ayı
iflic oluram,
il-ildən gün-gündən
mən səndən
uzaqlaşıram.
yoxdu Vətən.
yoxdu Zəngilanım.
unudun getsin
heç olmayıb da
yalnız xatirələr
yalnız tarixdə
yaşadın onu!!
29 oktyabr və Zəngilanım!!!