Uzunqulağın arzusu - Yeni hekayə

Uzunqulağın arzusu - Yeni hekayə
28 mart 2022
# 14:40

Kulis.az Zamin Piriyevin “Uzunqulağın arzusu” hekayəsini təqdim edir.

Uzunqulaq da qəribə məxluqdur. Elə dahiyanə xəyallar qurur ki, bu işdə insanlar belə ona həsəd apara bilər. Özü də uzunqulaq bu istedadını çox sonralar kəşf edib. Əvvəllər o, batdığı palçığa bir daha batmazdı. Ona görə hamı ona inadkar, tərs heyvan kimi baxırdı. Amma o özü yaxşı bilirdi ki, bu inadkarlığın səbəbi qorxudur. Bir dəfə sahibi onu batdığı bataqlıqdan sürüyərək keçirdi. Uzunqulaq baxdı ki, burda qorxulu heç nə yoxdur. Əksinə, ikinci dəfə daha təcrübəli olub. Bundan sonra hiss etdi ki, qulaqları bir az da uzandı. Gönü bir az da qalınlaşdı. Artıq heç nə təsir etmirdi. Nə isti, nə soyuq, onun vecinə deyildi. Hətta bəzi şairlər sevgidən, məhəbbətdən yazıb bezəndən sonra diqqət etdilər ki, uzunqulağın gözləri mənəm-mənəm deyən bir gözəlin gözləri qədər gözəldir. Qafiyə, qafiyə dalınca, qoşma, qoşma dalınca gəldi. Beləcə adı-sanı hər yerə yayıldı. O zaman dedi ki, mən niyə insanlar kimi yaşamayım ki?! Ad-san desən, məndə, ağıl desən, məndə, təcrübə desən, məndə, gözəllik desən, o da məndə. Nəyim əskikdir insanlardan. Onlar rahat evlərdə yaşayır, ən yaxşı yeməkləri yeyirlər. Mənə çatanda, hamı minməyə çalışır, amma qədrimi bilmirlər. Harada pis, qanmaz adam var, mənə oxşadırlar. Mən ki, üzüyola, itaətkar biriyəm. Onunla belə qışın soyuğunda, yayın istisində məni düşünən yoxdur. Ən ağır işlərdə öndə oluram. Sahibim mənim daşıdığım şələni satıb əməlli başlı varlanıb. Bütün bunlara görə mənə heç bir mükafat da vermir. Kartofun, badımcanın, qarpızın içini özü yeyir, qabıqlarını isə mənə verir. Bu ədalətsizlikdir. Mütləq bu barədə ona şikayət edəcəyəm. Ya mənə hörmət qoysun, ya da məni azad etsin, gedib öz həyatımı özüm qurum. Beləcə bir gün, meşədən belində yüklə qayıdan zaman yükün üstündə oturan sahibinə səslənib dedi:

– Ey mənim sahibim, illərlə sənə xidmət etmişəm, ən ağır yüklərini mən daşımışam. Mənim belimdə olanda sənin səsin daha möhkəm çıxır. Qonşuların sənə əməllicə paxıllıq edirlər. Ulu əcdadlarım bir dəfə palçığa batanda, bir də batmayıblar. Mən isə sənin xətrinə neçə dəfə eyni palçığa batmışam. Buna görə hamının yanında öyünürsən. Amma görürəm ki, həyətdə ən hörmətsiz olan da yenə mənəm. Ata çatana qədər məni minirsən, bir gün atın olanda məni həyətdən qovacaqsan. Ya mənə hörmət qoy, ya da məni azad et, gedib özümə həyat qurub yaşayım. Nə qədər ki, hələ gücüm var, qoy özüm haqqında fikirləşim. Qocalandan sonra mən hamıya yük olacam.

Sahibi başa düşdü ki, bu uzunqulağın öz sözləri deyil. Bunu, ona başa salan var. Ona görə də dilinin şirin yerinə salıb dedi:

– Dediklərində həqiqət var. Mənə illərdir sədaqətlə xidmət etmisən. Heç vaxt üsyan etməmisən. Amma bil ki, sən bu həyətin ən hörmətli sakinisən. Sən hələ itə bax. Bilirsən, o niyə it günündə yaşayır? Əvvəllər o da, həyətdə sərbəst gəzib dolaşırdı. Sonra qudurdu, gələn qonaqlarıma hücum çəkib hürməyə başladı. Gecələr də qonşu itlərlə ağız-ağıza verib ulayırdı. Onu zəncirlə bağlayıb yuvasına saldım. İndi bir parça sümükdən ötrü mənə quyruq bulayır.

Ya da xoruza bax. Balaca vaxtı ona nəvaziş göstərirdim. Elə ki, quyruğu uzandı, başladı ucadan banlamağa. Həyətdə özünü ağa kimi apardı. Hətta mənim üstümə tullandı. Bıçağı götürüb onun üstünə gəldim, yerə yıxıb bıçağı boğazına dirədim. Qışqırıb yalvarmağa başladı. Sonra onu buraxdım. Gedib hininə girdi. Daha ordan çıxmaq istəmir. Nə vaxt banlamaq istəsə, bıçağı göstərirəm, dərhal səsini kəsir.

Sən onlara bax, ibrət al. Əgər səni özbaşına buraxsam, çöllərə düşəcəksən. Çöldə nə qədər ac canavar var ki, sənə yem kimi baxır. İndi özün fikirləş, hansı daha yaxşıdır?

Uzunqulaq sahibinin bu nəsihətindən bir şey anlamasa da, səsinin şirinliyi onu məst etdi. Fikirləşdi ki, bu boyda kişi mənə faydasız məsləhət etməz. Beləcə yoluna davam etdi.

# 3234 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #