Kainata mesaj – Yeni hekayə

Kainata mesaj – Yeni hekayə
18 fevral 2022
# 19:30

Kulis.az Əlişükür Cavadovun “Kainata mesaj” hekayəsini təqdim edir.

- Gəl kainata mesaj verək.

- Necə?

- Gözünü yum. İstədiyin şeyi təsəvvüründə canlandır və həmin şeyi ürəkdən istə.

- Sən də eləyəcəksən?

- Hə. Eyni vaxta edəcəyik. Bir yerdə oxumuşdum. Əgər doğurdan da istəyə bilsən kainat verdiyin mesajı qəbul edir və onu həyata keçirmək üçün öz mexanizmini işə salır. Bu barədə universitetdə oxuyanda psixologiya müəllimimiz bir sənədli film də izlətdirmişdi bizə.

- Yaxşı, eləyək.

- Mən üç deyəndə gözümüzü eyni anda bağlayıb xəyal gücümüzü işə salacağıq. İstədiyin şeyi xəyalında nə qədər yaxşı canlandırsan, nə qədər detallara varsan, o qədər yaxşıdır. Getdik. Biir, ikii, üç...

Səmada nur saçan ayın ətrafına səpələnmiş ulduzlar göz oxşayan bir tablo əmələ gətirərək, dənizin sahilində oturub gözünü yummuş iki qadına tamaşa edirdilər. 3-4 dəqiqədən sonra qadınlardan adı Sabirə olanı gözünü yavaşca açdı. O, kainata mesajını ötürüb yüngülləşdiyi üçün dərindən nəfəs aldı. Sabirə dostuna maneə olmamaq üçün sakit dayanıb onun da öz mesajını verib bitirməyini gözlədi. Dənizin dalğaları da Sabirə kimi səs salmamağa çalışaraq Nəcibənin diqqətini dağıtmaqdan çəkinirdilər sanki. Nəcibənin sifətində xoş bir təbəssüm hökm sürüdü. Sabirə daha 5 dəqiqə sükut içində Nəcibəni gözlədi. Nəhayət, Nəcibə gözlərini meyxoş bir təbəssümlə açıb işıq saçan aya, ulduzlara, sakitcə ləpələnən dənizə, sonra isə Sabirənin üzünə baxdı. Nəcibənin gözlərindən oxunan xoşbəxtlik adi bir xoşbəxtliyə oxşamırdı. Nəcibənin gözlərindən oxunan xoşbəxtlik istəməyi bacaran adamın gözlərindən oxunan xoşbəxtliyin özü idi. Sabirə Nəcibənin qoluna toxunub hərarətlə:

- Gözəlçə, nədir səni belə xoşbəxt edən? – dedi. Sabirə ikilikdə olanda Nəcibəyə gözəlçə deyərdi. Onun belə müraciətinə səbəb Nəcibənin doğurdan da çox gözəl olmağı idi. - Halının dəyişməyi mənə deyir ki, sən öyrətdiyim texnikanı məndən yaxşı tətbiq eləmisən.

- Olsun. Elə istəyirəm ki...

- Nə istədin kainatdan?

- Nə istəyəcəmeme, ay Sabirə ? İstəyim indinin istəyi deyil ki. 10 ilin istəyidi. 10 ildir ki, hər gün eyni şeyi istəyirəm mən – deyib başını qəmli bir halda Sabirənin çiyninə qoydu. Nəcibənin 10 il idi ki, uşağı olmurdu. Sabirə Nəcibəni qəmləndirdiyi üçün təəssüflənib verdiyi suala görə peşman oldu.

- Yaxşı. Bağışla. Axmaq sual verdim...

- Elə demə.

Sabirə öz səhvini düzəltmək cəhdi ilə növbəti sualı verdi.

- Yaxşı, onda de görüm, necə bir uşaq istədin kainatdan ? - Sabirənin bu cəhdi uğurlu alındı. Nəcibənin gözləri yenidən işıq saçmağa başladı və hərarətlə sözə başladı.

- Qız uşağı arzuladım. Həyat dolu, qıvrımsaç, gözəllik və ağılda heç bir uşağın çatmadığı gözəl bir qız uşağı... Onu ilk dəfə qucağıma almağımı, ilk dəfə ana deməyini, ilk addımını atmağını, ilk yazdığı sözü, oxuduğu kitabı, məktəbə getməyini, əla qiymətlər almağını, ali məktəbə daxil olmağını, ömrümün axırına qədər dizimin dibində olmağını təsəvvür etdim... Anadan olandan boyum bərabəri olana qədər hər şeyi xırdalıqlarına qədər təsəvvür etdim. Sən demiş, tam bir gözəlçə istədim kainatdan. - deyib ürəklə gülümsədi.

- Bəs adaxlı arzulamadın qızına?

- Açığı, yox. 10 ilin həsrəti məni elə günə salıb ki, həmişə övlad istəyəndə ancaq dizimin dibində olmağını istəyirəm. Tək indi arzu tutanda yox. Axır 5 ildə elə şiddətlə istəyirəm ki, dünyaya gəlsə ancaq yanımda olsun. Kiminləsə paylaşmaq istəmərəm onu. Bilirəm. Bu düz deyil. Həyatın qanunudur ki, qız ailə qurmalıdır. Ancaq 10 ilin həsrəti məni elə sərsəm eləyib ki, bəzən nə danışdığımı, nə istədiyimi çaşbaş salıram... Yəqin qızım olanda onu ürəyim istəyən qədər öpüb qoxlayandan sonra ağlım bir az yerinə gələr - deyib gülür - Bax onda adaxlı haqqında fikirləşərəm... Nə deyirsən, bir yerdə adaxlı taparıq ona? - sualını verib daha ürəkdən gülür.

- Tapmağına taparığe, ancaq kainata mesaj verəndə sən o işi də həll eləmisən, məncə. Əgər qızın sən arzuladığın kimi ağıllı qız olsa onda bizə nə ehtiyac? Özü-özünə adaxlı da tapacaq xoşbəxt də olacaq.

Gecə sükutu ilə ona qulaq asmağı bacaranlara öz nəğməsini oxumaqda idi.

***

Skamyada yanaşı oturan qadınlardan biri o birindən soruşdu:

- Burada arzu tutmağımız yadına gəlir?

- Hə. Sənin də yadındadı? Sən öyrətmişdin mənə.

- Niyə yadıma gəlmir, ay gözəlçə ? Düzdü, yaşımızın üstünə çox yaş gəlib, ancaq şükür Allaha hələ yaddaşım yerindədi.

Aradan 12 il vaxt keçməyinə baxmayaraq, Ay yenə də ətrafındakı ulduzlarla bir yerdə eyni parlaqlıqla işıq saçırdı. Üzərində ay işığının əks olmağından xoş hal olan dəniz də o vaxt necə aramla ləpələnirdisə indi də elə aramla ləpələnirdi.

Anası ilə diz-dizə oturmuş Ayan qadınlara müraciətlə

- Nə arzulamışdınız ki? Əvvəlcə sən de, ana. Nə arzulamışdın? – dedi.

- Kainatdan səni istəmişdim, qızım. O vaxt sən yox idin. - deyib yüngül bir təbəssüm etdi Nəcibə. Bu təbəssümün altındakı peşmanlığı isə yalnız Sabirə duya bilirdi.

- Bəs sən nə istəmişdin kainatdan, Sabirə xala?

- Elə mən də səni istəmişdim - cavab verib gülümsədi Sabirə də.

- Nə xoşbəxt adamam mən. Hamı məni istəyib ki, kainatdan - deyib qıvraq tərzdə güldü Ayan - Buyurun bu da mən. Gəlmişəm dünyaya. Bu qədər çox istədiyinizə görə gərək bir dediyimi iki etməyəsiniz. İndi isə mənim sizdən bir istəyim var.

- Nə istək ? - Nəcibə soruşdu.

- Ana, nə olar icazə ver dənizə bir az da yaxından baxım da.

- Yaxşı bax. Ancaq çox yaxınlaşma. Düşərsən.

- Baş üstə - deyib oturduğu əlil arabasını hərəkətə gətirdi Ayan. Sabirə və Nəcibədən ayrılıb bir qədər dənizə tərəf sürüb saxladı arabasını. Ayan anadan fiziki qüsurlu halda doğulmuşdu. Aşağı ətrafları işləmirdi. Həkimləri diaqnozuna görə də heç vaxt işləməyəcəkdi. Anası həkimlərin diaqnozunu eşidəndən bəri həmişə günahkarlıq hissi içində Sabirə ilə birgə kainata mesaj verdikləri günü və ümumiyyətlə, o vaxtlar övladı ilə bağlı olan istəyini xatırlayırdı. Nəcibə kainatdan onun istəyini yerinə yetirmədiyinə görə narazı olmağa haqqı olmadığını düşünürdü. Kainat onun istəyini xırdalıqlarına qədər yerinə yetirmişdi. Ayan həyat dolu, qıvrımsaçlı, ağıl və gözəllikdə heç bir uşağın çatmadığı şəkildə ağıllı və gözəl idi... Və Nəcibənin arzuladığı kimi daim onun dizinin dibində idi. Ömrünün sonuna qədər də onun dizinin dibində olacaqdı.

Qəmli vaxtlarında başını söykədiyi dostu Sabirənin çiyni bu dəfə də Nəcibənin başı üçün kədərini ovutduğu yastıq oldu. Sabirə Nəcibənin axıtdığı göz yaşlarını silib onun kədəri müqabilində bir söz deməyə gücü çatmadığına görə susdu.

Ay ətafında olan ulduzlarla bir yerdə gecənin sükutu ilə həmahəng olan qəmli bir simfoniyanı ifa edirdi.

# 3204 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #