Həyat yoldaşını öz atasına qısqanan ər

Həyat yoldaşını öz atasına qısqanan ər
12 mart 2018
# 11:09

Könül Cəfərli

Deyirlər ha, filankəs ağıllı, başıaşağı qız idi, yarımadı, amma o gündə bir oğlan dəyişənin bəxti gətirdi. Yalan-zad deyil, həyat göstərir ki, əksər vaxt elə belə olur.

Universitetdə oxuyanda 30 tələbədən yalnız 5-6 qız dərsə hazırlaşır, oğlanla maraqlanmır, fikri ancaq dəftər-kitabda olurdu. Nə üzləri kosmetika tanıyar, nə də əyin-başları bər-bəzəkli olardı. Sevgililəri də yox idi, oğlanla söhbət etməyə, görüşməyə ayıb baxırdılar. Axırda nə oldu? Qızların ən ağıllısı xəstəlik dərəcəsində qısqanc oğlanla ailə qurdu. Daha doğrusu qurmalı oldu. Nişanlı ikən yoldaşının anormal davranışlarını görüb ondan ayrılmaq istədi. Di gəl, ata-anası razı olmadı ki, barmağına üzük taxılıb, adın o oğlanla çıxıb, bizi rüsvay eləmə.

Dilbərin toydan sonra günü lap qara oldu. Dərsə əri gətirib-aparır, qızın tək harasa getməyə, hətta pəncərədən baxmağa icazəsi yox idi. Yoldaşı onu hər kəsə qısqanırdı. Tapşırmışdı ki, kişi müəllimlər dərs keçəndə üzlərinə baxma, salam vermə. Bir dəfə imtahan günü idi. Dilbər əla qiymət aldığı üçün müəllim qiymət kitabçasını verəndə hamımızın yanında əlini sıxıb təbrik etdi. Sən demə əri də qapının arasından baxırmış. Bunu görəndən sonra iftira atdı ki, guya arvadının atası yaşında müəllimlə münasibəti var.

Rəfiqəmizin başına nə oyunlar açırdı... Gah pilləkənin altına, gah qapının arxasına gizlənib, Dilbəri güdürdü. Böhtan atır, “Yəqin subay vaxtı çox oğlanla görüşübsən, indi də əlaqələrin var”,-deyirdi. Yazıq yalvarır, and-aman edir, əri isə inanmırdı. Tələbə yoldaşıma müəllimlərimiz də çox təəssüf edirdi. O cür iffətli qızın qabağına çıxan qismətə yanıb tökülürdük.

Əri gündə bir hoqqa çıxarır, Dilbəri döyür, əziyyət verirdi. Ağlayırdı ki, daha dözə bilmirəm. Ən çox da yoldaşının namusuna dil uzatması qəlbini paralayırdı. III kursun sonunda qız hamilə olduğu üçün kökəlmişdi. Yoldaşı dalaşırdı ki, arıqla, kökələndə əndamın çox diqqət cəlb edir. Arıqlaması üçün hamilə arvadına yemək yeməyə icazə vermirdi. Dilbər danışırdı ki, gecələr ac yatıram. O qədər stress, təpik-şillə “yedi” ki, uşağı vaxtından tez doğuldu və 2 gün sonra öldü.

Dilbər bir neçə dəfə boşanmaq istəsə də, yenə valideynləri qarşı çıxırdı. Amma ərinin son şübhəsi ailələr arasında ciddi davaya səbəb oldu. Arvadını daşdan-divardan da qısqanan ər son vaxtlar öz doğma atasını da “qaralayıbmış”. Qıza tapşırıb ki, atamın maşınına minmə, heç kəs olmayanda onunla evdə tək qalma, həyətə düş. İkisinin arasında münasibət olduğundan şübhələnib.

Bu söhbət Dilbərin valideynlərinə də çatanda qırğın düşdü. Xeyli davadan, münaqişədən sonra nəhayət ki, boşanma baş tutdu, qızın canı xilas oldu.

Ərinin tələbə yoldaşımıza verdiyi başqa zülmlər də vardı. Çox həssas və intim olduğu üçün qeyd etmirəm. Bəlkə də bu yazımı Dilbər də oxuyacaq, qadın heysiyyatına toxunmaqdan ehtiyat edirəm.

Qrupumuzdakı oğlanla görüşməyən digər qızların da bəxti gətirmədi. Hərəsi bir cür yarımadı. “Niyəsi” çox bəsitdir. Seçim imkanları olmadı, qarşılarına biri çıxdı, onunla da ailə qurdular.

Gəzəyən qızların xoşbəxtlik sirri isə təcrübəli olmaları ilə bağlıdır. Məsələn, biri ilə görüşür, oğlanın xasiyyəti pis olanda ondan ayrılır, başqası ilə bəxtini sınayır. Belə-belə bir neçə oğlan tanıyır, ən yaxşı namizədək sevgili dəyişir, nəhayət qarşısına ürəyincə bir bəy çıxanda ona ərə gedir. Həm də flört dövründə xeyli görüşür, yaxından tanıyır, huyuna-suyuna yaxşı bələd olur. Seçim, təcrübə və tanımaq sayəsində xoşbəxt ola, yarıya bilirlər (təbii ki, bu uğurlu ailəsi olan hər kəs aid deyil, yazımın hədəfi bəllidir).

Amma “Mən nişanadək oğlanla görüşmərəm, danışmaram, ayıbdır”, - deyən qızlar var ha, onlar gözübağlı, tanımadan-bilmədən ərə gedirlər. Üzük taxılandan sonra da gec olur, çox vaxt ailə nişanı qaytarmağa icazə vermir.

Mən demirəm ki, qızlar ərə gedənədək gündə bir oğlan dəyişib, önünə çıxanı sınaqdan keçirsinlər. Yaxud da bəziləri kimi toyadək intim yaxınlıqları olsun. Yox, amma ən azı ciddi niyyətlə bir neçə nəfərlə tanış olub, maraqlansınlar. Seçmək imkanları olsun. Nişanadək oğlanla vaxt keçirib, yaxından tanımağa çalışsınlar. Əgər münasibətləri alınmırsa, “Əlimdən tutub, camaat da görüb, sonra məni alan olmaz” qorxusu ilə özlərini ərə getməyə məcbur etməsinlər. Bir var yolun başından dönəsən, biri də var sabah yanıuşaqlı ata evinə qayıdasan.

Qonşumuzun qızını qaçırmışdılar. O vaxt mobil telefon hamıda yox idi. Afət bizə zəng edib dedi ki, oğlan məni filan ünvana gətirib, anama xəbər edin gəlib aparsın, bu adamla ailə qurmaq istəmirəm. Qaçaraq Sona xalagilə getdim. Elə bildim eşidən kimi tez qızı götürüb gətirəcəklər. Amma elə olmadı. Anası yaylığını ağzına basıb, gözünün yaxşını axıtdı, amma yerindən tərpənmədi.

Bir də gördük axşam qapı döyülür. Həyətə çıxdıq ki, Afət qaçıb gəlib. Oğlana xeyli yalvarıb, o da buraxıb. Qapılarını nə qədər döydüsə, anası açmadı, ağlayaraq: “Qaçırılmış qızı qəbul edə bilmərəm, gəldiyin yerə get”, - dedi. Ən pisi odur ki, digər qonşular da Sona xalaya haqq qazandırdılar. Çünki hamı düşünürdü ki, qızın adına artıq söz çıxıb, onu daha alan olmayacaq, camaat bakirə qayıtdığına inanmayacaq və s.

Beləcə Afət sevmədiyi oğlanla ailə qurmalı oldu. Əri ilə yola getmir, tez-tez davaları düşürdü. Sonra o küçədən köçdük, gerisindən xəbərim olmadı.

Afət tək deyil. “Söz olar, camaat var, ayıbdır”, - deyə-deyə qadın xoşbəxtliyindən məhrum edilən minlərlə qız var. Nə arzuladıqları həyatı yaşaya, nə də qadın kimi xoşbəxt ola bilirlər. Bala məhəbbətinə, məişət qayğılarına sığınıb bir ömrü başa vururlar. Çevrənizə bir baxın, ana deyil, məhz qadın xoşbəxtliyini yaşayan neçə nəfər tanıyırsınız?

# 2267 dəfə oxunub

Müəllifin son yazıları

# # #