Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında eyniadlı iki hissəli komediya-tamaşa səhnələşdirilib. Tamaşanın rejissoru teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətdir. Özünəməxsus quruluşda səhnələşdirilən “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Anar Heybətovdur.
Tamaşa haqqında tamaşaçılar nə düşünür? “Ölülər”in səhnə həlli necədir?
Kulis.az tanınmış ədəbiyyat və sənət adamlarının fikirlərini təqdim edir.
Aqil Abbas: “Çox gözəl tamaşa idi. Vacib tamaşadı “Ölülər”. Vaxtında səhnələşdirilmişdi. Aktyorların oyunu, quruluş, hər şey çox gözəl alınmışdı. Həsən Turabovdan sonra bu tamaşada oynamaq asan deyil. Məlik Dadaşovdan sonra Şeyx Nəsrullahı canlandırmaq çətin məsələdir. Ancaq Nurəddin Mehdixanlı bunu bacardı. Kefli İsgəndəri canlandıran Anar Heybətov cavan olmağına baxmayaraq yaxşı ifa etmişdi rolunu. Bir-iki çatışmazlıq var, o da zamanla keçəcək. Bir az onu Şeyx Nəsrullahın vahiməsi basmışdı. Nurəddin Mehdixanlı bəzi sözləri elə deyirdi ki, başqa məna verirdi. Ancaq mən bu gün çatışmazlıq haqqında danışmaq istəmirəm. Azər Paşa çox gözəl bir iş qoyub ortalığa. Kollektiv işi çox gözəl alınmışdı. Mən hətta “Ölülər”ə ikinci dəfə gedib baxa bilərəm. Yəni o qədər ləzzət elədi mənə. İstəyərdim ki, “Dəli yığıncağı”nı da səhnələşdirsinlər. Çünki, indiki vaxtda çox lazımlıdır”.
Rövşən Almuradlı: “Professional rejissorun hazırladığı tamaşadır. Azər Paşa özünəməxsus bir tamaşa ortaya qoyub. Aparıcı rejissorlarımızdan biridir Azər Paşa. İndi adi bir tamaşaçı kimi kiminsə “Ölülər” xoşuna gəlməyə bilər. Bu birmənalı deyil. Mən tamaşaya yaxşı deyirəmsə, gərək onu təhlil edim, pis deyirəmsə, gərək əsaslandırım. Məsələn, Moskvada bir tamaşaya 10-cu dəfə baxandan sonra onun analizi aparılır. Mən öz hazırladığım tamaşa ilə “Ölülər”i müqayisə edə bilmərəm. Bu etik deyil. “Ölülər”in bu cür tamaşa oxunuşu xoşuma gəlib. Aktyorlar ürək qoyublar, 6 ay tamaşa üzərində işləyiblər. Mən ona dəyər verməyə qadirəm? Əsas odur, ortaya iş qoyulub. Tamaşanın dərinliyinə getmək üçün gərək bir neçə dəfə baxasan, ondan sonra onun analizinə başlayasan. Mən də tamaşanı analiz etmək fikrindən uzağam”.
Əlisa Cabbarov: “Məncə, Mirzə Cəlilin "Ölülər"i və "Dəli yığıncağı" teatrlarımızın repertuarında mütləq və həmişə olmalıdır. Bu iki əsər bizim xalq olaraq güzgümüzdür, periodik olaraq aynaya baxmaq lazımdır. Bu cəhətdən tamaşaya görə yaradıcı heyətə minnətdarlığımı bildirirəm. Tamaşa usta rejissor tərəfindən səhnələşdirilib, rejussuranın keyfiyyəti və səviyyəsi hiss olunur. Konseptual olaraq əsərdə antidini satiranın qabardılması, mənə elə gəldi Mirzə Cəlilin hədəfi deyil. Əsər xarizmatik liderin avam kütləni eksplotasiya edilməsi haqdadır, burda vasitə din də ola bilər, idman da, şou-biznes də. Rəyim subyektivdir, amma düşünürəm Baba Rzayevin "Ölülər"i bu sahədə ən maraqlı həlldir”.
Natiq Məmmədli: “Ölülər” ədəbiyyat tarixində öz yerini almış əsərdi, hazırda söhbət onun ədəbi keyfiyyətlərindən yox, səhnə qoyuluşundan gedir. “Ölülər”in canı kütləvi səhnələrdir ki, bu da maraqla işlənmişdi: Şeyxin qarşılanması, personajların atmacaları, əndişələri, xüsusən də finalda diri “ölülər”in yerin altına girməsi alqışa layiqdir. Lakin nə Şeyx Nəsrullah, nə Kefli İsgəndər o deyildi. Kefli İsgəndər az qala hamının əzbərdən bildiyi məşhur ifadələri obrazda ifadə etmirdi, sadəcə tamaşaçıların yadına salırdı. Kefli İsgəndər böyük obrazdı, amma bu dəfə inandırıcı və böyük görünmədi. Arağı da çay kimi içirdi, zorla siğəyə göndərilən doqquz yaşlı bacısıyla danışanda da, Şeyxlə çarpışanda da üzünü tamaşaçılara tuturdu. İsgəndər belə... “Ölülər” səltənətinin azman mələyi Şeyx Nəsrullah səhnəyə çıxan kimi üzünü yana çevirib tamaşaçılara göz vurdu, yəni baxın görün bu qanmazlar dünyasının başına nə oyun açıram. Başqa sözlə desək, Şeyx səhnəyə ayağını qoyan kimi maskasını çıxardı. Amma bunun üçün proses lazım idi, situasiya yaranmalı idi. Şeyxin siması hərəkətdə, özü də komik yox, faciə yüklü hərəkətdə açılmalı idi. O, Kefli İsgəndərlə üz-üzə gələndə tamaşaçı dərk etməliydi ki, qarşısındakı Şeyx yox, məşhur hipnozçu, fırıldaq dünyasının kralıdır. Şeyx də belə... Amma mən skeptik deyiləm, buna da şükür. Hər halda həmişə olduğu “Ölülər” hələ də diri qalıb, belə gedişlə həmişə də diri qalasıdır”.
Şərif Ağayar: “Mən Azər Paşa Nemətin quruluşunda “Hamlet”i xatırlayıram. Fuad Poladovun ifasında... Yadımdadır, tənqid eləmişdim ki, səhnəyə 50 yaşda Hamlet çıxarmaq elə bu faciəni teatrın səhnəsində yaşatmaqdır. İndi Kefli İsgəndərin gənc olması məni sevindirdi. Amma, məncə, Anar Heybətov rolunun öhdəsindən gələ bilmir. Rejissorun Kefli İsgəndər seçimi yanlışdır. Anlayıram, rejissor pyesi ənənəvi pafosdan çıxarmağa çalışıb, amma Kefli İsgəndərin şəxsində bu alınmayıb. Nurəddin Mehdixanlı Şeyx Nəsrullahı yaxşı oynayır. Danmaq olmaz. Özü də obraza yeni çalar verə bilib. İroniya, sarkazm, tamaşaçıların oyuna cəlb olunması və s. kimi müasir priyomlara görə Azər Paşa müəllimə təbəssümlü bir “Sağ ol” düşür. Tamaşanın quruluşunu və rejissorun yanaşmasını ümumi olaraq bəyəndim. İdeyanı isə alqışlayıram. İlin-günü bu vaxtı Mirzə Cəlili yada salmaq, özü də bu əsərlə yada salmaq az qala qəhrəmanlıqdır. Məxsusi olaraq Kazım Abdullayevin ifasını alqışlayıram. O, İsgəndərin atası Hacı Həsəni oynayır və mənim fikrimcə əla oynayır. Tamaşaçı kimi onun oyununa heyran qaldım. Hərəkətləri, jestləri indinin özündə də gözümün qarşısındadır. Səsi də öz yerində. Kazım müəllim əlacsız, bədbəxt, cahil, eyni zamanda, özünə xas mənfilikləri olan məmləkət insanının ümumiləşmiş obrazını məharətlə yarada bilib”.
İlqar Rəsul: "Tamaşa klassik variantında çox maraqlı olduğu üçün, hər yeni quruluşda da tamaşaçını cəlb edə bilir. O baxımdan bu yanaşma da təqdirəlayiqdir. Amma mənə elə gəlir ki, bu cür dəfələrlə müraciət edilən əsərlər yenidən qoyulursa, özündən əvvəlkilərdən sadəcə fərqlənməməlidir. Xeyli fərqlənməlidir. Desəm ki, fərqlənmir absurd olardı, əlbəttə. Fərqlənir. Özü də xeyli. Amma məncə nəsə başqa dəyişikliklər, yeniliklər olmalıdır. Yəni, sadəcə xoş təəssürat yox, yeni və daha başqa təəssürat yaradan elementlər deyək...”