Milli Kinomuz varmı? SORĞU

Milli Kinomuz varmı? <span style="color:red;">SORĞU
2 avqust 2014
# 11:00

2 Avqust - Milli Kino Günüdür. Bu münasibətlə gənc kinematoqrafçılara və mədəniyyət yazarlarına iki sualla müraciət etdik:

- Sizcə milli kino nədir?

- Azərbaycan kinosu olmasaydı dünya kinosu nə itirərdi?

Cavid Təvəkkül (rejissor)

- Milli kino “O olmasın bu olsun” deməkdir. O da olmasa dünya kinosu heç nə itirməzdi.

Teymur Daimi (rejissor, rəssam)

- Milli kino sırf dövlətin mədəni siyasətinə və ideoloji paradiqmaya aid və kinoşünaslara da lazım olan anlayışdır. Beynəlxalq təcrübəyə gəldikdə, müasir kino transmillidir və ona görə bəzi yaradıcı fərdlər üçün "milli" anlayışı daxili məhdudiyyətlərlə assosiasiya oluna bilər. Halbuki lokal kontekstdə mövcud olan xüsusiyyətlərdən qidalana bilərlər.

Milli kino olmasaydı dünya kinosu hazırda heç nə itirməzdi.

İlqar Nəcəf (rejissor, prodüser)

- Qlobal mənada milli kino yoxdur. Məsələn, sıradan adam bir filmə baxıb deyir ki, bu, gürcü kinosudur, soruşursan, necə bildin, deyir, bunlar gürcülər kimi geyinib. Burda artıq siz dediyiniz “milli kino” məsələsi ortaya çıxır. Amma bundan bir az irəli gedəndə artıq öz qüvvəsini itirir. Milli, tarixi mövzuları, qəhrəmanları ekrana gətirmək olar, amma ümumilikdə milli kino yoxdur. Məgər, Bunuel, Berqman milli kino çəkirdi?

Dünya kinosu yox, amma bəlkə keçmiş sovet kinosu itirərdi. Sovet dönəmində də iki-üç filmimiz yada düşür.

Mübariz Nağıyev (rejissor)

- XIX əsrin sonu – XX əsrin əvvəllərində neft bumunun paytaxtına çevrilmiş Bakı qabaqcıl Avropa ölkələrinin diqqət mərkəzində olduğu üçün Parisdəki Kapusinlər bulvarında məşhur Lümyer qardaşlarının “Qatarın La Syota vağzalına gəlişi” süjetinin nümayişi ilə dünya kinosuna start veriləndən cəmi üç il sonra, 1898-ci ildə Bakıda fotoqraf Aleksandr Mişon neft mədənlərindəki yanğınları lentə aldı və Azərbaycan kinosunun tarixi yazılmağa başladı. Sirr deyil ki, Azərbaycanda kinematoqraf sovet dövründə inkişaf etmişdi. Lakin o dövrdə "rus kinosu", "gürcü kinosu", "özbək kinosu" terminləri yaransa da "azərbaycan kinosu" termini yaranmadı. H.Seyidbəyli, H.Seyidzadə, A.Babayev, Ə.Atakişiyev, T.Tağızadə, Ş.Mahmudbəyov, Ə.İbrahimov və bir çox adlarını çəkmədiyim istedadlı sənətkarlarımız bir-birindən gözəl ekran əsərləri yaratsalar da, ümumilikdə "Azərbaycan kinosu"nu təəssüf ki, yarada bilmədilər. Bu gün isə Azərbaycan kinosu ölüb. Ölünü diriltməyə isə Həzrəti İsa gərəkdir. Kinonu hələ ki, Şeyx Nəsrullahlara tapşırırlar.

Olmayan şeyi itirmək olarmı? Real danışaq, dünya Azərbaycan kinosu tanıyır ki, itirməyinə hələ bir təəssüflənsin də? Azərbaycan kinosunu doğulmadan itirmişik. Bu minvalla da yaxın zamanda yaranacağına qətiyyən ümidim yoxdur. Nə qədər acı olsa da hər il avqustun 2-si ölüyə ad günü keçiririk”.

Aygün Aslanlı (kinoşünas)

- Milli kino milli ideyaları, aid olduğu bölgənin, ya da millətin özəlliklərini vizual ifadə vasitələri ilə əks etdirən kinematoqrafiyadır. Və düzü, "milli kino" ifadəsini ən çox elə Azərbaycan və keçmiş sovet respublikalarının kinosu ilə bağlı eşitmişəm və özüm də istifadə eləmişəm. Yəni, məsələn, milli fransız kinosu, milli alman kinosu, hətta milli İran kinosu ifadəsinə demək olar ki, rast gəlməmişəm. Ümumiyyətlə, milli kino, milli ədəbiyyat və s. bu kimi ifadələr müəyyən çərçivələrə bəraət qazandırmaq üçün uydurulub.

Azərbaycan kinosu olmasaydı, dünya heç nə itirməzdi. Nəinki dünya, heç özümüz də itirməzdik.

Ramil Ələkbərov (ssenarist)

- Milli kino nədir və bizim kino olmasaydı dünya kinosu nə itirərdi? Məncə, milli kino əks etdirdiyi cəmiyyətin həyat tərzinin, adət-ənənəsinin, “milli atributlar”ının yer aldığı kino deməkdir. Yəni, milli kino öz cəmiyyətinin yozumladığı gerçəkliklərin kino dili ilə ifadəsidir. Filmdə milli atributların “gözə soxularaq” göstərilməsi hələ milli kino demək deyil. Bir cəmiyyətin milli kinosu ilk baxışdan filmin o millətə mənsub olduğunu biruzə verməli və tək nümunədən ibarət olmamalıdır.

Dünya kinosu bir dəryadır, o dəryadan bir necə damcının quruması və ya qurudulması dəryaya böyük ziyan verməz. Amma o dəryaya tökülən elə bir damla toplusu ola bilər ki, dəryanın xüsusiyyətlərinə, tərkibinə “xüsusi dad” qata bilər. Dəryanın biz olan hissəsində “o dad”a ehtiyacımız var.

Elşən Zeynallı (rejissor)

- Bu, ümumi dəsti xətdir, simadır, estetikadır. Təkrarı və oxşarlı olmayan, özünəməxsus kino dilidir. Bir xalqın mədəni etno hisslərinin, yaşantılarının təsvir dilidir, düşüncə tərzidir. Bizdə bu indiyəcən formalaşmayıb. Yadıma “Oqonyok“ jurnalında oxuduğum bir yazı düşdü. Kino haqqında məqalə idi. Antonioni Moskva Kinofestivalına gələndə, vaxt tapıb sovet xalqlarının mədəniyyəti ilə maraqlanmışdı. Bakıda da olmuşdu - Atəşgahda. Onun fikirlərini bölüşmüşdülər məqalədə. O, demişdi ki, rusun ədəbiyyatı, gürcünün kinosu, Azərbaycanın musiqisi heyrətamizdir. Yəni, musiqimiz özünəməxsusluğu ilə dünya musiqi tarixində yer tuta bildi, amma kinomuz gürcülərdəki kimi milli ola bilmədi.

Mənə universitetdə kinoda bəstəkar işi ixtisasını Cavanşir Quliyev tədris edirdi. O, Paracanovla „Aşıq Qərib“ filmində işləmişdi. Cavanşir müəllim danışırdı ki, o vaxt Paracanov xahiş etdi ki, Azərbaycan kinosundan nümunələrə baxmaq üçün ona kömək edək. 50-yə yaxın film seçib verdilər. Hamısına baxmışdı. Sonda dedi ki, Tofiq Tağızadə kimdir? Onun filmlərində nə isə var, nə isə hiss edirsən. Ancaq onu da yaradıcılığından çaşdırırlar deyəsən. Mən yalnız onda hiss etdim ki, Azərbaycan kinosuna baxıram.

Bizim kino imitasiya xarakterli olub sanki. Son vaxtlar yavaş-yavaş özümüzdən danışıb, göstərməyə başlamışıq.

Azərbaycan kinosu olmasaydı dünya kinosu heç nə itirməzdi. Sadəcə, dünyada bir sivil mədəni xalqın sayı az olardı. Kinomuzun özümüzə xeyri olub. Dünya kinosu ona görə heç nə itirməzdi ki, bizim kinomuz dünya kinosunun bir parçası ola bilmədi. “Arşın mal alan” istisnadır.

Mətləb Muxtarov (operator, kinoşünas)

- Yaxşı film milli yox, insani dəyərlərə söykəndiyindən mənim üçün “Milli kino nədir” sualının cavabı yoxdur.

Azərbaycan kinosu olmasaydı dünya “Şərikli çörək” filmini itirərdi.

Nihad İsa (tələbə)

- Milli kino mənim üçün, ən başlıcası, milli baxış tərzidir. Milli kino bizim dünyaya təklif etdiyimiz aynadır.

Bu ayna elə bizim özümüzü, yəni tariximizi, mədəniyyətimizi, sosial problemlərimizi, bəzən isə yaşanan eşqləri, ikili münasibətləri əks etdirməlidir. Sovetlər dönəmində istehsal olunan filmlərin əksəriyyətini istər ssenari, istər rejissor işi baxımından səviyyəli adlandırmaq olar. O filmlərə baxanda (məs: “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Yol əhvalatı” və s.) adam həmin dövrün həqiqətlərini görə bilir. O nəsil kinonu sadəcə metafora olaraq görmürdü və xalqı kinoya yaxınlaşdırırdı.

Amma uzun zamandır bizim aynamız korlanıb və demək olar ki, əksimizi lazımınca təqdim edə bilmir. Senzuranın şiddətli olduğu SSRİ dövründə inkişaf edən bu sahənin müstəqillik dövründə tənəzzülə uğraması kifayət qədər paradoksal haldır.

Biz milli kino anlayışını bir az genişləndirməliyik. Neftə, qaza, pambığa necə sərvət kimi baxırıqsa, kinoya da o gözlə baxıb inkişaf etdirməliyik.

O ki qaldı Azərbaycan kinosu olmasaydı dünya nə itirərdi sualına, məsələn, mənim üçün Rasim Ocaqov Alfred Hiçkokdan daha bacarıqlı rejissordur. Bununla belə, məsələyə bir az tənqidi yanaşmağın tərəfdarıyam. Ümumilikdə kinomuzu dünyaya təqdim edə bilməmişik. Dünyanın onsuz da bizim kinodan xəbəri yoxdur.

Məncə, bu sualı verməzdən əvvəl, gərək kinomuzu dünyaya tanıdaq.

Şahin Xəlil (kinoman)

- Milli kino anlayışı özü bir çərçivədir və mənim üçün sənətdə çərçivə absurddur.

Nəzərə alsaq ki, Azərbaycan kinosu elə Azərbaycana maraqlıdır, demək ki, dünya kinosunun zərrə qədər də itirəcək bir şeyi olmazdı.

İntiqam Hacılı (ssenarist, rejissor)

- Vallah mən bilmirəm milli kino nədir. Ümumiyyətlə, milli və bu sözlə başlayan digər sözlərə qarşı allergiyam var. Milli-mentalitet isə birinci düşmənimdir. Hətta Milli Bankın adının dəyişdirilib Mərkəzi Bank olmasına çox sevindim. Azərbaycan kinosu daha doğrudur. Və sual olunsa ki, Azərbaycan kinosu nədir, onda belə cavab verərdim. Azərbaycan kinosunda bir kinonu bilən adamlar var, bir də bilməyən adamlar. Hazırda Azərbaycan kinosunda daha çox kinonu bilməyənlər film çəkir və onlara şərait yaradılır.

Onsuz da Azərbaycan kinosu dünya kinosu üçün yoxdu və göründüyü kimi də heç nə itirməyib. Dünyada kinonu bilən adamlar öz işindədir...

Lalə Azəri (mədəniyyət yazarı)

- Birinci suala bir az zarafatyana cavab vermək istərdim... Hər şeyin millisi olduğu kimi, kinonun da millisi var. Azərbaycan təfəkkürünün məhsulu olan filmlər. Amma mən deyərdim ki, kinomuzda milli təfəkkürlü rejissorlarla yanaşı dünyəvi rejissorlarımız da az deyil. 2 Avqust – Milli Kino Gününün tarixini isə xırdalamağa ehtiyac yoxdur. “Kinoşnik“lər bunu yaxşı bilirlər.

İkinci sualın cavabına gəlincə, əslində bəlkə də heç nə itirməzdi... Bəlkə də itirərdi. Məncə, bu sualı kinoşünaslar daha yaxşı cavablandırarlar.

# 4555 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #