Bədii filmlərdə rejissor işi, montaj, aktyor oyunu qədər vacib olan nüanslardan biri də səslənmədir. Adətən çəkilişlərdən sonra hər bir aktyor öz yaratdığı rolu özü səsləndirsə də, bəzən bunun tam əksi də baş verir. Obyektiv və subyektiv səbəblərdən obrazın səsləndirilməsi başqa aktyora həvalə olunur.
1971-ci ildə istehsal olan “Axırıncı aşırım” bədii filmində Kərbəlayi İsmayıl obrazını Adil İsgəndərov deyil, Yusif Vəliyev səsləndirmişdi. Bunun səbəbi isə, Adil İsgəndərovun səs tembrinin yaratdığı obrazın xarakterinə uyğun olmamağı idi. Kübar, həlim, mülayim səsli Adil İsgəndərov, obraza xarizmatik və qalın tembrin uyğun olduğunu düşünərək, şəxsən özü rolun Yusif Vəliyev tərəfindən səslənməyini məsləhət görmüşdür.
Mövzu bağlı ən maraqlı faktlarından biri də 2003-cü ildə çəkilmiş “Güllələnmə təxirə salınır” filmində olmuşdur. Bu filmdə Xanbacı rolunu mərhum aktrisa Nəsibə Zeynalova ifa etsə də, obrazı aktyor – şoumen Qorxmaz Əlili səsləndirmişdir. Nəsibə Zeynalovanın səsini məharətlə parodiya etməyi bacaran Qorxmaz Əlili səslənmədə öz işini o qədər ustalıqla görmüşdür ki, tamaşaçılar obrazın başqa aktyor tərəfindən səslənməsini hiss etmir.
Səsləndirmə ilə bağlı rus kinosunda da xeyli maraqlı faktlar var.
Mixail Bulqakovun eyni adlı romanı əsasında 2005-ci ildə çəkilmiş “Master və Marqarita” serialında Master rolunu ifa edən və səsləndirən Aleksandr Qalıbin sonradan obrazın Sergey Bezrukov tərəfindən səsləndirildiyini eşidəndə heyrətlənmişdi.
Çəkilişlərdə Qalıbin çox əziyyət çəkirdi və prodüser Valeriy Todorovskiy səsləndirmənin aktyor üçün daha ağır keçəcəyini düşünürdü. O, aktyorun səsinin də xırıltılı olduğunu görüncə Master rolunun başqası tərəfindən səsləndirilməsini təklif edir. Sergey Bezrukovun səsinin daha aydın və güclü olduğu fikri ilə razılaşan rejissor Bortko Master obrazının ikinci dəfə səsləndirilməsinə razılaşır.
“Şerlok Holms” rolunun ifaçısı, “Karlson”, “Timsah Gena” və başqa cizgi film qəhrəmanlarını səsləndirən və öz xarakterik səsi ilə məşhur olan aktyor Vasiliy Livanov ”Göndərilməmiş məktub” filminin çəkilişi zamanı ilk səsini itirmişdi. Buna səbəb isə, rejissorun aktyorları tayqada, 40 dərəcə şaxtada yanğın səhnəsini canlı səsləndirməyə məcbur etməsi olmuşdur. Livanovun səsi yalnız bir neçə gündən sonra artıq tam yeni – tamaşaçıların tanıdığı formada bərpa olmuşdu.
Amerikada “min səsli insan” ləqəbi ilə tanınan və “Warnes Bross” studiyasının istehsal etdiyi bir çox populyar cizgi filmi qəhrəmanlarını səsləndirən Mel Blankla bağlı bir neçə maraqlı faktlar mövcuddur.
Avtomobil qəzasına düşən Blank kəllə travması aldığı üçün 3 həftə komada qalır. Blankı danışdırmaq heç kimə müyəssər olmamışdı. Nəhayət günlərin birindən həkimi ondan –“Baqz Bani, vəziyyət necədir?” - soruşduqda o, həkimə dovşanı səsləndirdiyi səslə cavab vermişdi.
Mel Blank yerkökünü xoşlamırdı, ancaq “Baqz Bani” obrazını səsləndirərkən məcburən yerkökü yeyirmiş.
Blankın başdaşında isə bir çox cizgi filminin sonunda Porki Pikin söylədiyi məşhur fraza-“That”s All Folks” (Bu da son) yazılıb.