İki kişinin bir arvadı

İki kişinin bir arvadı
6 avqust 2013
# 07:15

Müasir Azərbaycan filmlərindən yalnız cavanların çəkdiklərinə maraqla baxa bilirəm. Gənclərin nə düşünməsi, hansı mövzularla ilgilənməsi həmişə maraqlıdır. Bir problem var ki, ölkəmizdə gənclərə inam bəslənmədiyi üçün onlar yalnız qısametrajlı filmlər çəkirlər.

Ancaq bəzən elə qısametrajlı filmlərə rast gəlmək olur ki, Eldar Quliyev, Ramiz Əzizbəyli, Oqtay Mirqasımov kimi yüz minlər əmanət olunan rejissorların ortaya çıxardığı məhsullardan daha keyfiyyətli olur. Məsələn, Asif Rüstəmovun “Ev” filmi...

Başqa bir gənc - İsmayıl Məmmədov müharibə haqqında vaxtı ilə çəkdiyi bir neçə dəqiqəlik səssiz filmi ilə məni heyrətə salmışdı. Ona görə yox ki, yüksək sənət əsəri idi. Ona görə ki, Azərbaycanda belə sadə və səmimi düşünən rejissor tapmaq çətindir. Bizimkilər dahi olmaq istəyirlər və ona görə heç babat rejissor da ola bilmirlər.

İsmayıl bəy filmində uçuq bir evin yuxarı mərtəbəsində döyüşən əsgərləri ekrana gətirir. Döyüş əsnasında əsgərlərdən birinin kaskası aşağı düşür. O, enib gedənə qədər balaca bir qızcığaz kaskanı götürür və içində gül əkməyə başlayır. Adam öldürməyə amadə olan döyüşçü bu mənzərəni görüncə çaşıb qalır, qızcığazın bu jesti qarşısında aciz vəziyyətə düşür.

Məncə gənc bir sənətçinin müharibəyə bu cür münasibəti və düşündüklərini ekran dili ilə belə sadə, uğurla ifadə etməsi böyük işdir. Nəzərə alsaq ki, film 7-8 il əvvəl çəkilib, mənim heyrətim də başadüşüləndir. İndi durub desəm ki, İsmayıl bəyin filmi Azərbaycanda müharibə mövzusunda çəkilən ən gözəl filmdir, məni yenə qınamağa başlayacaqlar.

Nə isə...

Bütün bunları nə üçün yazıram?

“Cinema” Gənc Kinematoqrafçılar Təşkilatı Azərbaycanda ilk dəfə keçirilən “İlin Gənc Kinematoqrafı” müsabiqəsinə yekun vurdu və şənbə günü qaliblərin təltifolunma mərasimi keçirildi. Müsabiqənin münsiflər heyətində mən də var idim. Seçdiyimiz filmlərin içində “Ən yaxşı rejissor” mükafatı “Yuva” filminə görə Emin Əfəndiyevə verildi. İnsafən filmin ssenarisi də, rejissor işi də o birilərdən seçilirdi.

Amma...

Film 21 dəqiqədir.

Çox maraqlı başlayır və dialoqlar şapalaq kimi açılır. Xüsusən ev yiyəsi Aslan Qəhrəmanovun qəhrəmanının evə sığınacaq üçün gələn Mehmana (Namiq Ağayev) söylədikləri: “Biz burda lazım olmayan əşyaları saxlayırıq... Burda sənin üçün rahat olar...”

Və “lazımsız əşyaların” görüntü həlli: Mehmanın arxasında boş arı çərçivələri asılıb!

Amma hadisələr inkişaf etdikcə 21 dəqiqəlik filmə sığmayacaq mürəkkəb süjetlə üz-üzə qalırsan. Sən demə evin əsl sahibi Mehman imiş və filmin əvvəlindən tanıdığımız yaralı Aybəniz (Münəvvər Əliyeva) isə onun həyat yoldaşı imiş. Mehman erməniyə əsir düşüb. 15 il əsirlikdə qalıb. Bu vaxt ərzində Aybəniz ikinci ərə gedib, hətta ikinci ərindən bir oğlu da var. Filmdə ara-sıra gözə dəyən Arzu adlı 16 yaşlı qız isə Mehmanın qızıdır.

Kişilərin arasında mübahisə düşür: ev və qadın üstündə...

Filmin finalında məlum olur ki, onlar ev və qadın üçün vuruşacaqlar...

Əlbəttə, qadını və ya evi, ümumi götürəndə isə ailəni Qarabağın simvolu kimi qəbul etmək olardı. Amma bunun üçün filmin əvvəlində ermənilərə çılpaq realist münasibət olmamalı, obrazlar bütövlükdə simvol, məcaz kimi götürülməli idi.

Emin Əfəndiyev filmi uğurla başlasa da sonlara doğru “fəlsəfi dərinliklərə”, süni mürəkkəbliyə yuvarlanır. Bu da realistcəsinə başlamış filmi qədərindən artıq yükləyir, Qarabağ müharibəsi üçün xarakterik olmayan ziddiyyətlər ortaya çıxarır. Necə deyərlər, ustalıqla təqdim olunan kadrları və inandırıcı, səlist dialoqları İzzət Bağrovun kliplərinə xas olan qondarma konflikt əvəz edir.

Müharibə haqqında söz demək üçün bir adamı 15 il əsirlikdə saxlayıb onun arvadını avaranın birinə ərə vermək vacib deyil. İnanın, məsələlər çox sadədir. Yetər ki, yaşaya və duya biləsən.

Əslində filmdəki hadisələr necə inkişaf etməli idi?

Bir neçə versiyə ağlıma gəldi və gördüm ki, Emin Əfəndiyev bu versiyaların ən “yalançısını” seçib.

Mən öz variantlarımı demirəm. Qoy gənc dostumuz zəhmət çəkib özü başladığı mətləbləri özü də inkişaf etdirsin. Və ən salamatı... gələcək işlərində sonacan diri qalmağı bacarsın.

# 7410 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #