Xristian məzarlığında “Yol əhvalatı”

Xristian məzarlığında “Yol əhvalatı”
8 oktyabr 2012
# 07:00
Filmdən bu sitatlar dillərə düşüb:

“götürək elə bu bacım oğlu Makintoju, yüz dəfə demişəm ki, əl çək bu xırda-xuruş alverdən. Gətirib fransuzki qalstuku ərəbski adı ilə sırıyıb mənə. Qızım deyir ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvaetsa bu heç fransuski də deyil, nə bilim nə zibilskidi. Yalansa, fransuzki ilan vursun dilindən”.

“pereriv, pereriv”

“camaat şir-pələng saxlayır, bu nədi ə...”

“dəymə, atamın yadigarıdır”.

“əşşi.., toyuqsan, gir hinivə də”

“qaynanam üçün kalqotka almalı idim...

- onda gərək bir tin o yanda düşəydin...”

“tezik ayağını qaldırıb...”

“sən öləsən, bu rəhmətliklər yığıb məni boğaza”.

““proizvotstvenni travma” almışam axı”

Bəlkə yenə var, amma yadıma düşən bunlar oldu.

“Yol əhvalatı” kino komediyası 1980-ci ilin filmidir.



Səyavuş Aslan yemək tavasına necə oturdu?

Çəkiliş vaxtı çox maraqlı əhvalatlar olub və əksəriyyəti filmə çəkilib. Məsələn, Makentoj (Yaşar Nuri) qatıq yeyə-yeyə ssenaridən kənar bir “çestni” ifadəsi işlədir, arxada duran Qurban (Səyavuş Aslan) Yaşar Nurinin başına bir qapaz vurub deyir ki, “çestni ne çestni yoxdur bu dünyada”. Çəkiliş qrupu elə bilir ki, Yaşar yersiz işlətdiyi ifadəyə görə Səyavuşun onun başına qapaz vurması kadra düşməmiş rejissor “stop” deyər. Rejissor nəinki bir söz demir, hətta ona zillənən çaşqın nəzərlərə “davam edin ” işarəsi göstərir. Beləliklə, həmin kadr filmin ən maraqlı kadrlarından biri olur. Təsadüfü hadisənin filmə düşdüyü daha bir səhnə var. Çəkiliş xristian qəbiristanlığında aparılırmış. Məzarlıq gözətçisinin otağı həm də anbar imiş, çəkilişin bir hissəsi də həmin anbarda olub. Orda da həqiqətən tikanlı məftil topası varmış və aktyor Kamil Məhərrəmov özü bilmədən məftilin üstünə yıxılır. Mürşüd rolunu oynayan aktyor Hacı İsmayılov danışır ki, bu hadisə baş verəndə Kamildən bir inilti qopdu, biz həm güldük, həm də ona yazığımız gəldi: ”Gördük ki, çəkiliş dayanmadı, biz də özümüzü yığışdırıb davam etdik. Daha bir maraqlı əhvalat danışım sizə. Kamil Məhərrəmov həmin qəbiristanlığın yaxınlığında olurdu. Çəkiliş gedir, biz də acından ölürük. Kamil dedi ki, arvad badımcan-pomidor dolması bişirib, gedim gətirim, yeyək. Rejissor Kamil qayıdıncaya qədər onun iştirak etdiyi səhnələri saxladı. Kamil əlində içi badımcan-pomidor dolması ilə isti tava gəldi. Tavanı qoydu taxta skamyanın üstünə. Dedi ki, mənim epizodum çəkilib başa çatsın, sonra yemək yeyək. Səyavuş gözünə döndüyüm, fikri rejissorda olub, arxası skamyaya, bir gördük gülüş qopdu, baxdıq ki, Səyavuş oturub tavada. Həmin gün biz ac qaldıq, Səyavuşun açıq rəngli şalvarı yağa bulaşdığından evə getməli oldu”.


Tanınmamışların uğuru

Filmin mövzusu belədir. Sürücü Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, “JEK” müdiri, qoyun alverçisi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Sürücü Mustafanın öz sevgilisinə qovuşmaq cəhdləri onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib gəlir.
Film əliəyrilərin ifşası, iki sevən gəncin qovuşması ilə sona yetir.

“Toy əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilov, rejissoru Teymur Bəkirzadədir. Hər ikisi o qədər də məşhur olmayan imzalardır. Hər halda, Rasim Ocaqov, Ramiz Fətəliyev kimi məşhur deyil. Amma ssenarist əməkdar jurnalistdir. Asim Cəlilov Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. “Molodyoj Azerbaydjana” qəzetində, “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində baş redaktor vəzifəsində işləyib.

Film əslində daha çox improvizə ilə çəkilib. Rejissor məxsusi yığdığı dördlüyə - Səyavuş Aslan, Yaşar Nuri, Hacı İsmayılov və Kamil Məhərrəmova bütün improvizələr üçün icazə verib. Onların sərbəstliyi, təbiiliyi filmin uğurunda imza atıb. Rejissor, ssenarist Teymur Bəkirzadə Bakı şəhərində anadan olub. Moskvada ali rejissor kurslarını bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və bədii filmlərin quruluşçu rejissoru olub. "Dissonans" sənədli filmi bir çox beynəlxalq festivalların mükafatlarına və diplomlara layiq görülüb. Azərbaycanın Əməkdar İncəsənət Xadimidir. “Rəqiblər” filminin həm ssenaristi, həm rejissoru olub. “Ləqəbi İkadır” adlı bədii filmini də o çəkib. Tanınmayan bu imzalar olmasa da çox gözəl bir kinokomediya qoyublar ortaya.

Qoyunların əzabı, yaxud onların insanlar verdiyi əzab

Çəkilişlərdən daha bir maraqlı məqam. Çəkilişdə kənd təsərrüfatında işlədilən təyyarədən – “kukuruznik” dən istifadə edilib. Qoyunların həmin təyyarəyə mindirilməsi səhnəsi bir günə çəkilib.
Bütün günü çalışıb qoyunları təyyarəyə mindirəndən sonra axşam düşdüyünü görüb çəkilişi saxlayıblar. Səhnənin çəkilməsi üçün bütün yaradıcı və texniki qrup çalışıb, hətta Səyavuşla Yaşar qoyunları qucaqlarına alıb təyyarəyə qaldırıblar ki, bu məsələ tez bitsin. Amma qoyunlar təyyarədə qalıb, sabah gəlib çəkilişi həmin yerdən davam etdiriblər.

Filmin bəstəkarı Polad Bülbüloğludur, amma ordakı musiqini xatırlaya bilmirəm.

Filmin məsləhətçilərindən biri SSRİ-nin əməkdar təyyarəçisi N. Əliyev olub, , M. Babayev milis polkovnikidir. Filmin redaktoru Ramiz Rövşəndir. Bədii rəhbər isə Eldar Şengelayadır - Gürcüstanın tanınmış kino xadimi.

Aktyorlar və rollar:

Səyavuş Aslan- Qurban, Vaxtanq Pançulidze- Mustafa, Həmidə Ömərova- Zümrüd, Kamil Məhərrəmov- Paşa, Yaşar Nuri- Makintoş, Hacı İsmayılov- Mürşüd, Sofa Bəsirzadə- Sona nənə, Ceyhun Mirzəyev- İbadulla, Yusif Əlizadə- Fərid, Adil İsmayılov (II)- Təyyarəçi, Məmmədkamal Kazımov- Şəmsi, Eldəniz Zeynalov- Şikayətçi, Zərnigar Ağakişiyeva-Ədilə, Mübariz Əlixanoğlu- Milis nəfəri, Rahib Əliyev-Elçi gələn, Məmmədağa Dadaşov (II), Muxtar Maniyev-Milis nəfəri, Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Kübra, Dadaş Kazımov-Sərnişin, Telman Adıgözəlov- Tələbə, Şahin Cəbrayılov- Milis nəfəri.

Qalanlarını yazmasam da olar, inciməsinlər. Onu deməliyəm ki, filmdə səsləndirməni də çox gözəl aktyorlar edib.
# 1874 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #