“Vəkil roluna 7 min AZN aldım” - MÜSAHİBƏ

“Vəkil roluna 7 min AZN aldım” - MÜSAHİBƏ
18 avqust 2011
# 12:18
Bəhruz Vaqifoğlunu ilk dəfə Pantomima Teatrında tamaşada gördüm, xoşum gəldi. Sonra Ülviyyə Könülün “Hanı vəkil?” komediyasında bəyəndim. Hiss olunur ki, maraqlı gənc aktyordur. Bu gün isə kulis.az-ın qonağıdır.

1982-ci ildə Zəngilan rayonunda doğulub. Sonra ordan qaçqın düşüblər. Necə oldu İncəsənət Universitetinə gəlib çıxması barədə isə özü danışacaq.

Gah testdən keçmədim, gah da qabiliyyətdən

Uşaq vaxtı çox utancaq, qapalı uşaq idim. Atam məni yazdırdı dram dərnəyinə ki, bir az bu komplekslərdən xilas olum, açılışım. Artıq 11-ci sinifdə oxuyurdum, dəmir yol litseyində Vahid Əliyevin dram dərnəyinə gedirdim, özü də özümdən kiçik yaşlı uşaqlarla. Bu məşğuliyyət maraq dairəmlə üst-üstə düşdü, bir də gördüm İncəsənət Universitetinə hazırlaşıram. Tez-tez bu universitetə gedirdim. Bir gün də orda Pantomima Teatrının “Kimdir müqəssir?” tamaşasına baxdım. Vuruldum bu tamaşaya və Pantomima teatrına. Özlüyümdə qərar verdim ki, aktyor olub bu teatrda çalışacam.

Birinci il İncəsənət Universitetinə qabiliyyət imtahanından – Əlabbas Qədirov və Şəfiqə Məmmədovadan dörd aldım, amma testdən keçmədim. Qabiliyyətdən keçməyim mənə qol-qanad verdi. Hərbi xidmətdən sonra Nəsibə Zeynalova adına xalq teatrına getdim. Orda kiçik səhnəciklər oynayırdıq. Bir dəfə uşaqlarla qərar verib özümüz Cəfər Cabbarlının “Aydın” tamaşasını hazırladıq, mən Aydını oynadım. Növbəti il İncəsənət Universitetinə qabiliyyət imtahanından keçmədim. Nəhayət, üçüncü dəfə aktyorluğa yox, sənədlərimi rejissorluğa verdim və Faiq Zöhrabovun kursuna qəbul olundum.

Aktyorluğun da rəhbəri Ötkəm İsgəndərovdur, qaynarlığım onun xoşuna gəldiyindən məni Dram Teatrına kütləvi səhnələrə göndərdi. Orda Mir Cəlalın “Dirilən adam”, İsmayıl Şıxlının “Ölüləri qəbristanlıqda basdırın” tamaşalarında oynadım. Sonra gördüm ki, bir yerdə dayanmaq məni qane etmir, hərəkət, plastika məni cəlb edir. Yollandım Pantomima Teatrına Bəxtiyar Xanızadənin yanına. Ondan əvvəl bir dəfə də onun yanında olmuşdum demişdi ki, ayın 15-i gələrsən, həmin ayın 15-i mən əsgər getdim. Bunu da özünə dedim, dedi ki, deyirəm axı, nə əcəb səni götürməmişəm. Artıq 6 ildir o teatrda çalışıram. Baş rollarım da var. Ümumiyyətlə, Bəxtiyar müəllimin strukturunda baş rol, qeyri-baş rol yoxdur.

- Mən o teatrda sizi “Məlikməmməd” tamaşasında div rolunda görmüşəm.

- O tamaşa Moskvada müxtəlif xalqların mədəniyyətləri sərgisi üçün hazırlanmışdı. Sərgidən sonra Bəxtiyar Xanızadə tamaşanı tamam dəyişdi, öz stilinə saldı. Orda elə bir tamaşa yoxdu ki, onu iki dəfə ardıcıl eyni formada oynayaq, hər tamaşada Bəxtiyar müəllim yeniliklər, dəyişikliklər edir. Mənə deyəndə ki, divi belə yox, başqa cür oynayacaqsan. Dedim Bəxtiyar müəllim, div başqa necə olar, nağıllarda oxumuşuq, kinolarda görmüşük, elə də oynayacam də. Dedi yox, fərqli olacaq, oynadıq, tamaşaçı qəbul etdi. Bəxtiyar müəllim, mənə dedi ki, gördün? Bu hələ başlanğıcdır.


Çəkildiyi ilk filmdə pauza edib özünü axtarıb

- Başqa hansı tamaşalarda oynayırsınız?

- “Maska”, “Uçuş”, “Zibillik pərvanələri”, “Dulusçu”

- O tamaşalar Pantomimanın köhnə tamaşalarıdır, yəqin siz Pərviz Məmmədrzayevin oynadığı rolları oynayırsınız?

- Demək olar ki, fakturamız oxşayır ona görə. Onun yerinə mən oynayıram. “Leyli və Məcnun”da Məcnunu da indi mən oynayıram. Artıq iki pantomim tamaşa da hazırlamışam, rejissor kimi. “Dejavi”ni Səbinə Hacıyeva ilə birgə hazırlamışıq. Birini Bekketin əsərlərinin motivləri əsasında “Qaranlıq” adında təkbaşına qurdum. Hələ universitetdə oxuyanda mən sübut etməyə çalışırdım ki, mən musiqili teatr rejissorluğu fakültəsində oxuyuram, yalnız musiqili komediya deyil, musiqili pantomima da qura bilərəm, balet də, opera da.


- Bu baxımdan ustad kimi hesab edirsən, universitet təhsilini, yoxsa təcrübədə öyrəndiyiniz müəllimi?

- Yalnız Bəxtiyar Xanızadəni ustad hesab edirəm, həm də yalnız mən yox. Ondan öyrənənlər bu gün də çoxdur, sabah da olacaq.

- Film sarıdan da bəxtiniz pis deyil...

- İlk dəfə Rövşən Almuradlı “Cavad xan” filmində mürid roluna çəkdi. Düzdür, öz yerimi pauza edəndə gördüm ki, deyəsən, mən də ekranda göründüm, amma mənim üçün o çəkiliş meydanında olmağın özü bir məktəb idi. Oqtay Mirqasımovun “Günaydın, mələyim” filminə də çəkilmişəm, burda artıq epizodda varam. Üçüncü rol Ələkbər Muradovun “Sonuncu Dərviş” filmində Ağaəli obrazı oldu. Sonra da Ülviyyə Könülün “Hanı Vəkil?” filmində vəkil obrazı, baş rol. Mən sadəcə sınaq çəkilişlərinə gələn aktyorlardan ən axırıncısı idim, taleyin işidir, keçdim. Mənim üçün çox maraqlı film oldu. Plastika köməyimə çatdı, elə hərəkətlər vardı ki, özüm tapmışdım, xoşlarına gəldim. İki obraza düşdüm, biri kişi, biri də qadın obrazı idi. Saqqala vidalaşmaq asan olmadı, çəkilişlərdən sonra indiyə qədər saqqal saxlayıram.

- Yeri gəlmişkən, saqqal imicdir, sizcə fakturanı tamamlayır?

- Aktyor görkəmi ilə başqalarından fərqlənməli, seçilməlidir. Görən hər kəs bilsin ki, incəsənət adamıyam. Məsəl üçün sınmış qulaqdan, burundan boksçu tanınır. Ştanq qaldıran muskullarla tanınır. Bu da aktyor görkəmidir.

- Qadın qiyafəsinə girmək yalnız saqqala vidalaşmaq baxımından çətin idi?

- Məndən Ülviyyə xanım birbaşa soruşdu ki, qadın rolu oynaya biləcəksən? Dedim hə, çünki biz kənardan Hollivud aktyorlarına qibtə edirik ki, yüksək səviyyədə yaşayırlar, nə rollar oynayırlar. Heç vaxt düşünmürük ki, onlar nələrdən keçirlər, qadın rolu oynamaqdan imtina etmək heç ağıllarına gəlmir.

- Gözəl qadın obrazı yaratdınız

- Çox sağ olun, evdə gəlinimizdən, teatrda aktrisalarımızdan, çəkiliş meydanında Sənubər İsgəndərovadan öyrəndim Fikir vermisiniz qadın rolunda hərəkətlərim Sənubərin hərəkətlərinə bənzəyir. O qədər izləyirdim ki, onu acığı tuturdu ki, gözlərini çək məndən. Özü də gözəl xanımdır, əsil xanımdır.

- Amma sizə əsil xanım obrazı lazım deyildi, axı rolda qadın qiyafəsinə girmiş kişi idi obrazınız?

- Düzdür, amma bu da estetik olmalıdır ki, tamaşaçı onu üzdəniraqlara oxşadıb qıcıqlanmasın.

Erotikaya da çəkilərəm, amma...

- Bayaq dediniz ki, hollivud aktyorları qadın obrazına çəkilməkdən imtina etməyi ağıllarına belə gətirmirlər, onlar erotik filmlərə də çəkilirlər, bəs siz çəkilərsiniz?

- Hər şeyin qədərində olduğu bir film olsa çəkilərəm. İndi Şamil Əliyevin “Çölçü” filminə çəkilirəm, orda çöl şəraitində qızla göldə çimmək səhnəsi var. Çılpaqsan, amma bütöv görünmürsən. Filmdəki artıq mən deyiləm, özümü deyil, yaratdığım obrazı realizə edirəm.

- Çölçü rolundasınız?

- Bəli

- Deməli, yaxşı başlanğıcdır, pauza edib özünüzü kadrda axtardığınız filmdən o qədər də vaxt keçməyib, amma artıq baş rollara gəlib çıxmısınız...

- Şükür, hələ başlanğıcdır, gələcək qabaqdadır.

- Vəkil roluna görə nə qədər qonorar aldınız?

- 7 min manata qol çəkdim. Vergiyə çıxıldı, mənim rolumu səsləndirənə qonorarın 25 faizi verildi, qabarıq dişlərim düzəldildi, min iki yüz manat da ona getdi. Əslində onu qonorara yox, filmin işinə aid etməli idilər. Sonda üç min manat aldım.

- “Çölçü”də ondan çox olar?

- Razılaşmışıq, çox yuxarıdan gedəndə də sonda rolsuz qalırsan, amma müəyyən ortaq məxrəcə gəldik. “Çölçü”yə təsdiq olunmağım da bir az da “Hanı Vəkil?” filminin də bu filmin də operatoru Rafiq Quliyevdən oldu. Vidadi Həsənovun ssenarisinə görə çölçü fiziki baxımdan cüssəli adam idi, rejissor onun xarakterini dəyişdi. Bu daha çox sufi baxışlı bir çölçüdür. Bəxtiyar Xanızadə sağ olsun ustad dərsləri film çəkilişlərində də yardımçı olur. O, olmasa bizi süstlük basar.

- Arzusunda olduğunuz rol var, o rola görə aktyor olmaq istəmisən?

- Əvvəllər Hamleti oynamaq arzusunda idim, indi yox. Düşünürəm ki, sadəcə sənətini sevsən bütün obrazlar sənin üstünə biçiləcək. Bəxtiyar müəllim həmişə deyir ki, başını sal aşağı işini gör, uğur gəlib tapacaq səni. Teatrda Şah İsmayıl Xətaini oynamaq istəyərdim, fakturam da oxşayır, qoy, rejissorlar eşitsin.

- Şah İsmayıl haqda tamaşa, kino da yoxdur, deməli perspektiv var...

- Bir də ümumiyyətlə xarakterik obraz oynamaq istəyirəm, nədənsə məni daha çox lirik-romantik janrda görürlər. Bu yaxınlarda daha bir film olacaq, narkoman obrazı oynayacam. Bu artıq xarakterik obrazdır.

- Bir gənc aktyor, rejissor kimi Azərbaycan filminin uğurunu, uğursuzluğunu nədə görürsünüz?

- Dramaturgiyada. Uğur dramaturgiyadadaır, uğursuzluq onun olmamasındadır. Ən uğurlu filmlərimiz sanballı əsərlərdən ərsəyə gəlib. “O olmasın, bu olsun”, “Arşın mal alan”, 7 oğul istərəm”, “Təhminə və Zaur” filmləri əsərlər əsasında yaranıb. Bir də həm kinonun həm də teatrın uğurunun təməli İncəsənət Universitetində qoyulur. Bu gün o ali ocaqda elə müəllimlər var ki, onlara müəllim demək günahdır. O, neçə yetişdirsin, nə yetişdirsin? Artıq yeni düşüncəli gənclər dərs deyib yetişdirməlidirlər.

- Elə bir gəncin adını çəkin ki, o, artıq yetişdirmək qabiliyyətinə malikdir?

- Məsələn, Gənc Tamaşaçılar Teatrında Nicat Kazımov həm gözəl tamaşalar qurur və eliyə bildiklərini də öyrətməyə qadirdir. “Yuğ”da da elə gənclər var, Gülzar Qurbanovanın özü. Sadəcə onlara yol açmaq lazımdır ki, gəl, yetişdir. Elə kurslar olub ki, bu gün bütün kurs Azərbaycan teatrının qaymaqlarıdır. Niyə? Çünki 10 nəfər hazırlanırdı, amma onu da aktyor kimi yetişdirilirdi. İndi 50 nəfər aktyor, o qədər də rejissor buraxılır, heç biri də o iş üçün hazır deyil. Qəbula gələn uşaqların Adil İsgəndərovdan, Tuqanovdan heç xəbərləri yoxdur. Soruşuram imtahanı kim götürürdü, Adil İsgəndərov, yoxsa Tuqanov? Deyir sarı saç idi, yəqin Tuqanovdur. Bunu niyə qəbul edirsən? Gənc müəllim gəlsə yetişdirdiyi tələbələrlə özünü təsdiq etməyə çalışacaq. İstedadlıdırsa yetişdirəcək, tələbələri ona oxşamağa çalışacaqlar. Yaşlı nəsil də olsun, ona görə ki, gənclər onlardan mənimsəsin.


Ramilə QURBANLI
# 1384 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #