Gözlənilməz qonaq - Əbdül Səfabəyli

Əbdül Səfabəyli

Əbdül Səfabəyli

7 dekabr 2022
# 17:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Əbdül Səfabəylinin "Gözlənilməz qonaq" hekayəsini təqdim edir.

İnstitutun hündür pəncərəli geniş koridorundakı qapılardan birinin qarşısında tələbələr imtahanı müzakirə edirdilər.

Koridorun o biri başından tələsik addımlarla yaxınlaşan cavan əvvəlcə nigaran baxışlarla kimisə axtarmağa başladı, nəhayət, tapıb sevincək ona yaxınlaşdı:

- Zeynal,yarım saatdır səni gözləyirik!.. Niyə durmusan?..

Divara söykənib tutqun nəzərlərlə qapıya baxan Zeynal könülsüz səsə döndü:

- İlişdim...Ruzvelt...Mən hələ belə axmaq vəziyyətə düşməmişdim.

-Hara ilişdin? Niyə ilişdin?

-Zarafatı qurtar, Ruzvelt... Mən nə bilim, bu belə kinli eşşək imiş!

-Yaxşı, kimə ilişmisən?

-Semestrin əvvəlində elmi jurnalda İslam müəllimin məqaləsini oxudum. Dilimə, – Zeynal əlini ağzına aparıb elə sərt hərəkət etdi ki, sanki dilini dibindən qoparıb atacaqdı, - ox bataydı...! İslam müəllim məqalə barədə fikrimi bilmək istəyəndə bəzi iradlarımı dedim. Mən nə bilim ki...

-Bunun bugünkü imtahana nə dəxli var? “5” almamısan?

-Bütün suallara cavab verdim, hələ əlavə nə qədər də soruşdu. Amma... “Cavabların zəif oldu, “4” verirəm”. Əvvəl elə bildim zarafat eləyir, dodağım qaçdı: “müəllim, belə niyə?” “Sən heç “4”-ə də cavab vermədin. Əgər razı deyilsənsə, gözlə imtahanın axırını, bir də soruşaram...” Mən bilirəm, o elə edəcək ki, “3”-ə də şükür edəcəm... Ruzvelt, sən Aytənə de, Fəridəni birtəhər inandırsın, qayıdın... Ya da... Nə olar e, bu dəfə mənsiz gedin teatra. Mən ən azı 2 saat burda olacam.

Ruzvelt əlini alnına sürtüb nəsə fikirləşməyə başladı. Qaşları düyünləndi. Çiyni üzərindən tərs-tərs qapıya baxdı.

-Ruzvelt, sənə qurban olum, burda durma! Fəridə gəlib məni bu vəziyyətdə görsə hirsimdən heç “3” də ala bilməyəcəm!

Ruzvelt dönüb ağır addımlarla koridorun axırına getdi. Amma nə fikirləşdisə dayandı. Zeynalın iki əllə “get!” işarəsinə məhəl qoymadan təzədən qayıtdı.

-Bura gəl, -deyib Zeynalın qoluna girdi.

-Hara gedirik?.. Mən imtahan verməmiş heç yerə...

Ruzvelt Zeynalın qulağına nəsə pıçıldayıb onu sakitləşdirərək qapılardan birinə yaxınlaşdı.
Geniş bir otaqda divar boyu şkaflarda kitablar düzülmüşdü. Otağın o biri başında kiçik stol arxasında ağ xələtli qız jurnala nəsə yazırdı.

- Səlimə, imtahandan “əla” almışıq! Bunu da bizdən qəbul elə...-deyə Ruzvelt cibindən çıxardığı şokolad plitkasını stolun üzərinə qoydu.

- Sağ ol. İndi hansı kitab lazımdı?

- Heç bir kitab yox, bax bu! –deyə Ruzvelt stol üstündəki telefonu göstərdi. –Qısası, məxfi bir zəng etmək istəyirəm.

- Yaxşı, uşaqlar, mən 5 dəqiqəyə gəlirəm.

Səlimə otaqdan çıxan kimi Ruzvelt nəyə görəsə əlini ağzına tutub, boğuq səslə bir neçə dəfə öskürdü. Boğazını arıtlayıb, təntənəli ədayla dəstəyi götürərək nömrəni yığdı və gözlənilmədən ağır, təmkinli səslə:

- Fizika kafedrasıdı? – deyə soruşdu. –Qızım, İslam müəllim hardadı?.. İmtahanda? Deyin, rektor İsmayılov onu telefona çağırır... Bəli, gözləyirəm.

Zeynal nəsə demək istədi, Ruzvelt üzünə qorxunc ifadə verib, əli ilə onun ağzını qapadı.

- İslam müəllim? Sizi işinizdən ayırdım... İmtahan necə gedir?... Çox yaxşı... Sizdə bir tələbə var. Adı ...-Ruzvelt stol üzərindəki ağ kağızlardan birini götürüb əlində ovuşdurdu. –Hə-ə... Zeynal Cabbarlı. İndicə onun atası zəng eləmişdi. Mən də dedim ki, Zeynal bizim əlaçımızdı, narahat olmasın. Bəli... Çox gözəl.

Ruzvelt dəstəyi yerinə qoyub, Zeynala tərəf döndü:

- Tez ol, təcili gir imtahana!..

Ruzvelt imtahan gedən auditoriyanın qapısından gözünü çəkmirdi. Nəhayət, qapı açıldı və Zeynal pərt vəziyyətdə koridora çıxdı. Ağır addımlarla Ruzveltə yaxınlaşdı. Boş auditoriyaya girdilər.

- “2”?

- Yox...

- “3”?

Zeynal başını buladı.

- Bəs onda mısmırığını niyə sallamısan, ay naşükür? Deməli, mənim aldığım “4”-dən biri də sənə? Ura-a!

- Ruzvelt...mənim İslam müəllimə yazığım gəldi... Qorxa-qorxa soruşdu ki, mən rektorun nəyiyəm? Üzrxahlıq elədi...

- Əlindən öpmədi?

- Nə?.. E-e, yenə başladın də... mənə “5” yazanda...

-Be-eş?!. Qardaş, indi mənim ürəyim, -deyə Ruzvelt “əsəbi” şəkildə sinəsini ovuşdurmağa başladı, -acığdan partlamasın, neyləsin?!

- Ruzvelt...

- Ə, nə Ruzvelt?! –Ruzvelt barmağını silkələyib tavanı göstərdi. –Prezident Ruzvelt!

Qəfildən Ruzvelt qollarını yana açıb: -İ-ə!!!-deyə qiyyə çəkdi və gözünü yumub rəqs etməyə başladı.

Zeynalın get-gedə qırışığı açıldı və əl çalıb, Ruzveltə takt tutmağa başladı. Ancaq rəqs çox çəkmədi. Zeynəl nəsə burnunu qırışdırıb, diqqətlə ora-bura baxmağa başladı. Nəhayət, pəncərəyə yaxınlaşıb nə gördüsə geri çevrilib qışqırdı:

- Ruzvelt, qonşu auditoriyada yanğın var!

Sonrakı anda hər ikisi qapıya atıldı.

***
Gecə idi.

20-22 yaşlı cavan “Mersedes”i gur işıqlı küçədən çoxmərtəbəli binanın zirzəmisinə yönəltdi...

Dəhlizdə qapını açıb ehtiyatla içəri girdi. Böyük otağa keçdi. Televizorun qabağındakı kresloda oturub pultu götürdü.

Kanallardan birində diktor:

- ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzə demişdir ki, Qarabağ probleminin optimal həlli tərəflərin arasında konsensus...

Kanalın o birisində Azərbaycan Prezidenti İlham Əliyev:

- Biz Azərbaycan torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcəyik!

Üçüncü kanalda diktor:

- Ermənilər bütün dünyada erməni soyqırımının il dönümünü qeyd etmək üçün Yerevanda soyqırım abidəsinə yürüş...

Növbəti kanalda İngiltərə futbol çempionatından matçın reportajı gedirdi. Top qapıdan keçəndə cavan sevincindən necə atılıb düşdüsə bir neçə saniyə telefon zənginin səsini eşitmədi. Sonra da təəccüblə divar saatına baxdı: 01:15 idi.

- Zeynal sənsən?

- Yox onun oğlu Ramizdi. Atam yatıb.

- Xahiş edirəm, oyat. De ki, onunla Prezident Ruzvelt danışmaq istəyir.

Bu vaxt adam oyadarlar?.. Prezident?

Cavan yataq otağının qapısını azca araladı:

- Ata... səni telefona çağırırlar... –atasının qurcalansa da durmaq fikri olmadığını görüb əlavə etdi: -səninlə... prezident Ruzvelt danışmaq istəyir.

- Qələt eləyir... Denən, iş vaxtı...gəlsin yanıma.

Amma cavan qayıtmağa macal tapmamış qəfildən Zeynal yerindən qalxıb otağa keçdi:

- Alo... Bəli, mənəm...Ruzvelt? Hardan danışırsan?.. Dayan, qoy yazım... “Rustaveli” kafesi?.. VI gün?.. Saat 12:00-da... Aydındı.

Zeynal kresloya yayxanıb gözlərini yumdu. Dərindən nəfəs aldı.

- Ata,kimlə danışırdın?

-Desəm də tanımayacaqsan...Prezident Ruzvelt... Səndən xahiş edirəm, bu zəng barədə heç kimə bir söz demə. Heç anana da.

Ramiz təəccüblə qaşlarını dartdı.

***
Fəridə xanım bir müddət ərinin tez-tələsik yığışmasına baxıb:

- Başa düşmürəm, - dedi. – Gürcüstana ezamiyyətə getməyə niyə belə sevinirsən? Sən ki...

- Bu dəfəki ezamiyyət... –Zeynal ciblərini yoxlayıb hər şeyin yerində olduğuna əmin oldu. –Yaxşısı budu... gələndən sonra danışaram. Narahat olma, ən uzağı sabah axşama evdəyəm. Ramiz, sənə tapşırdığım yadından çıxmasın.

Fəridə xanım sualedici nəzərlə Ramizə tərəf döndü.

-Atam tapşırıb ki...səndən muğayat olum.
***


Sağda günəş təzəcə üfüqdən ayrılmışdı. Solda Heydər Əliyev adına Beynəlxalq aeroportdan təyyarə “yavaş-yavaş” səmaya qalxırdı...

Tbilisi aeroportu. Təyyarə “aram-aram” yerə endi.

Zeynal camaata qarışıb, aeroportun binasından çıxdı və taksilərə yaxınlaşdı.

***


Gecə idi.

Qapı zənginə həm Ramiz, həm də Fəridə xanım ayağa durdular.

-Atamdı, -deyə Ramiz sevincək gözlükdən çəkildi. –Yanında da...
Qapı açıldı və Zeynalla birlikdə içəri ağsaç bir kişi girdi.

-Fəridə, diqqətlə bax, -hiss olunurdu ki, nəyə görəsə gülümsünən Zeynal sərxoşdur, - bəlkə bu adamı tanıyasan?

Ramiz səbirsizliklə anasının nə deyəcəyini gözləyirdi.

-Ah, -Fəridə xanım təəccüblə içini çəkdi. –Ruzvelt?!

-Hə, hə!.. Özü də Prezident Ruzvelt! –deyə Zeynal sevinclə əl çaldı. – Ramiz, indi sən kirvən Prezident Ruzveltlə şəxsən tanış ola bilərsən!

İçəri girən andan mat-mat ətrafındakılara baxan Ruzvelt Ramizi qucaqlayıb öpdü, sonra da çiynindən tutub qaldırmaq istədi:

-Yox, daha gücüm çatmır.

Fəridə xanım gülümsünüb:

-Ruzvelt, xoş gəlmisən, -dedi. –Keçin içəri.

***

Söhbət böyük otaqda açılmış stol arxasında gedirdi.

-Bizim uşaqlardan çoxunu itirmişəm...

Oktay yadına gəlir?

-Pinqvin Oktay?

-Ho-ho-ho!.. İndi o Londonda şirkət rəhbəridi. Küçədə şəkli bütün vitrini bəzəyir... Sabah Elmanın oğlunun toyudu.

-Qamış Elman? Gözündə də...
-Qamış Elmandan bircə dənə elə gözündəki o domba şüşəli eynək dəyişilməz qalıb. Ağır çəkili Yapon sumo güləşçisi!..

-Nə danışırsan?!

-Ho-ho-ho!.. Sabah görərsən.

Fəridə xanım söhbətə qoşuldu:

-Ruzvelt, ailən haqda danış. Oğuldan-qızdan nəyin var?

-Bircə oğlum vardı,5 yaşında. –Ruzveltin qaşları düyünləndi. –Arvadım biləndə ki, xərçəngəm... Üç aydı boşanmışıq.

-Bəs həkimlər nə deyirlər? İndi xərçəngi müalicə edirlər axı.

-Onsuz da, bezmişəm belə həyatdan... Mənim bəxtim gətirmədi, Fəridə.
Ortalığa ağır sükut çokdü.

-Ən əsası odu ki, indi sizin yanınızdayam. Bakıya düşən andan elə bil başqa planetdəyəm.
Zeynal:

-Darıxma. Sabah sənin bu planetə yaxından baxmaq üçün kifayət qədər vaxtın olacaq.

***

Sübh çağı idi.

Şəhərkənarı şose yolu ilə şütüyən “Mersedes”də oturmuş Zeynal radionu qurdaladı.

-Səhər konsertinə başlayırıq. Rəqs havaları veririk.
Maşın sağa dönüb, torpaq yola keçdi və ağacların arasında gözdən itdi...

“Mersedes” bir talada dayanmışdı. Zeynal və Ruzvelt musiqi sədaları altında gah maşının, gah da bir-birinin başına fırlanıb rəqs edirdilər...

***

Bura Zeynalın iş kabineti idi.
-Məndə bizim uşaqların bəzilərinin telefonu... –Zeynal uzunsov bir dəftərçə çıxarıb vərəqlədi. – Mürsələ zəng edək? – Zeynalın işarəsi ilə Ruzvelt qabağındakı telefonlardan birini götürüb qulaq asmağa başladı. –Alo!.. Mürsəl!.. Sənin ad günün aprel ayında deyil?.. Əşi, hədiyyə almışam, yadımdan çıxıb kimə bağışlamalıyam: sənə, yoxsa Yaşara... Əla kostyumdu... Ölçüsü? Deyəsən, 56-dı... Rəngi? Sarı... Ho-ho-ho... Deməli, Yaşara...
Ruzvelt dəstəyi yerinə qoyub təbəssümlə:
-Səsi heç dəyişməyib, - dedi.
-Daha kimə zəng edək? Əkbər, Gülnaz, Nazim...
-Sən onun...telefon nömrəsini bilmirsən?
Zeynal Ruzveltin baxışlarından başa düşdü ki, söhbət kimdən gedir.
-Məsləhət görmürəm... Özün bilirsən ki...
-Bu neçə ildə sizin hamınız dəfələrlə mənim yuxuma girmisiniz. Həmişə də mənə yaxınlaşıb soruşursunuz ki, onu görmək istəyirsən? Deyirəm : “hə, əlbəttə”. Məni sakitləşdirirsiniz ki, “narahat olma, o bu saat gələcək”. Səhərə kimi sizinlə danışıram, gülürəm və gözləyirəm. O isə gəlib çıxmır.
Zeynal qaşlarını çatdı. Təzədən dəstəyi götürdü.
-Alo...qızım, ananı çağır...de ki, Zeynal dayındı... Salam, Aytən... Vəziyyətiniz necədi?.. İlqardan nə xəbər var?.. 10-cu kalondadı? A-a, Səlyan tərəfdə... Gəlib-getmək çətin olmur?.. Sənin bankdakı vəzifəni böyütmüş olarlar?.. İşdən çıxarıblar?.. Hm... Sizə kömək lazım olsa...
Zeynal dəstəyi yerinə qoyub başını buladı. Çevriləndə:
-Ruzvelt... E-e! Sənə nə oldu?
Ruzveltdən səs çıxmadı. Zeynal durub ona yaxınlaşdı:
-A kişi, ey! –Ruzveltin yenə dinmədiyini görəndə onu özünə tərəf çəkdi, Ruzveltin başı heysiz vəziyyətdə yana əyilməyə başladı. –Di, yaxşı görək!.. –Ruzveltin boynundan tutub bir neçə dəfə aşağı əydi.
Nəhayət, Ruzvelt özünə gəlib, gözlərini geniş açdı. Heç nə olmayıbmış kimi dalğın səslə:
-Ağlıma gəlməzdi ki, -dedi, -mən nə vaxtsa onun səsini bir də eşidərəm... İlqar onun əridi?
-Hə... İki ildi həbsxanadadı. Hələ 3 ildə oturacaq.

***

Zeynal və gözündə tünd şüşəli iri eynək olan Ruzvelt idarə binasından çıxıb, tələsik addımlarla “Mersedes”ə yaxınlaşdılar.
-Əvvəl şəhəri gəzək, -deyə Zeynal maşının qapısını açdı...
“Mersedes” gah Hökumət Evinin, gah S.Vurğun bağının, gah Qız qalasının, gah Fizuli heykəlinin qarşısında dayandı. Ruzvelt bir neçə dəfə fotoaparatla şəkillər çəkdi.
“Mersedes” Neft Akademiyasına çatanda Zeynalla Ruzvelt maşından düşüb tələbələrə qarışaraq içəri keçdilər...
-Yadına gəlir, Nazim əla bir kəlam demişdi: “bu institutda kişilərin sayı siyahıda göstərilənlərdən bir nəfər çoxdu, çünki birinci yerdə Şərqiyə müəllimə durur.”
-Gedək onunla görüş, mən qıraqdan baxım.
- Şərqiyə xanım çoxdan... rəhmətə gedib.
-Nə danışırsan?! O ki, çox elə yaşlı deyildi.
-90-cı ilin yanvarında Bakıya Sovet Ordusu hücum edəndə institutumuzun tələbəsi həlak olmuşdu. Bu hadisədən də Şərqiyə müəllimənin beyninə qan sızdı...
-Dayan... Bu auditoriya yadına gəlir?
-Bura?.. Demosfenin mühazirə dediyi Fəlsəfə kafedrası?
-Yox, Sabir müəllim üçüncü mərtəbədə idi. Burda...yanğın olmuşdu! Yadına gəlmir?.. Şükür! Yadına düşdü!.. Bir moment tüstünün içindən qapqara bir adam üstümə çıxdı, -deyə Zeynal sifətinə dəhşətli bir ifadə verdi. – Ağlıma gəldi, ki, alov-tüstü bunun üzün yandırıb qaraldıb. Gətirdiyim suyu əndərdim onun təpəsinə! Sən demə, bu mərakeşli tələbə imiş, ho-ho-ho!..

***

“Mersedes” şəhərin küçələri ilə şütüdüyü zaman içəridə qızğın söhbət gedirdi. Gah Ruzvelt şaqqanaq çəkib gülürdü, gah Zeynal uğunurdu. Hərdən də Ruzvelt haralarısa göstərərək nəsə soruşur, Zeynal da izahat verirdi.
-Qardaş, başımız qarışıb, -deyə Zeynal zənnlə güzgüyə baxdı, -deyəsən, bizi güdürlər axı... Ruzvelt!
Başını pəncərədən içəri çəkən Ruzvelt:
-Hə? –deyə Zeynalın işarəsi ilə arxaya baxdı. –Güdürlər? Kim? -Bu suala cavab verməyinə dəyməzdi: “Mersedes”in arxasınca gələn “Nissan”dan başqa küçədə maşın yox idi.
-Sənin bura gəlməyini daha kim bilirdi?
Ruzveltin üzündəki təbəssüm yavaş-yavaş əridi, qaşları çatıldı.
-Yaxşı, narahat olma. Bu saat nəsə...bir şey...
Ruzvelt sanki Zeynalın sözlərini eşitmədi: alnını ovuşdura-ovuşdura nə barədəsə fikirləşməyə başladı. Nəhayət:
-Qulaq as, Zeynal, -dedi. –Mən, deyəsən, başa düşdüm... bu kimin maşınıdı... Sözün qısası...məni bura göndəriblər ki...Bakıda hansısa mühüm bir binada böyük partlayış törədim.
-Nə-ə?! Sən dəli olmusan?!
-Sakit ol, Zeynal... Onlar onsuz da bura adam göndərəcəkdilər. Mən olmasaydım başqası gələcəkdi... O qədər sevindim ki... –Zeynalın çevrilib ona tərs-tərs baxdığını gördükdə acı-acı gülümsündü: -Səni, uşaqları, Bakını... onu görəcəyimə sevinmişdim.
-Yaxşı, sən ki, əliboş gəlmisən? Necə partladacaqsan?
-Bombanı burda mənə nişan verilən yerdən götürəcəm.
-Əhsən! Deməli, mən də oluram bu əməliyyatda iştirak edən terrorçulardan biri?!.
“Mersedes”lə “Nissan” geniş prospektə çıxıb başqa maşınlara qoşuldular.

***

Bomba qara rəngli sellofan torbada idi. Və Ruzvelt bu torbanı, görünür, ağır olduğuna görə çiynində tutaraq köhnə bir binanın tinindən çıxıb “Mersedes”ə yaxınlaşanda Zeynal əlini yelləyib istehza ilə dedi:
-Adə, indi bu şoqərib əlimizdə partlasa...
“Mersedes” yerindən tərpəndi. Daha onları güdən yox idi.
-Bu zibili nə vaxt dediyin yerə qoymalısan?
-Bu gün, axşam. Qoyan kimi də qayıtmalıyam. Məni sərhəddən özləri keçirəcəklər.
Bunu partlatmaq isə...-Ruzvelt çevrilib sərt nəzərlə arxa oturacağa qoyduğu bükülüyə baxdı.- Mən onlara xəbər verəndən sonra baş tutacaq.
-Oyunun olsun, Ruzvelt!.. Tfu!... - deyə Zeynal hirsindən başına qapaz çəkdi.
-Saat neçədi?
-16:35. Toy 18:00-da başlayır.
-Deməli, hələ vaxtımız var.

***

Toyun şıdırğı gedən məqamı idi.
Ruzveltlə Zeynal gözdənuzaq stollardan birində oturmuşdular.
-Bax, üzbəüzdəki stolda yaşıl paltarlı xanımın yanındakı qırmızı qalstuklu kişi kim olar?
-Yəni bizlə oxuyub o? Tanımadım... Dayan! Bu... Elşən deyil?.. Yanındakı da qızı olar, hə?
-Adə, arvadıdıye...
Rəqs edən dəstədən yekəpər bir kişi çıxıb əllərini yana açaraq başını əsdirə-əsdirə Zeynalgilin stoluna yaxınlaşdı.
-Diqqət, Ruzvelt! Tanıdın?.. Bu Elmandı. Özünü elə tut ki...
Ancaq Elman stola çatmamış Zeynal tez ayağa durdu və stol üzərindəki bıçaqların hərəsini bir əlində əsdirə-əsdirə “Ləzginka”nın sədaları altında Elmana yaxınlaşdı.
Stol arxasında oturanların başı yeməyə və söhbətə qarışdığından gözündəki qara eynəyin üzərindən rəqs edənlərə baxıb gülümsünən Ruzveltə fikir verən yox idi.
-Əziz qonaqlar! –deyə Elman çiyninə düşmüş qalstukunu düzəldib, əlini yuxarı qaldırdı. –Xahiş edirəm, bir dəqiqə!.. Bu gün mənim üçün əziz gündü! Oğlum Kənanın toyudu! Amma bundan da əziz gün mənə o vaxt qismət olacaq ki, torpaqlarımızı alçaq ermənilərdən geri alacağıq və mən kiçik oğlum Mehmanın toyunu Şuşada -dədə-baba torpağımızda, sizin kimi doğmalarımla birlikdə edəcəm! Xahiş edirəm, bu münasibətlə badələri qaldıraq!
Zeynal yerinə qayıtmaq istədi. Amma Elman qoymadı. Onun işarəsi ilə “Qaytağı” çalınmağa başladı...
Zeynal stola yaxınlaşanda Ruzvelti görməyib həyəcanla ətrafına baxdı. Yerinə oturub hirslə əllərini bir-birinə çırpan zaman arxadan səs eşitdi:
- Zeynal, sabah Elman güclü stress keçirəcək.
- Hardaydın, ə?
- Getmişdim toya pul yazdırmağa.
- Nə? Öhö – öhö – öhö... Çaşıb ad-familiyanı da?..
- Bəs necə.
Zeynal əli ilə təəccübdən sallanmış çənəsini örtdü və pıçıltı ilə soruşdu:
- Ruzvelt Malxasyan?
- Yox, Prezident Ruzvelt.
Zeynal başını buladı:
-Sən əcəlinlə oynayırsan, Ruzvelt. Birdən Elman elə indi siyahıya baxsa?
-Deyəsən, səni yenə rəqsə çağırırlar.
Zeynal bilmədi bu dəfəki dəvətə necə reaksiya versin. Nəhayət, könülsüz əvvəl qollarını, sonra özünü qaldırdı...
Rəqsin qızğın çağında Zeynal oturduqları stol tərəfə baxdı: Ruzvelt yenə qeyb olmuşdu.

***

Səs-küylü küçə idi.
Ruzvelt avtomat –telefondan nömrə yığırdı.
-Alo... İlqargildəndi?
-Bəli, mən onun atasıyam. Nə lazımdı, bala?
-Mən İlqarın yanından gəlmişəm. Sizə pul çatdırmalıyam. Sizə və...gəlninizə.

***

Ruzvelt taksidən düşüb bir-iki nəfərdən nəsə soruşaraq doqquz mərtəbəli binaların birinin qarşısında dayandı.
Tələsik addımlarla pilləkənləri qalxıb, axtardığı qapını tapanda nəfəsini dərmək üçün durdu. Bir neçə dəfə dərindən öskürüb, boğazını arıtladı. Nəhayət zəngi basdı.
Qapını açan nurani bir kişi idi.
-İlqarın atası sizsüz?
-Bəli, buyurun.
Ruzvelt içəri girən kimi ətrafına baxdı. Üzbəüz divanda 8-9 yaşlarında ciddi görkəmli, iri gözlü bir qız oturmuşdu.
-Əyləş, oğlum. Narahat olma, evdə başqa adam yoxdu, özümüzük. Bu da İlqarın qızı Xəyalədi.
-Day-day, bu gün səhər Səlyandan zondan çıxmışam... Yaman susuzlamışam... Çay içə-içə pulu da verərdim.
-Bu dəqiqə. Xəyalə, bala, anana de çay gətirsin.
Xəyalə durub qonşu otağa keçdi. Ruzvelt pencəyinin döş cibindən bir bükülü çıxartdı:
-İlqar mənə tapşırıb ki, -deyə pulu saymağa başladı, -sənə 500, onun arvadına da... 2000 dollar verim.
-Bu qədər pul ona hardan?
-Day-day...İlqar avtoritetdü. Bu yaxınlarda bizdə bir balaca o məsələ... şuxer düşmüşdü, nəçənniylər bizim xatanı şmon eləmişdilər. İlqar vaxtında işə qarışmasaydı .. Yaxşı qurtardıq. –İlqarın atasının pullara baxıb üz-gözünü qırışdırdığını gördükdə: -Narahat olma, -dedi. –Day-day, bu pullar təmiz pullardı, evimi satanda mənə çatan payımı...
-Hansı evi, ay bala?
Ruzvelt bir anlıq duruxdu, sonra gülə-gülə:
-Day-day, demək istəyirəm ki... təzəcə zondan çıxmışam, sevindiyimdən heç dəxli olmayanı da... üyüdüb tökürəm də. Bu, sənün 500 dolların, say... bu da 2000 dollar, gəlinivizün. Çay olsaydı...
-Ay bala, Xəyalə! Bəs anan harda qaldı?
Ruzvelt əvvəl pulu sayan qocaya,sonra isə dönüb diqqətlə qapıya baxmağa başladı. Nəhayət, qapı açıldı və... Xəyalə göründü:
-Baba, anamın ürəyi ağrayır. Dərman içib, uzanıb.
Ruzvelt bir müddət Xəyaləyə baxdı.
-Aydındı... Day-day, mən gedim. –Ruzvelt ayağa durdu. –Darıxmayın, İlqar da yəqin ki, amnistiyaya düşər, lap tez qayıdar.
-Allah ağzından eşitsin, bala.

***

Zeynal “Mersedes”i binanın dəhlizinə yaxın yerdə saxladığından Ruzvelt küçəyə çıxan kimi maşını tanıyıb ona yaxınlaşdı.
Nə Zeynal bir şey soruşmadı, nə də Ruzvelt dillənmədi.
Zeynal diqqətlə yola, işıqforlara baxıb, “Mersedes”i işıqlı küçələrlə ehtiyatla sürürdü. Ruzvelt isə öz dünyasında idi: donuq nəzərlərlə məchul bir nöqtəyə zillənib nə barədəsə fikirləşirdi.
Maşın şəhərdən çıxıb sürətini artırdı.
-Burdan Xaçmaza neçə kilometr olar?
-Bu sürətlə getsək 3 saatlıq yoldu. Gecə Yaşargildə qalarsan. Keçid məntəqəsinin rəisi onun qohumudu, problemsiz səni sərhəddən keçirər...
“Mersedes” Sumqayıtı ötüb yenə zülmətə qovuşdu.
-Mən bir az gözümü yumum, 10-15 dəqiqə, -deyə Ruzvelt oturacağı üfqi vəziyyətə saldı...
-Ata, necə olub ki, Ruzvelt indiyə kimi bizə gəlib-getməyib? Mən onu heç görməmişəm.
-Görmüsən. O qədər səni atıb-tutub ki... Axırıncı dəfə... kiçik toyun idi... Sənin iki yaşın vardı.
-Niyə elə Ruzvelti kirvə seçdiniz?
-Ruzvelt həm də mənim...qan qardaşımdı axı.
- Qan qardaşın?
- Hə... Biz institutda alovu söndürəndə üstümə yanan kitab şkafı aşmışdı. Ruzveltdən az qala yarım litr qanı mənə köçürtdülər... Fikirləşmişdik ki, toyumuzu III kursda, özü də bir yerdə edərik... Ruzvelt elə birinci gündən qrupumuzda Aytən adlı qıza vurulmuşdu. Həmişə təəccüblənirdim ki, bunlarınkı necə tutur: Ruzvelt zarafatçıl, Aytən qaraqabağ... II kursda Aytən 1-2 gün dərsə gəlmədi. Sonra məlum oldu ki, onu kiməsə nişanlamaq istəyiblər, razı olmayıb. Atası biləndə ki, səbəbkar Ruzveltdi, bir qırğın qoparıb ki... Axırı Aytənin neçə gün heç nə yemədiyini görüb əl çəkiblər. Sonra da ... mən gedib Aytənin atası ilə danışdım...
Maşın qaranlıq, kimsəsiz yolla sürətlə gedirdi. Ruzvelt uşaq kimi büzüşüb yatmışdı...
- Təsəvvür edirsən: mən-cavan uşaq, Aytənin atası da ki, çox zəhmli bir adam! Hələ Aytənin qardaşlarını demirəm. Dizlərim əsirdi-e!.. Nə məqsədlə gəldiyimi biləndə kişi hirsindən stola elə bir yumruq vurdu ki...
Bu rayon da Şabrandır. Zeynal sürəti azaldıb, küçələrdən keçərək düzənliyə çıxdı...
- Aytənin atasını razı sala bildim, amma bir şərtlə: toy olacaq institutdan sonra... İnstitutu qurtaran ili Aytənin babası rəhmətə getdi. O biri il Qarabağ müsibəti başladı. Sonra da 20 Yanvar gəldi və hər şey bitdi...
“Mersedes” Xaçmaz şəhərinə yaxınlaşırdı.

***

Telefon zənginə Ramiz oyanıb ayağa durdu.
-Ramiz, atanı durğuz. De ki...
-Ruzvelt dayı?!
-Prezident Ruzvelt, cavan oğlan!
-Bu dəqiqə, indi çağıraram!
Ramiz 2-3 sıçrayışla yataq otağına çatdı:
-Ata, Prezident Ruzvelt!
Zeynal yarıyuxulu vəziyyətdə telefona yaxınlaşdı, sanki ayılmaq üçün başını silkələyib dəstəyi götürdü.
-Zeynal, o bombanın partlaması barədə bir xəbər – zad eşitmədin?
-Adə, yox – e! Dəniz onu elə ağuşuna aldı ki... balıqlarla qarşılıqlı anlaşma və mehribanlıq şəraitində... Ruzvelt, inanmayacaqsan, indicə səni yuxuda görürdüm.
-Nə yuxu?
-Bir az gülməliydi...Keçən həftəki toy yadına gəlir?.. Görürəm ki, mən, Aytənin atası, bir də sən o toyda “Qaytağı” oynayırıq. Fikirləşirəm ki, şükür, daha Aytənin atasıyla lap doğmalaşmışıq, deməli, hər şey yaxşı olacaq.
-Zeynal,icazə ver,mən də bir gülməli xəbər verim, -telefondan Ruzveltin istehzalı səsi eşidildi.-Mən Moskvaya gələn günün səhərisi qohumlar məni klinikaya, həkim müayinəsinə apardılar.
-Ruzvelt, qohumların sənin üstündə əsməyində gülməli nə var? Sən də hər şeyi ürəyinə vurma!
-Yox, qardaş , nə incimək ? Əksinə... həkim aydınlaşdıdı ki... heç deməyə də dilim gəlmir.
Zeynalın qəfildən gözü yaşardı, əlləri titrədi , həyəcanla üzünü ovuşdurmağa başladı.
-Ruzvelt... o həkim çox axmaq adamdı ki... yox əşi, o heç həkim deyil! Ağlına gələni... dərhal dilinə gətirib.
-Hə... məlum oldu ki... mən xərçəng deyiləm .
- A- a?!. Bəs nəsən?
-Adi... sağlam adam.
Zeynal dik atıldı:
-Doğrudan?! Ho-ho-ho!... - Sonra isə telefonu kresloya atıb təəccüblə ona yaxınlaşan Ramizin başına fırlana- fırlana rəqs etməyə başladı.
-Ata, nə baş verib?
-Sən demə, Prezident Ruzvelt turp kimi sağlam imiş!
Zeynal dərindən nəfəs alıb, yenidən telefonu götürdü:
-Prezident Ruzvelt, sən bizi çox sevindirdin! Mən də sənə şad bir xəbər verim... Dünən Fəridə ilə qərara gəlmişik ki, iki aydan sonra Ramizin xeyir işini başlayaq .
-İki aydan sonra ? Niyə bəs belə tez?
-Ayə,hələ nişanlayırıq - e. Əziz qonaq kimi səni də dəvət edirik , cənab Prezident!
-Məni də? Bakıya? Sizə gəlim? Niyə bəs belə gec?
-Ho-ho-ho-o!
-Zeynal, bilirsən ürəyimdən nə keçir?
-Belə fikirləşirəm ki, cənab Prezident...
-Dayan, dayan , Zeynal, qapı döyülür. Qardaşım oğlu olacaq. Bir saniyəyə qayıdıram.
Zeynal ona yaxınlaşan Fəridəyə:
-Ruzvelt sappasağlam imiş! - deyib gülümsündü, amma qəfildən nə eşitdisə büsbütün dəyişdi: -Ruzvelt!.. Ruzvelt, nə oldu orda ?!
Zeynal telefonda eşidilən güllə səslərindən diksindi, gözləri dəhşətdən bərəldi.
-Ruzvelt, sağsan!?
- Poloji trubku na mesto, podonok!
Fəridə Zeynalın yerindən tərpənə bilmədiyini görüb, ehtiyatla telefonu ondan aldı. Sonra da Ramizlə köməkləşib Zeynalı kresloya oturtdular.

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #